“Yoldaşın qarğa olsa, yediyin nə olar?”
(Azərbaycan ata sözü)
Tibbi idarəyə halal olsun, ona canımız qurbandır. Elə hökumətin başqa əlaqədar və qeyri-əlaqədar orqanlarına da. Bu boyda pandemiyanı yola verirlər, heç kimin tükü də tərpənmir. Məsələn, 1 ildən çoxdur toylar qadağandır, ancaq camaatın hamısı orada-burada evlənirmiş. Sən demə, belə bir praktika yaranıbdır: camaat yığışır hansısa restorana, çal-çağır, yemək-içmək, sağlıqlar-zad öz yerində. Yalnız bir fərq olurmuş ki, bəylə gəlin öz “uniformasını” geyinmir. Qəfil yoxlama salona girsə, burada toy yox, adi qonaqlıq mərasimi olduğunu isbat etmək üçün. Üzə dirənib qonşu masadakıları ümumiyyətlə tanımadığını söyləmək olar (guya bizdə pandemiyadan öncəki toylarda çox adam bir-birini tanıyırdı ki?)
Hərçənd şahidlər danışır ki, heç yoxlama qorxu-ürküsünə ehtiyac olmur, əraziyə nəzarət edən formalı yoldaşlar özləri qapıda dayanıb “bura bizlikdir” mesajını başqa formal yoldaşlara verirlər. Əlbəttə, müəyyən haqq müqabilində. İndi toy eləyəndə bu xərci də büdcədə nəzərə almaq lazım gəlirmiş. Hətta deyir arada toyxana sahibləri “Ata Abdullayevin haqqı”nı da toy yiyəsindən alırmış: “Məcburuq, bunu verməsək gəlib burnumuzdan tökəcək”. Lakin Ata müəllim əlaqədar orqanlar arasında haqsız rəqabətə dözməyərək vuruldu, sıxışdırılıb türməyə basıldı, o zamandan bu xərc maddələr arasından çıxarılmışdır. Buna da şükür, yoxsa gənclərin üzərinə ağır yük düşürdü, bəziləri toy gecəsi uğursuzluğuna düçar olurdu. Nəticədə vətənimizin demoqrafiyası zərər görə bilərdi. Lakin bu şad xəbəri də hörmətli oxucularla bölüşmək istəyirəm, Statkomun məlumatına görə, son 1 ildə Azərbaycanda doğulan uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. 53 faiz. İnşallah, böyüyüb hamısı əsgər və futbolçu olar.
Yeri gəlmişkən, srağagün futbol çempionatımıza yekun vuruldu, 8 komanda arasındakı turnirdə 1-i çempion oldu. Son 2 yeri tutan komanda ikinci diviziona yuvarlanandan sonra 6 komanda qalacaq, bunlar öz arasında ildə 3 dəfə oynayacaq. Növbəti illərdə isə “Neftçi” özü-özü ilə oynayıb çempion olacaqdır. Gözəl turnirdir, bu şəraiti yaratdığı üçün əlaqədar orqanlara dərin minnətdarlıq edirik.
Mövzudan uzaqlaşmayaq, pandemiyanın əsas qadağalarından biri maskasız gəzmək idi, burada da camaat haqqın yolunu bulmuşdur: hərə qulağına bir sap keçirib, çənəsindən əski asıb dolaşır. Sanki bu virus adama çənəsindən girirmiş. Aşıq bu yerdə vəziyyəti sazla təsvir eləməlidir: “Büllur buxaq, lalə yanaq, ay qabaq, Şahmar zülfü pərişanlar dolanır”.
Polis görəndə əskini azca yuxarı qaldırmaq olar, çoxu buna da ehtiyac duymur. Qohum var, rayona getmişdi, deyir o boyda rayonda yeganə maskalı adam mən idim, hamı dərhal başa düşdü ki, Bakıdan gəlmişəm, bazarda başqalarına 50 qəpiyə satılan şeyi mənə 5 manata sırıdılar.
Virusdan nə qədər adam öldü, neçə həkimi dama basdılar, işdən çıxarılanlar, saxta vaksin arayışları, vaksini yerə tökənlər… Bunlar da hərəsi xırda-mırda mövzulardır, yaddan çıxıb gedəcəkdir. Ən maraqlı yanaşmalardan biri tibbi idarənin anonslarıdır. Camaatın ürəyini bu istiqamətdə xeyli intizarda saxlamağı bacarırlar.
Örnək üçün, görürsən xəbər lentində anons verilib: “İdarədən toylarla bağlı açıqlama”. Lakin içini oxuyursan, görürsən dələduz müxbir belə bir şey cızmaqara edibdir ki, TƏBİB-ə toylarla bağlı sual verdik, dedilər heç zad bilmirik. Ta bu necə açıqlama oldu? Bu əslində örtülmədir. Yaxud son bir ildə “Metrodan xəbər var” başlığını bəlkə min dəfə görmüşük, içində çürük qoz da olmur. Uğurlu siyasətdir, camaatı il uzunu daim sığallamaqla müəyyən ehtirasa gətirmək mümkündür. Axırda da metronu açanda ora elə cumacaqlar sanki Luvr muzeyinə bilet alıblar, Cokondaya baxmağa gedirlər. Halbuki Tağı müəllimin orada yaratdığı vəziyyəti təmizləmək üçün neçə Herakl və neçə çay lazımdır – Statkom da hesablaya bilmir.
İndicə idarənin sözcüsündən xəbər aldım, deyir yayda çimərliklər…