Yaxşı ki, ötən əsrin 30-cu illəri deyil, bu hirs-hikkəylə, kin-küdurətlə, qərəzkarlıq və düşmənçiliklə insanlar bir-birini eyni amansızlıq və kütləviliklə məhv edərdi.
Qəddarlığın və qanunsuzluğun hökm sürdüyü o illərə dair çoxsaylı kitablar oxuyanlar, filmləri izləyənlər bilir, repressiya qurbanlarının çoxu heç də rəhbərlərin rəhimsizliyinin qurbanı olmayıb, insanların bir xeylisini əsasən qonşuluqda yaşayan, eyni kollektivlərdə çalışan adi adamlar güdaza verib.
Sərvət, mənsəb, üstün mövqe, fəxri ad uğrunda gedən əzəli və əbədi mübarizəyə atılmış adamlar bir-birini məhv etməyin ən asan yolunun donosbazlıq, şərləmə, “torbatikmə” olduğunu görüncə, əllərindən gələni əsirgəməyiblər və öz məqsədlərinə çatıblar.
Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad kimi parlaq ziyalılar belə “alçaq məqsəd”lərin qurbanı olub. Stalin nə tanıyırdı ki, Müşviq kimdir, nə yazır, yaxud Əhməd Cavad öz şeirlərində ay-ulduzdan bəhs edir. Bunu onları öz yolunda maneə hesab edən qələm yoldaşları ediblər, şairlərin sətirləri arasında eşələnərək, ora-bura yozaraq, “ifşaedici” donoslar yazaraq, “sinfi mübarizə” aparan orqanların nəzərinə çatdırıblar, öldürməyə adam axtaran bolşeviklər isə irəliyə, geriyə baxmadan amansız qərarlar çıxarıblar.
Nə qədər jurnalist, naşir, korrektor hansısa cümlədə buraxılmış bir hərf səhvinin (məsələn, Stalinə aid yazıda “qlavnokomanduyuşiy” əvəzinə “qavnokomanduyişiy” yazılmasına görə) güdazına gedib, nə qədər müəssisə rəhbəri masanın üstündə yaxşı yerləşdirilməyən bayrağın, rəhbərlərin divardan asılan portretlərinin 1-2 santimetr o yan-bu yan olmasının, assimmetrik durmasının qurbanı olub. “Ayıq-sayıq” qərəzkarlar dərhal bu “dəhşətli səhvi” təsbit ediblər, fürsətlərini fövtə vermədən baş yeyiblər.
Sovet dövrünün sonrakı illərində də anonim imzalı donoslarla kifayət qədər insanın yolu həbsxanalara salınıb, nə qədər perspektivli kadrın karyerası yarımçıq baltalanıb. Ta o vaxta qədər ki, dövlət strukturları, hüquq-mühafizə orqanları anonim məktublarla bir-birinin evini yıxan adamların yazılı və şifahi siqnallarını ciddiyə almadılar. Əslində bunun mənfi nəticələri daha çox oldu – əliəyrilər, haramxorlar qol-qanad açdılar, cəzasızlıq mühitinə düşdülər.
Bir tərəfə baxanda başqa cür mümkün deyildi. Karyera davası aparanlar, vəzifə üstündə boğuşanlar kütləvi şəkildə donosbazlıqla məşğul idi. Hər gün dövlət orqanlarına tonlarla anonim məktub daxil olurdu. Hamısına dair iş açılsa, gərək ölkədə başıpapaqlı qalmayaydı.
İndinin özündə belə anonim məktublarla ev yıxma ənənəsi bərpa olunsa, 37-ci illərin rekordunu qıra biləcək potensiala malikik. Bu, heç də səbəbsiz deyil. Çünki ölkə neqativ hallarla, əliəyriliklərlə, dövlətin, xalqın malına xəyanət edənlərlə doludur.
İndi elə çıxmasın ki, bu neqativlikləri görən, deyən, yazan adamların hamısı haqq aşığı, ədalət carçısıdır və onlar yaramazların cəzalandırılmasını ona görə istəyirlər ki, ölkədə haqq-ədalət bərqərar olunsun. Xeyr, elə deyil. Bu yaxayırtma əsasən ona görədir ki, qulluq mövqeyindən istifadə edərək ölkəni çapıb talayanların yerinə özləri gəlsin və eyni işi davam etdirsinlər. Məqsəd böyük kapitala, komfort və kaloriyə çıxış əldə etməkdir.
Belə olduqca heç vaxt bu ölkədə ürəyimiz istəyən idarəetmə institutları bərqərar edə bilməyəcəyik. Xalqın dilində çoxdan ironik şəkildə “yeyib-doymuşlar” adlandırılan zümrənin yerini ac korrupsionerlər tutacaq. Bu dəfə də onlar, rusların ifadəsi ilə desək, palçıqdan çıxıb knyaz, milyonçu, oliqarx, klan başçısı olacaqlar, ara yerdə xalqın ömrü gedəcək.
Buraxılmış xırda səhvləri böyüdüb “kəllə tələb etmə” xasiyyətimiz də korşalmayıb, yeni boyuta keçib. Bəzən həyəcandan, ani diqqətsizlikdən dövlət bayrağımızın düzgün tutulmaması, yaxud dövlət himni oxunarkən əllərin lazımi yerdə olmamasına görə elə hay-küy düşür ki, sanki bununla dövlətçiliyə sarsılmaz zərbə vurulub və cəzası ölüm olmalıdır.
Deputatın azad olunmuş doğma rayonunda bir qismət çörək kəsməsinin “kef məclisi” adladırılması bu xanədən idi. Belə görünür ki, həmin məkanda qadınlar da olsa, irəli gedib “eyş-işrət məclisi” adlandıracaqdılar.
Yaxşı ki, 30-cu illər deyil və stəkanda qoparılmış fırtınalarda adam batırmaq mümkün olmur, olsa-olsa kiminsə üst-başını isladırlar.