“- Mən hüquqşünas olmaq istəyirəm, ana!

– O nədir, oğlum? Bayaq da adını çəkdin, baş tapmadım?…

– Hüquqşünas, ana!.. O, həm qanunun, həm də insan hüququnun, namuslu vətəndaş hüququnun keşiyində durandır!”

(Süleyman Rəhimov, “Mehman” povesti)

Xarici və daxili düşmənlər yenə fəallaşıblar, dövlətçiliyimizə qara yaxırlar. Dünən xəbər çıxmışdı, deyir Bakı Gömrük İdarəsində yoxlama aparılıb, tutulanlar vardır. Guya orada kimlərsə əhalidən rüşvət alırmış. Yalana bax. Harada görünüb bizim gömrük əməkdaşları xalqın cibinə göz diksinlər? Nəinki gömrükdə, heç şair və yazıçılarımız arasında da korrupsiyaya qurşananlara qətiyyən, hətta daha kəskin yazardım ki, qətiyyətlə rast gəlmək mümkün deyildir. Yalnız hərdənbir bəzi şairlərin cibinə fərdi təqaüd atıb ilişdirirlər. Eləsi var cibinə ev atıblar. Hətta iki dəfə cibinə ev atılıb şərlənmiş poeziya sənətkarlarımız vardır. İmkan vermirlər Peqası minib çapsınlar. Niyə belə eləyirsiniz axı, Alimpaşa müəllim demişkən? Buna son qoymaq lazımdır. 1937-ci ilin havası üzərimizdə əsməsin! Müxalifət liderlərinin canlı yayım zamanı internetinin kəsilməsinə də son qoyulmalıdır. Bizim Zəngəzur dərdimiz var.

Qayıdaq tamojnaya. Yenə orada işləyənlər yeyib doymuşdular, bəs siz bunları tutandan sonra ac, cavan, xaricdə oxuyub gəlmiş kadrlar idarəyə yerləşəndə xeyir tapacaqsınız? Arif Quliyevin qəhrəmanı demişkən, təzə baş həkimin cibi yoxdur, uşaqlar acından öləcəklər. Ona görə biz tələb edirik gömrükçülər azad edilsin. Novella xanımdan da xahiş edirəm bunları təcili siyasi məhbus siyahısına yazsın. Hamısı xalqımızın balalarıdır. Gedib İsveçrədən gömrükçü gətirəsi deyilik.

Hələ bəzən iddia irəli sürülür ki, guya bizdə hansısa məhsulun başqa dünya ölkələrinə nisbətdə çox bahalığı gömrükdə korrupsiya ilə bağlıdır. Ancaq orada Tahir Əliyevin vaxtından yalnız rüsum alınır. Bahaçılıq isə ölkəmizin yerləşdiyi regionla bağlıdır. Şimaldan soyuq hava kütlələri, cənubdan qaynar səhra küləyi daxil olur, Xəzərin səviyyəsi ildən-ilə düşür, Türkmənistanda və Gürcüstanda geopolitik proseslər cərəyan edir, Putinin Krımda villası var, Baydenin tayları isə torpaq şöbəsində işləyir – bütün bu faktorlar bizim dükanlarda qiymətlərə təsirini göstərir. Məsələn, dünən Abşeron yarımadasında bütün günü zəhlətökən külək əsdi, bir nəfər buna etirazını bildirmədi, ancaq supermarketdə meymun yağının qiymətini 5 qəpik qaldır, gör necə qışqırışırlar. Nədənsə hamı qarnını fikirləşir, heç mənəviyyata fikir verən yoxdur. Arada muğama qulaq asın, tarixi filmlər izləyin, sərgi salonlarına gedib rəssamlarımızın əsərlərinə baxın. Kartof-soğan dərdini qoy Kənd Təsərrüfatı Nazirliyi çəksin.

Dünən bir başqa şər-böhtan kampaniyası ilə üzləşdik, deyir Bakı şəhər prokurorluğunun (paytaxta qarşı səlib yürüşü var) keçmiş müstəntiqi Müşfiq Abbasovu rüşvətxorluq və dələduzluğa görə 7 il həbsə məhkum ediblər. Maraqlıdır, Müşfiq müəllim bu maddə ilə 2017-ci ildə bir dəfə tutulubmuş. Bəs bir adama eyni cinayətə görə iki dəfə necə cəza kəsmək olar? Yüz faiz bu da siyasi məhbusdur. Biz adının mənası işıqlı olan bir şəxsin korrupsiyaya qurşanmasına inanmırıq. Elə 37-də prokurorun adaşını da bu cür güdaza vermişdik. Harda görünüb prokuror rüşvət alsın? Hüquqi dövlətdə yaşayırıq.

İşin detalları maraqlı idi. İşdə bir zərərçəkən var, bu qardaşımız da türmə idarəsində (Penisentiar) çalışırmış, rüşvət üstündə tutulubmuş. Türmədəki başqa dustaqlardan rüşvət alıbmış. (Əsl qarışıqlıq, labirintdir – türmə işçisi dustaqdan rüşvət aldığı üçün türməyə düşüb, onu azad etmək üçün rüşvət alan müstəntiq də indi türməyə düşüb – türmədə ola-ola. Hazır ssenaridir, götür ver Kristofer Nolan müəllimə, “Başlanğıc” kinosunun remeykini çəksin). O zaman Müşfiq müəllim bundan 17 min manat alıb, azad eləyib. Lakin sonra başqa müstəntiq bu qardaşımızı təzədən tutub basıbdır. İndi isə gəlib Müşfiq müəllimin əleyhinə danışır. Ay namərd, axı bu müstəntiq səni buraxdırmışdı! Təzədən tutduran başqasıdır, get ondan şikayət elə da bə.

Vallah, belə edəcəklər axırda heç kim rüşvət almayacaq, işlərimiz hamısı əyiləcək. Buna son qoymaq lazımdır. Söz, məlum məsələdir, əlaqədar təşkilatlarındır. Camaatın çörəyinə bais olmayın.