“A kişi, bundan əzəl xəlqdə hörmət var idi,

Binəva mollalara hörmətü izzət var idi!

Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,

Yer üzündə bərəkət, nemətü dövlət var idi!”

(Sabir)

2019-cu ildə Səbayel rayonundakı məktəblərin birində şagird intihar məqsədilə özünü yuxarı qatdan atmışdı. Məktəbin direktoru isə təcili yardım çağırmaq, uşağa ilkin tibbi yardım göstərmək əvəzinə rayon icra başçısının müavininə zəng vurmuşdu. Müavin məktəbə gəlib yaralı uşaqdan videomüsahibə almışdı. Yalnız bütün bu mərəkədən sonra – deyəsən, 1 saat keçəndə – kiminsə ağlına gəlmişdi nəhayət həkim çağırılsın. Ancaq uşaq sağ qalmadı. Təbabətimizin hansı kökdə olmasını bildiyimdən “təcili yardım tez gəlsə, uşaq yaşayardı” iddiasında deyiləm. Lakin bütün insanlıq, humanizm qanunları yaraya dərman üçün icra başçısının müavinini yox, həkim çağırılmasını tələb edir. Qalanı təfərrüatdır. Direktora nəsə şərti-mərti cəza verdilər, çıxdı getdi, söhbət də bağlandı. Biz həmin icrabaşı müavini olan gözəlçə xanımı da unutduq. Bivəfa cəmiyyətik axı. Etibarsız adamlarıq.

Və budur, cəmi 2 il sonra o qadın yenidən mövzu olubdur. Bu dəfə prokurorluqdan xəbərdarlıq alıb. Hansısa qohumuna saxta vaksin arayışı verilməsi üçün poliklinikaya zəng vurubmuş. İndi bizdə vəzifə saxtakarlığının bu cür yeni üsulu yaranıbdır.

Necə deyərlər, Allah üçüncüsündən saxlasın. Bəlkə saxlamadı, o zaman günah kimdə olacaq? İndi yetim cəmiyyətimiz nə etməlidir? Həmçinin bu qadın daha nə etməlidir ki, onun dövlət qulluğuna tam yararsız olduğunu, nəhayət, daha yuxarıda oturanlar birdəfəlik dərk eləsinlər? Bax elə bu dəqiqə həmin Səbayel rayonunda, Badamdar qəsəbəsində doğulan məktəbli uşaq xəstəxanada koma vəziyyətində can hayındadır. Binadan başına daş düşdüyü üçün. O rayonda köhnə, qəzalı, təhlükəli küçələr, evlər saysızdır. Ancaq daş xalqın başına, pul isə icra başçılarının cibinə düşür (ya da tərsinə yazmaq olar: icra başçısı başsız olanda, camaatın başına daş düşər). Çünki həyat təhlükəsizliyinə aid bütün sənədlər rüşvətlə alınır, satılır.

Dünənki yazımda Ağstafada icra nümayəndəsinin ölkədə DOST mərkəzləri ümumən açılmazdan 3 ay qabaq artıq oradan rüşvət yığmasından bəhs eləmişdim. Ağstafalı köhnə dostum, hörmətli riyaziyyatçı alim İsmixan Yusub daha unikal əhvalatı yazıb göndərdi: rayonun icra başçısı (deyəsən, hazırda dustaq olan Nizaməddin müəllim) oradakı Poylu kəndində yerl-dibli olmayan uşaq bağçasına kimisə rüşvətlə müdir qoyubmuş. Yəni biri var hansısa idarənin iki-üç ay sonra açılmasını bilib rüşvət yığasan, biri də var vəzifə heç olmasın, lakin sən bunu satasan. İkincisi daha qeyri-adidir. Bu cür vəzifəli şəxsləri haradan, necə tapırlar? Bəlkə xalqımızın hamısı istedadlıdır, əlini kimin üstünə qoysan lotu çıxır? Ya dövlət qulluğuna qəbul üzrə test imtahanlarına “şparqalka” keçirənlər vardır? Məleykə xanım, nəzarətçilərinizə baxırsınızmı?

Biz isə belə istedadlı adamların qədrini bilmək, heykəlini qoymaq yerinə, türməyə salırıq. Onlar da zindanda əzab çəkirlər. Məsələn, təzəlikcə Ağstafanın icra başçısı və müavininin Gəncə zindanında televizorlu, soyuduculu, evrotəmirli, telefonlu, cakkuzili, nə bilim, rəqqasəli-qulluqçulu kamerada yaşaması haqda açıqlama verildi. Oradan çıxan bir dustaq nəql etmişdir. Deyir başçı başqa dustaqlardan yaxşı yaşamasına görə xəcalət çəkir, hər gün tələb edir: “Məni vərəmli dustaqlara qatın, artıq dözmürəm!” Hələ mümkündür aclıq aksiyasına başlasın, Ramazanın bitməsini gözləyir, çünki aksiyaya dini motiv qatmaq istəmir. Bu dərəcədə mənəviyyatı təmiz şəxsiyyətdir. Eynilə Lerikdə üç uşaq anasını təcavüz niyyəti ilə öldürən mollanın tayıdır.

O molla yatsın, çıxsın, nəsə vəzifə vermək lazımdır. Şəklini gördüm, əsl icra nümayəndəsi tipi var.