Rusiyanın Xabarovsk vilayətində 60 yaşdan yuxarı şəxslərə koronavirusdan peyvənd olunmaqda maraq yaransın deyə, adambaşına 10 toyuq yumurtası hədiyyə ediləcəkdir. O cümlədən Maqadanda hər peyvənd edilənə 1000 rubl (bizim pulla 23 manat) Çukotkada isə 2 min rubl pay verilir. Bəs bizdə? Təəssüf ki, zəhmətkeşlərimiz bu boyda eksperimentdə pulsuz iştiraka məcburdur. Ona görə də pərdə dalına keçib yalandan qollarını açırlar, vaksini yerə töküb aradan çıxırlar. Vaksin olunanların sayı gündən-günə aşağı düşür, məsələn, bu yaxında 1 gün ərzində cəmi 3 nəfərin peyvənd olunduğu haqda xəbər səslənmişdi, düzgünlüyünə qarant dura bilmərəm.
Bayaq “eksperiment” sözünü havadan yazmadım, çünki bizdə istifadə edilən peyvənd əsasən Çindən gətirilir, onun da keyfiyyət göstəriciləri ciddi şübhə altındadır. Məsələn, lap əvvəl bunun təsir gücü 90 faiz söylənirdi, sonradan dedilər 50 faiz, hətta ondan da aşağıdır. Dövlətin təbabət qurumlarının ziddiyyətli açıqlamaları da bir yandan alovun üstünə benzin (oxu: vaksin) tökür. Hansı ağzını açsa, bizdə istifadə edilən vaksinin 100 faiz təhlükəsiz olmasını söyləyir. Halbuki dünyada belə vaksin elmi baxımdan mümkün deyil. COVİD-19-a qarşı ən yaxşı vaksinlər “Pfayzer” və “Moderna” firmalarının məhsulları sayılır, onlarda da yüz faizlik təminat verilmir. Hər milyon nəfərdə neçəsində tromb yaranır, bu haqda statistika var. Beş nəfərdir, on nəfərdir – söhbət yalnız bundan gedə bilər. Yoxsa “bizim dərmən xərçəngdən astmaya, SPİD-dən infarkta qədər hər azara çarədir” deyən məşhur qadından fərqiniz nədir? Mən o qadını həm efirdə, həm canlı şəkildə görmüşdüm. “Space” kanalında verilişi, reklamı-zadı vardı, özü də dərman əvəzinə “dərmən” deyirdi. Bunu görüb aldanan bir qohumun təkidiylə “28 May” metrosu tərəfdəki ofisinə getmişdik. Orada qadın 3 kiloluq bankada mənşəyi naməlum qara məhlulu 200 manata bizə satmaq istədi. “Bunun dərdimizə əlacı olacaqmı”, “maddə nədən düzəldilib” kimi suallara isə qətiyyətlə cavab verməkdən imtina elədi. Hələ bizə çəp-çəp də baxdı ki, bu nə suallardır, mən o boyda televiziyada reklam olunuram, canınız çıxsın pul verin, bu məhlulu hortdadın. Ölərsiniz, qalarsınız, ta ona Allah baxır.
Yeri gəlmişkən, mən bu yaxında bir həftə yerli telekanallarımıza baxdım və efirdə tibbi təmayüllü verilişlərin çoxluğuna heyrətləndim. Qıraqdan bizim kanalları izləyənlər fikirləşə bilər ki, Azərbaycanda hamı xəstədir. Ayrıca təbabət verilişləri cəhənnəmə, hətta başqa verilişlərin də içində nəsə bir gülməşəkər həkim ekspert qismində oturmalıdır. Səhər efiri həkimin “sabahınız xeyiri” ilə açılır, günorta başqa “doxdur” studiyada küftə-bozbaş qazanı ətrafında osteoxondrozun hepatitə, melanomanın nevrozlara, nə bilim, kor bağırsağın limfa düyünlərinə təsirindən qırıldadır, axşam isə guya nəsə tok-şou olur, verilişdəki həkimlər qonaq çağırılan hansısa yetimləri, əlsiz-ayaqsızları öz klinikalarına müalicəyə yazırlar. Efirlə xəstəxananın yeri dəyişik düşüb. Psixiatriya şöbəsinin pasientləri isə aparıcılıq edirlər. Zəncirini ən sərt qıran, ən populyar aparıcı olur.
Mən bunu da xüsusi qeyd edim ki, bizim Milli Teleradio Şurası hara baxır, xəbərim yoxdur, ancaq onun funksiyalarından biri də xalqın sağlamlığı haqda bu cür zərərli verilişləri, türkəçarə metodları önləmək olmalıdır. Sivil dünyada hansısa ot-əncəri, elmi əsası, təsdiqi olmayan məhlulları aptekdə satmaq qadağandır, başqa satış hallarında da cinayət işi açarlar. Ancaq bizdə “Türkəçarə” adlı veriliş var!
Həmçinin təəccüblüdür ki, o boyda həkim verilişləri ola-ola camaatımız mənasız-mənasız xəstəliklərdən milçək kimi qırılmaqdadır. Diaqnoz səhv, müalicə yanlış, axırda da deyirik yazıq filankəs niyə bizi vaxtsız tərk elədi… Bu sistemlə bizim sağ qalmağımız təəccüblüdür, ölməyimiz yox.