Açığı doğma paytaxtımızın mənfur düşmənə məxsus, igid ordumuz tərəfindən vurulmuş hərbi texnikalar, yekəburun əsgər heykəlcikləri və tikanlı səngərlərlə zibillənməsini istəməzdim. Hərbi Qənimətlər Parkı adlı əraziyə ilk şəxsi münasibətim məhz bu cür idi. İndi də müəyyən qədər qalır. Ancaq xalqın yaddaşını, başımıza açılan oyunları, milli faciələrimizin xatirəsini yaşatmağın başqa hansı yolları var? Bizə başqa yol buraxmayıblar.
Yaxşı yadıma gəlir, yenidənqurma dövründə, Ermənistanın torpaqlarımıza iddiası təzə başlananda müəyyən arxivlər açılırdı, sənədlər, tarixi faktlar üzə çıxırdı. Andronik adlı cinayətkarın kimliyini öyrənirdik, daşnak silahlı dəstələrinin Zəngəzurda, Qarabağda, Şirvanda törətdiyi inanılmaz cinayətlər haqda oxuyub, heyrətə gəlirdik. Ən dəhşətli faktlardan biri Bakıda törədilən qırğınlar idi. Təsəvvür eləmək belə çətin idi. Bizi öz paytaxtımızda, üstəlik Ermənistan ərazisindən 400 kilometr aralıda gəlib qırmışdılar. Gör nə qədər unutqan, biganə, laqeyd olmuşuq… Ki, düşmənlər üstümüzə bu dərəcədə ayaq açıblar. Sonra Xocalı olacaqdı. Sonra Qubada üst-üstə yığılan insan kəllələri tapılacaqdı.
O qədim qırğınların canlı şahidləri vardı. Sovet dövründə bu adamlar qorxularından ağızlarına su alıb susmuşdular. Tarixçilərimiz də susmuşdu. Yeganə Ziya Bünyadov hərdən ermənilərlə tarix elmi səhnəsində atışardı, ona da Sovet İttifaqı Qəhrəmanının “Qızıl ulduz”u arxa olmuşdu, əks halda ermənilər çoxdan başını yeyərdilər. (Necə ki, axırda yedilər). Bəs ən azından nənələr öz nəvələrinə, babalar uşaqlara orda-burda, gizlincə də olsa əsl tariximizi pıçıldaya bilməzdilər? Niyə biz 1988-ci ildə o dərəcədə hazırlıqsız yaxalanmışdıq? Nəticədə özümüzə gəlməyimizə 30 il vaxt lazım oldu. Bir də unutsaq, nəticələr daha ağır olar. Bəlkə 60 il yaralı qalarıq.
Üstəlik, əgər ermənilər hələ sovet dövlətinin guya “beynəlxalq həmrəylik”, “xalqlar dostluğu” şəraitində İrəvanın ortasında uydurma soyqırım abidəsi qayırmışdılarsa, bütün həyatları o saxta tarixin ətrafında sülənməkdə, ətrafa nifrət yağdırmaqda keçirdisə, biz də indi onlara, rusun ata sözüylə desək (başqa dildən anlamazlar), xərçənglərin harda qışladığını başa salarıq. Türkün unutqanlığını görüblər, qoy bir də qisasının uzun çəkməsinə şahid olsunlar. O “müsəlmanın sonrakı ağlı” vardı ha, bax, o gəlib çıxıbdır.
Yeri gəlmişkən, bugünlərdə “Fəryad” filminin rejissoru və aktyoru, görkəmli sənətkarımız Ceyhun Mirzəyevin 75 illiyini qeyd elədik. Kimsə bu film haqda yaxşı sözlər dedi: “44 günlük savaşı qazanmağımızda ”Fəryad” filminin, Ceyhun Mirzəyevin də böyük rolu var”. Doğrudan da milli yaddaşımızın yaşadılmasında “Fəryad” filminin yeri misilsizdir. Oradakı müəyyən qədər eybəcər, müəyyən qədər karikatur erməni obrazları Hərbi Qənimətlər Parkındakı kuklaları xatırlatmırmı?
İkinci Dünya Savaşı, ya da sovet insanının Böyük Vətən Müharibəsi zamanı Kukrınikslər adlı karikaturçu rəssamlar qrupu faşizmə qarşı savaşda önəmli rol oynamışdı. Onlar plakatlar, karikaturalar çəkir, sovet ordusunu döyüşlərə ruhlandırır, alman əsgərlərini isə təhqiramiz formalarda göstərirdilər. Yaxud, dahi sənətkar Çarli Çaplinin Adolf Hitleri ələ salan, hələ 1940-cı ildə çəkdiyi “Böyük diktator” filmi düşmənə satirik zərbənin də vacibliyini nümayiş etdirir. Bu mənada Hərbi Qənimətlər Muzeyimizdə qurulan mizan-səhnələr, eksponat və maketlər təbliğat, propaqanda üçün böyük önəm daşıyır. Bəzən bir kitablıq söz danışarsan, heç kim anlamaz, ancaq hansısa uşağın gördüyü kukla ömrü boyu yadından çıxmaz.
Bizim də indən belə tarixi unutmağa haqqımız yoxdur. Ən azından o 3 min əsgərimizin vətən yolunda qurban getmiş cavan canı bizə qənim olar.