Ermənistanda 2008-ci ildə prezident seçkisində saxtakarlığa etiraz aksiyası olmuşdu, Robert Köçəryan Qarabağdan gətirdiyi qoşunu İrəvanda meydana basıb 10 nəfər mitinq iştirakçısını öldürmüşdü.
Nəticədə Köçəryanın adamı Sərkisyan prezident qoyuldu, 10 il bu işin başı bağlı qaldı. Ancaq Paşinyan hakimiyyətə gələndə həmin cinayətə görə Köçəryanı qoduqluğa basdı. Arada çıxarır, təzədən basırdı. Bugünlərdə isə Ermənistan Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsində Köçəryanın ittiham edildiyi maddəni (“konstitusiya quruluşunu çevirməyə cəhd”) tamam ləğv elədi və nəticədə Köçəryan gülə-gülə çıxıb getdi evinə. O mitinqdə ölən ermənilərin qohumları isə ağlaşa-ağlaşa qaldılar. Əslində onlar başa düşməlidir ki, bu maddənin ləğvi Paşinyanla Köçəryan arasında bir növ barışıq aktıdır. Çünki Paşinyan da keçən il nə qədər Ermənistan camaatını Qarabağa aparıb qırğına veribdir. Həmin 4-5 minlə o 10 nəfəri başabaş eləyiblər, bitib gedib. Eyni zamanda, Ermənistan oyuncaq dövlət olduğundan, bütün iqtisadi-siyasi, hərbi-sərhəd quruluşları Rusiyanın əlində ikən hansı konstitusiyadan danışmaq olar? Köçəryan olmayan bir şeyin çevrilişini apara bilməzdi, bu baxımdan məncə də məhkəmənin qərarı ədalətlidir. Şeirdə deyilən kimi: “Qanlar tökən görürəm şahı gündə yenə mən, Yüz min belə xaraba kənd verərəm sənə mən”.
Lakin eyni rakursdan yanaşsaq, Milli Teleradio Şuramızın keçmiş sədri Nuşirəvan müəllimin bəxtinin gətirmədiyini söyləyə bilərik. Dünən onun fağır, yazıq bir açıqlamasını oxudum, deyir məni MTRŞ-nin təzə tərkibinə salmayıblar. Görəsən, nə üçün? Bəyəm Nuşirəvan müəllim pult vəzifəsində bu illərdə pis işləmişdir? Qətiyyən. Bütün kanallarımızda dövlətçilik prinsipləri qorunur, manıslar efirdə dovğa qarışdıraraq konstitusiyamızı möhkəmləndirir, aparıcılar qaçan gəlinləri tutur, reportyorlar hər bir səkkizayaqlı buzovun yiyəsindən canlı müsahibələr verirdilər. Hətta bir dəfə mən dekabrda gilasın çiçək açmağına baxmışdım! Heyrətamiz idi.
Sözümün canı odur ki, Nuşirəvan müəllimin uzağı “batareykasını” dəyişib yerində saxlamaq olardı. Müqayisə üçün örnəyimiz də var: dünən eyni vaxtda MSK sədri Məzahir müəllimə “Şərəf” ordeni verildi. Şairin misraları yada düşür: “Ədalətin bumu, dünya?!” Axı nə üçün biri medal alır, başqası ac qalır? Afrikada insanlar meymun ətinə həsrətdir, Almaniyada ölkəmizin əleyhdarları donuz ətindən basdırma tıxırlar. Hələlik bu suallarımızın cavabını tapmırıq, ürəyimiz sıxılır. Operativ Qərargahdan xahiş edirəm növbəti brifinqlərində mənim bu sualıma da cavab versinlər: “Hansı vaksinlərdən sonra antitellər daha çox yaranır? Əgər indən belə Nuşirəvan müəllim hökumət işinə yoluxsa, ona medal düşəcəkdirmi?”
Bakının avtobus işi də eynilə problemlər məngənəsində çarpışmaqdadır. Heç vaxt bu məsələ öz layiqli həllini tapmamışdır. İnqilabdan qabaq camaat konka arabasının dalından sallaşıb gedirdi, sovet vaxtı avtobusun qapısından. Müstəqilliyin ilk illərində bizi “QAZel”lərə mindirdilər, onda da oturmağa yer olmurdu, iki qatlanırdıq. Çox adam o vaxtdan əyri qaldı, heç düzələ bilmədi. Sonra Ziya müəllim gəldi, çoxlu dayanacaq qoydu, içində televizorla. Guya biz burada yaşamağa gəlmişik. Ziya müəllim Nuşirəvan müəllimin gününə düşəndə avtobusları Bakı ŞİH-ə tabe elədilər. Az sonra ordan alıb avtovağzala verdik. Lakin islahat davam edirdi, nəticədə Bakubus Azərkosmos-un tabeçiliyinə verildi – bəzi marşrutlarımız uçurdu. Bununla iş bitmədi, Bakubus bələdiyyəyə, XİN-ə, KTN-ə, MN-ə, MTRŞ-yə, MB-yə, QHT-lərlə iş üzrə dövlət şurasına, Xaliq Faiqoğlu şirkətinə, Faiq Ağayevə tabe edildi. Nəhayət, dünən Bakubus Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə qatılmışdır.
Mənə elə gəlir bu, hələ son deyil.