Hökumət işğaldan azad edilən torpaqlarımızda ağıllı şəhər və kəndlər yaradılacağını bəyan edib, lakin hələ heç kim bilmir bu nə deməkdir. Məsələn, söhbət alternativ enerji mənbələrindən – Günəş, külək və sairədən yararlanmaqdan gedirsə, ortada pis təcrübəmiz var. Külək Bakının altını üstünə çevirir, ancaq biz hələ bundan bir qəpiklik faydalana bilməmişik. Günəş panelləri də onun kimi. Kompüterləşməni məktəblərdə necə həyata keçirmişik, bu başqa lətifədir. Məsələn, mənim uşaqlarımın oxuduğu Bakı məktəbində eşşək boyda kompüter otağı olsa da, onlar indiyəcən dərsə lazım olan hansısa internet məlumatını məktəbin darvazası yaxınlığındakı dükanda, satıcıya 20 qəpik verməklə onun kompüterindən vərəqə çıxarırlar. Bütün məktəb bu cür işləyir. Elektron hökumətimiz nağıldan başqa şey deyil. Hökumət qurumlarının saytlarında qədim dövrdən qalma mənasız, faydasız xəbərlər verilir. Bu yaxında bir ekspert dostumuz maraqlı fotolar paylaşmışdı, COVİD-19 peyvəndi üçün basabas növbənin şəkliydi. Adam valideynlərinə elektron növbə tutub, lakin “hadisə yerinə” – poliklinikaya gedəndə görüb ki, növbə-zad yoxdur. Oxşar hadisəni hər yerdə görmək olar – onlayn növbə tutarsan, ancaq həmin vaxt gedəndə görərsən qapıçı dəftərə adamları yazır.
Uzun sözün qısası, gözü çıxan, şil-küt edilən “qardaşlardan”, yəni işğal edilməmiş şəhər və kəndlərimizin acı təcrübəsindən çıxış edərək narahat oluruq. Ağıllı şəhəri, kəndi ağıllı adamlar qurmalıdır, bu sahədə vəziyyətimiz necədir? Təhsilə, elmə nə qədər maya qoyuruq, büdcəmizin neçə faizi bu kimi işlərə sərf olunur? Azərbaycanda insanların qabağa getməsi, inkişafı üçün ağıl böyük rol oynayır, yoxsa qohumluq və korrupsiya? Suallar budur və məncə, çoxunuz bu sualların cavabını yaxşı bilirsiniz, dastan açmağıma ehtiyac yoxdur. Elə təkcə AMEA şefini gözünüzün qabağına gətirin və fikirləşin ki, bu cür alimləri olan ölkədə hansı ağıllı kəndlər tikmək mümkündür. Müharibədə Ermənistana qalib gəlmişiksə, bu hələ bizim o torpaqlarda daha yaxşı şərait quracağımıza dəlalət etmir. Davada qalib gəlməklə dinc quruculuq tamam başqa müstəvilərdir. Bəzən bunun birini bacaran, o birini bacarmaya bilər. SSRİ və Almaniyanı misal çəkmək istəmirəm. Başqa misallar da tarixdə çoxdur.
Dünən bir xəbər oxudum: “Şuşa qalasının girişi bərpa olundu”. Söhbət şəhərin Gəncə qapısından gedirdi. Orada sovet vaxtı kiril əlifbasıyla şəhərin adını yazıb bürclərə pərçimləmişdilər və bu hərflərin dizaynı açıq-aşkar təxribat idi – erməni əlifbasına oxşatmışdılar. Sonra işğal zamanı ermənilər ora sırf ermənicə yazı vurdular. Nəhayət, indi şəhəri azad etmişik və divarın üstünə Azərbaycanın latın qrafikalı əlifbasıyla “Şuşa” yazılıb. Ancaq fikrimcə, ortada “ayb” var. Səhv oxumadınız, mən “ayıb” yazmadım. Bizim əlifbada, əl yazısında “u” hərfinin sağ aşağı qulağı yuxarıya doğrudur. Qala divarının üzərinə indi vurulan “u” hərfində isə həmin hissə təhrif edilib və… erməni əlifbasının birinci hərfi olan “ayb”ın oxşarıdır. Mən, əlbəttə, hər yerdə xaç axtarıb türkçülüyümü bu cür bəsit formada büruzə vermək istəmirəm, ancaq niyə o yazını bərpa edənlər mütəxəssislərdən məsləhət almayıblar? Ümumiyyətlə, o qapının üstünə “Şuşa” yazmaq nə dərəcədə vacibdir? O yazını divardan aralıda hansısa dəmir üzərinə də vurmaq olardı və nəticədə qala divarına ziyan dəyməzdi. Dünyada qala-şəhərlər çoxdur, hansında qapının üstünə şəhərin adını bu cür yazırlar? Sovet hökumətinin tarixi abidələrə qarşı vandallıq ənənəsini niyə davam etdirməliydik?
Bizdə siyasi partiyalar var ki, onların sədrləri 1993-cü ildə xain Surətlə əlbir olub işğala şərait yaratmışdılar. İndi onları hökumət yığıb azad edilən ərazilərə gəzməyə aparır. Olsun, onlar da bizim camaatdır. Ancaq həmin torpaqları gedib görməyə birinci haqqı olan adamlar kimdir? Şəhidlərin, qazilərin valideynləri. Avtobuslara həmin adamları yığıb aparmaq lazım idi ki, qoy övladlarının hansı iş uğrunda, hansı torpaqlarda qəhrəmancasına həlak olduğunu görsünlər. Bunu mən pafos üçün, gəlişigözəl söz kimi yazmıram. Şəhid anasının dilindən eşitmişəm. Elə bu cür demişdi: “İstəyirəm gedim görüm balam harada ölüb”. Kimə lazım olsa, videonun linkini də tapmaq olar.
Hərçənd siyasi partiyası olmayan adamlarımız da gedir. Srağagün onlardan altısı Ağdam tərəfdə dədə-babalarının qəbrini ziyarətə getmişdilər. Düzdür, bəziləri qayıda bilmədi…
P.S. Bu yazını “Özünü aparmırlar, ona görə yazıb” kimi qələmə verən olacaqsa, bildirim ki, mən işğaldan azad edilən ata yurduma keçən ilin dekabrında, hökumətin yox, qazi dostumun köməyi ilə, onun şəxsi “icazəsiylə” getmişəm və hələ də o qədər ağır təəssürat altındayam ki, bu haqda heç nə yaza bilmirəm.