Ermənilərin və onların xaricdəki havadarlarının Azərbaycana qarşı yalan-palan üzərində qurulmuş məkrli təbliğat kampaniyası səngimir. Hərb meydanındakı davadan fərqli olaraq, informasiya-virtual savaş belə görünür, tezliklə bitməyəcək. Odur ki, biz də işimizi möhkəm tutmalı, uzunmüddətli kontur-strategiya hazırlamalıyıq.
Bunu zəruri edən birinci səbəb odur ki, düşmənlərimizin bizə qarşı apardığı təbliğat müharibəsində əsas hədəf – ermənilərin iki əsrdir davam edən əsassız ərazi iddiasına zəmin və haqq qazandırmaqdır. 44 günlük müharibədə möhtəşəm hərbi zəfərə arxayın olub eyforiyaya qapılmaq, işi bitmiş saymaq zamanı deyil. İnternet, sosial şəbəkələr əsrində maksimum diqqətli olmamız gərəkir.
Bu da isti nümunə. Hansı ki, bizə bir daha ayıq-sayıq olmağı diktə edir. Nağıl qəhrəmanı Məlikməmməd sayağı, yuxuya dalıb qəvi düşmənin yeminə çevrilmək istəmiriksə, o zaman barmağımızı çərtib ora vaxtaşırı duz basmalıyıq ki, yuxumuz qaçsın…
Mətləbə gəlincə, dünən Moskvada erməni lobbisinin təşəbbüsü ilə “Soyqırım və Birinci Dünya Müharibəsi: beynəlxalq müqavilələr, tarixi paralellər” mövzusunda Türkiyə və Azərbaycana qarşı növbəti təxribat xarakterli konfrans keçirilib.
Məlumat üçün bildirək ki, bu gün – martın 16-da Atatürk Türkiyəsi ilə Lenin Rusiyası (RSFSR) arasında Moskva sülh müqaviləsinin imzalanmasından 100 il ötür. Həm bu sənədin, həm də payızda (16 oktyabr) 100-cü ildönümü tamam olacaq, Naxçıvanı birmənalı şəkildə Azərbaycan torpağı kimi təsbit edən Qars müqaviləsinin ermənilərin xeyrinə təftişinə cəhdlər edilib. O Qars müqaviləsi ki, həmin vaxt (1921-ci il) Ermənistan SSR tərəfindən də az sonra ratifikasiya edilib. Gözlənildiyi kimi, konfransda əsas hədəf qardaş ölkə olub. Türkiyədən yenə “əcinnə obrazı” yaradılıb, onun ünvanına hədyanlar söylənilib.
Təbii ki, təxribatçı tədbirin başda oturan qonaqların əksəriyyətini erməniyönlü Rusiya siyasətçiləri və ekspertlər təşkil edib. Onlardan biri də Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsinin sədr müavini, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulindir. Burdaca yada salaq: bu siyasi şarlatan Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyi, separatçı rejimi daima müstəqil “dövlət” kimi təbliği ilə məşğul olduğu, bütövlükdə açıq-aşkar xalqımıza qarşı xəbis mövqe tutduğu üçün Azərbaycan XİN-in “qara siyahısı”ndadır.
“Biz qondarma “Qolodomor” haqqında eşitmişik. Dağlıq Qarabağ hadisələri zamanı Xocalı haqqında da eşitmişik. Ancaq soyqırımın sistemli tərifləri var. Bunlar sənədlə təsdiqlənmiş aktlar, bütöv bir xalqın məhvi ilə bağlı verilən qərarlardır. Heç bir halda “Qolodomor” və ya Xocalı olayı “soyqırım sayıla bilməz”.
Belə bir cəfəng iddianı öz çıxışı zamanı Zatulin irəli sürüb.
Öncə xatırladaq ki, “Qolodomor” – 1932-33-cü illərdə Ukraynada aclıq üzündən 2.2-7.5 arası əhalinin qırılması olayı nəzərdə tutulur. Ukrayna hökuməti 2006-cı ildə bu hadisəni sovet rejiminin Ukrayna xalqına qarşı genosid aktı kimi qəbul edib. Lakin nəticələr oxşar olsa da, bu, mahiyyətcə bir-birindən fərqli iki hadisədir. Birinci halda insanlar sadəcə, aclıqdan ölübsə, Xocalıda dinc insanlar vəhşicəsinə, xüsusi amansızlıqla qətlə yetiriliblər.
Zatulin isə iddia edir ki, Xocalıda soyqırım olmayıb. Bu zatıqırığın məntiqinə görə, gərək ermənilər Azərbaycan xalqını qırıb qurtaraydı, onda bu, soyqırım sayılardı. Guya alman faşistlərinin törətdiyi yəhudi soyqırımından sonra yəhudi xalqı, Serebrenitsada serblərin törətdiyi genosiddən sonra bosnak müsəlmanları, Əlcəzairdə fransızların həyata keçirdikləri soyqırımdan sonra isə Əlcəzair (ərəb) xalqı Yer üzündən silinib, kökləri kəsilib.
Əlbəttə ki, bu, erməni tulası Zatulinin Azərbaycan xalqına qarşı genosidə imza atmış erməniləri təmizə çıxarmaq cəhdidir. Həm də ucuz cəhdi. Soyqırımın buynuzu zadı olmur ki? Xocalıda əhali uşaq-böyük, qadın-kişi, cavan-qoca, sağlam-xəstə bilmədən kütləvi şəkildə qətlə yetirilib. Bütöv ailələr məhv edilib. Eynən keçmiş Yuqoslaviyanın Bosniya və Hersoqovina respublikasındakı Serebrenitsa soyqırımı kimi.
Yeri gəlmişkən, beynəlxalq birliyin ciddi səyləri sayəsində Serebrenitsa soyıqırımının günahkarları və sifarişçiləri gec-tez tutularaq Beynəlxalq Məhkəməyə – Haaqa Tribunalına verildilər, öz layiqli cəzalarını aldılar. Sağ qalan xocalılar da haqq-ədalətin təntənəsini gözləyirlər. Əfsus ki, zatulinlərin hesabına məhkəmə günü yaxınlaşa bilmir.
Odur ki, bir cəza da erməni faşistlərinin çörəyini yeyən Zatulin kimilərə verilməlidir. Soyqırımı danmaqla erməniləri növbəti soyqırımları şirnikləndirən iki ayaqlı yaramazlara!..