Yaxud özünü ifadə etmə problemləri
Dünən bir erməni saytında çox gülməli informasiya oxudum. Ermənistan şərab istehsalçıları təşkilatının böyüyü jurnalistə açıqlama vermişdi: “Gürcüstan bizim şərabların Rusiyaya ixracına mane olur”. Sən demə, ermənilər “Kaxeti” və “Msxali” adı, brendi altında çaxır qayırıb satırlar, ancaq Gürcüstan ərazisindən bunu keçirməkdə problem yaranıbdır. Gürcü dövlət orqanları ermənilərə bildiriblər ki, bu çaxırların adı gürcülərə məxsusdur, zəhmət çəkin dünya bazarına ayrı adla məhsul çıxarın.
Doğrudan da bədnam qonşularımız heyrətamiz həyasızlığa malikdir. İndi buna nə ad qoyasan? Çətindir. “Kaxeti” üzüm sortu, adından göründüyü kimi, Gürcüstanın Kaxetiya bölgəsini bildirir, “Msxali” isə gürcü dilində “armud” mənası verir. Yaxşı, bunları çırpışdırmısan, bəlkə yola vermək olar, bu saat bütün dünya bir-birindən oğurlayır, ancaq oğurluq malla onun yiyəsinin torpağından keçmək nə deməkdir? Hörmətli oxuculara aydın olsun deyə, belə misal verim: hesab edin ermənilər üzərinə “Dolma – erməni yeməyi” yazdıqları konservi bizim sərhəddən keçirib Moskvaya satır. Yaxud Bakıda müğənni “Sarı gəlin”i ermənicə və erməni mahnısı adıyla oxuyur. Özünüzü necə hiss edərdiniz? Bu mənada gürcülərin qəzəbi, embarqosu başa düşüləndir. İnternetdə araşdırdım, sən demə, bu çaxır oğurluğunun kökləri azı 15 il qabağa gedir və ötən illərdə dəfələrə ermənilər gürcü şərab markalarının adıyla dünya bazarına məhsul çıxarmağa cəhd ediblər.
Mən, əlbəttə, belə məişət millətçiliyinin əleyhinəyəm, həmişə də o fikirdə olmuşam ki, xalqlar bir-birindən götürəndə, mədəniyyətlər yaxınlaşanda yaxşıdır. Kim yaxşı dolma bişirsə, dolma onundur. Kim yaxşı mahnı oxusa, mahnı onundur və sairə. Ancaq oğurluğu həyat tərzinə çevirmək lazım deyil. Qıcıq oyadır, yadlaşmanı artırır, mənasız və ziyanlı proseslərə səbəb olur.
Cəbhə xəttindən kəskin dönüş eləyib ölkəmizin içərilərinə dönək, Qafqazın bu bölgəsində də maraqlı proseslər gedir. Məsələn, Gəncədə başçı işləmiş yoldaşa ötən illərdə güllə atmışdılar. İndi o əhvalatın məhkəməsi gedir, lakin eks-icrabaşı prosesə gəlib ifadə vermək istəmir. Vəkillər xəstəxanadan arayış gətiriblər, deyir başçının başına hava gəlibdir. Sitat: “Deyilənləri dərk etmir, özünü ifadə eləyə bilmir”. Hmm… Çox maraqlı imtina cəhdidir. Məncə, onun məhkəməyə gəlməsinə qətiyyən mane olmamalıdır, zərərçəkən ortada yoxdursa, daha bu işin nə ləzzəti? Qaldı deyilənləri dərk etməmək, guya adam başçı işləyəndə deyilənləri dərk edirdi? Elə o vaxt da dərk eləmirdi, ancaq bu, onun yekə bir şəhərə başçılığına nəsə çətinlik törədirdimi? Qətiyyən törətmirdi. Tarix göstərib ki, uca millətimiz də dərk eləməyən şəhər başçılarına daha böyük hörmət bəsləmişdir. O cümlədən özünü ifadə eləyə bilməyənlərə. Belələrini nəinki şəhərə, lap nazirliklərə başçı qoyduğumuz vaxtlar olubdur. Gül kimi də işləyiblər – camaat başlarına and içib, uşaqlarına Nyu Yorkda 4-5 milyon dollarlıq evlər alıb vermişik.
Nazir demişkən, bu aralar Naxçıvanda nazir işləmək insan sağlamlığı üçün olduqca təhlükəli hala çatmışdır. Bir gündə azı 2 eks-naziri içəri basıblar. Birini lap Bakıdan tutub aparıblar, deyir “Neftçilər” metrosu tərəfdə telefon alveri eləyirmiş. Təsəvvür elə. Adam Naxçıvanda təhsil naziri işində çalışıb, Talıbov 2017-də bunu işdən çıxarıb, özünə yer tapmayıb, məcburən gəlib Bakıda telefon satırmış. Bəlkə də bu, onun təmiz adam olmasına dəlalət edir, nə biləsən…