Təhsil idarəsinin nümayəndəsi brifinq keçirir və deyir: “Dövlət başçısının müəllimlərin vaksinasiyasına diqqət göstərməsi liberal addımdır”. Burada Kərəmi ağlamaq tutur. Açıq görünür ki, təhsil məmurunun “liberal” sözünün mənası haqda heç bir anlayışı yoxdur. Ancaq adama deyərlər guya siz jurnalistlər, özünüz nəsə qanırsınız? Şəxsən mən sahəmizdəki ciddi problemləri bildiyim üçün çoxdandır heç bir başqa peşə yiyəsinə irad tutmuram. Hətta su borusu partlayanda onu düzəltməyə çağırdığım ustaya da “elə bil buranı yaxşı bağlamadın” demirəm. Çünki o da birdən qayıdar mənə deyər ki, bəs sən özün haçan ustaların dərd-sərini hökumətə çatdıran məqalələr yazmısan?

Sözgəlişi, su borusu qar tufanı zamanı donandan sonra onun içindən xeyli miqdarda çöküntü, minerallar, qiymətli və əlvan metallar, radioaktiv elementlər aşkara çıxardıq. Mən suyun qiymətinin niyə 2 dəfə qalxdığını anladım. Hökumət bizə su borularıyla hər gün bu qədər qiymətli element göndərir. İnşallah, borudan yığdığım qızıl-gümüşlə xaricə boru kəməri çəkəcəyəm.

Qayıdaq təhsil məmurunun brifinqinə. Orada mənə ən çox ləzzət eləyən jurnalist həmkarlarımızın sualsız qalmasıydı. Doğrudan da, məmurdan nə soruşasan? Kim, nə bilir? Üstəlik, məlum deyil verdiyin suala aldığın cavabı redaktor buraxsa, səni və çalışdığın orqanı gələcəkdə nə gözləyir. O baxımdan, brifinqin sonunda jurnalistlərdən birinin acizanə sualı tarixə düşəcək şedevr idi: “Daha nə deyə bilərsiniz?” Yəni mümkünsə bir az da danış, efiri dolduraq. “Başqa nə var, nə yox” lətifəsi kimi.

Yazılarımızın dili, terminoloji məsələlər vacibdir. Məsələn, gəlin bir idarə adına baxaq: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi”. Bunu qısaca “Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsi” yazmaq olmazmı? Axı bir adda iki “baş” pis çıxır – ikibaşlılıq yaranır. O cümlədən, qarşı və mübarizə eyni anlam daşıyır. Hələ onu yazmıram ki, prokurorluğun qalan idarələri bəyəm baş prokurorun yox, mədəniyyət nazirinin yanında otururlar?

İdarədən söz düşmüşkən, bugünlərdə bir məhkəmə başlayıb. Əmək və Sosial Müdafiə Nazirliyinin Binəqədi rayonunda tibbi-sosial ekspert komissiyasının sədri işləmiş Katib müəllim camaatdan rüşvət alıb saxta əlillik dərəcəsi verməkdə suçlanır. Belə xəbərləri bizim jurnalistlər adətən necə yazır? “Katib 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində almış…” və sairə. Hörmətli həmkarlar, burada qısaca “Katib 3000 manat rüşvət alıb” yazmaq olar və hətta vacibdir. Oxuculara azca hörmət qoyun. 3000 orada həm də məbləği göstərir. Pul eyni zamanda vəsaitdir. “Rüşvət qismində” ifadəsini ilk dəfə istintaq sənədinə salmış milis əməkdaşını isə axtarıb tapmaq, barmağını qırmaq lazımdır. Cəza qismində.

Sözlərlə zarafat eləmək olmaz, o köhnə kinolarımızdan birində deyilən kimi, bunlar insan taleyidir. Bayaqkı cinayət işi xəbərindən bir cümlə sitat verirəm: “Həmin TSEK-in keçmiş sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilib”. Fantastikadır. Demək, Katib müəllimin günahsızlığı ortaya çıxır. O vəzifədə, o kresloda nəsə möcüzəvi fırıldaq var, kim otursa rüşvətxor olur. Eyni zamanda adama valideyninin “Fəsad” adı qoyması nə deməkdir? Dövlət orqanları vaxtilə buna necə icazə veriblər? Axı bizim dildə fəsadın “qarışıqlıq, nifaq, xəstəlik, dağıntı, fitnə, intriqa” kimi pis anlamlardan başqa mənası yoxdur. Uşağa Fəsad adı qoyur, üstəlik böyüyəndə dövlət işi tapşırırsansa, o daha nə etməlidir? O cümlədən, Katib. Biz uşaq vaxtı, sovet hökumətində görürdük ki, hər rayonun öz katibi var, onlar balaca padşahdır, nə cinayət istəsələr eləməkdə sərbəstdirlər.