Dükandan bir butulka qazlı su oğurlayan ruhi xəstəni dükanın yiyəsi tutub zəncirləmişdi. Hadisə bugünlərdə Bakının Sabunçu rayonunda baş vermişdir. Dünən hüquq-mühafizə orqanlarımız möhtəşəm əməliyyat keçirərək dükan yiyəsini tutublar və ona 30 sutka həbs cəzası kəsilibdir.
Doğrusu mən bilmirəm bu cəza törədilən əmələ adekvatdırmı. Bəlkə çoxdur, bəlkə azdır… Hər halda, yaxşı olardı əhaliyə satılan suyu bahalaşdıranlar da cəzalansın. İnşallah, onları zəncirləyərlər.
Ümumiyyətlə, bizdə zəncirləmək fəaliyyəti daim aktual olubdur, bunu mən ötən yazılarımdan birində “Ağıllınız kimdir, qabaqda gedən zəncirli” el məsəlimizi yada salmaqla göstərmişdim. Hətta şair bu milli-etnoqrafik prosesi özünün məşhur poemasında təsvir eləmişdir: “Ey nəşəti-hüsni-eşqə təsir qılan! Eşqifə binayi-kövni təmir qılan! Leyli səri-zülfini girehgir qılan! Məcnuni-həzin boynuna zəncir qılan!” Şair burada nə demək istəyir? Demək istəyir ki, uşaqlarınıza belə şeirlərdən öyrədin, oxuyub ləzzət aparsınlar.
Bunun lap əvvəlinə getsək, qədim yunan mifologiyasında Prometey neft-qaz və işığı… üzr istəyirəm, odu allahlardan (monopoliya o vaxt Zevsin əlindəymiş) çırpışdırıb insanlara bəxş edəndə, cəzası nə olmuşdu? Öncə onu qeyd edim ki, əslində Zevs müəllim Prometeyi bəlkə cəzalandırmazdı, əgər oda müasir, smart sayğac qoysaydı. Bu isə heç bir ölçü vahidi olmadan odu verib insanlara. Nəticədə neçə min ildir camaat bir-birini yandırır. Sayğac olsa, ən azından, alova limit qoyulsa heç belə faciələr yaşamazdıq. Uzun sözün qısası, həmin vaxt Prometeyi harda cəzalandırmışdılar? Ay sağ olasan: Qafqaz dağlarında! Bunu tarixi mənbələr də sübut edir ki, Prometeyi hardasa Qəbələ tərəfdə dağa zəncirləyiblər, qartal gəlib bunun ciyərini dimdikləyirmiş, sonra ciyər təzədən əmələ gəlirmiş və sairə – məsələnin tibbi tərəfləri, insan hüquqlarının pozulması, qartalın qida təhlükəsizliyi, qayada ekoloji problemlər və sairə bizi hazırda o qədər maraqlandırmır. Əsas düşündüyümüz zəncirin bölgəyə nə cür, hansı yollarla ayaq açmasıdır, onu da hörmətli oxuculara izah elədik. Kimdə şübhə varsa AMEA Tarix İnstitutundan lazımi arayış ala bilər.
Yəni bizdə zəncirləməklə yanaşı ciyərini çıxartmağın da kökləri qədimdir. Sən kimisə zəncirləyərsən, başqası sənin ciyərini çıxarar. Haqlı olaraq. Bölgələrimizə hər yerdə ciyərxanaların mövcudluğu, cızbızın populyarlığı, insanların bir-birinə yaxınlığına “can-ciyər olmaq” adı verilməsi və sairə də bunların təzahürləridir. Keçən il Dövlət Nəfəs Alətləri Orkestrimizin bədii rəhbərini cinayət başında yaxalamışdılar. Sən demə, bu adam zurna çalanların ciyərini çıxarırmış, nəticədə dövlətimizin nəfəs alıb-verməsi mədəniyyət aləmində yaxşı ifadəsini tapmırmış. Zarafat edirəm, qorxmayın, belə şey yoxdur. Sadəcə, bədii rəhbərin çarpayısında döşəyin altından 62 nəfərin maaş kartı çıxarıldı. Hamısının da üstündə adam adları, kodlar… O qədər kartın kodunu yadda saxlamaq çətindir. Bədii rəhbər bu yolla dövlət vəsaitlərini saxta orkestr üzvlərinin adına yazıb mənimsəyirmiş. Obrazlı ifadə eləsək, nəfəs alətləri orkestrinin rəhbəri özünə yeyinti nəfəsliyi açıbmış. (Bu gün obrazlı ifadə limitini keçməsəm yaxşıdır – elə olanda qonorar azalır).
İndi sual ortaya çıxır: həmin dövrdə mədəniyyət naziri çalışan Əbülfəs müəllimin bu boyda korrupsiya nəfəsliyindən xəbəri olmayıbdırmı? Bədii rəhbər dünən başlayan məhkəmədə ifadəsində deyib ki, həmin pullarla dövlət tədbirlərini yola verirmiş, çünki nazirlik ona vəsait ayırmırmış. Ancaq araşdırsan, məlum olacaq, dövlət büdcəsindən həmin tədbirlərə çoxlu vəsait ayrılıb. Bəs o pullar hara gedib? İkiqat yeyinti olub, böyük ehtimalla. Biri konsert təşkilatçılığı adıyla pulu qamarlayıb, o biri zurnaçalana maaş adıyla.
Adamı yandıran isə odur ki, o boyda yeyintinin fonunda əməlli zurnaçalan da yoxdur. Ünlü bəstəkarımız, Kiprdə de-fakto mühacirət yaşayan Cavanşir bəyin dünən intervüsünü oxudum, deyir, Azərbaycanın hazırkı musiqisini dinləyəndə bilmirsən bunu kim yazıb, hansı xalq üçün yazıblar.