“Cüt cücə, cüt-cüt cücə, üç cüt cücə”
(yanıltmac)
Keçmiş əmək və sosial müdafiə naziri Səlim müəllimin həbs xəbərini atası təkzib elədi. Deyir uşağı tutmayıblar, səhər harasa çağırıblar, sonra qaytarıblar. Mənə maraqlı gələn valideyndən münasibət öyrənilməsidir. Sanki Səlim müəllim 4 dənə nazirlikdə (Maliyyə Nazirliyində idarə rəisi, Gömrük Komitəsində sədr müavini, Sosial Müdafiə Fondunda isə sədr olmuşdur) “kol dibi” gübrələmiş qocaman bir kadr yox, balaca uşaqdır, oppalara gedibmiş. Ya da Təhsil Nazirliyi pandemiyadan azca nəfəs dərib ibtidai siniflər üçün məktəbi açıbdır, indi direktor evə zəng vurub soruşur ki, atam, bu Səlim bala haradadır, niyə dərsə gəlməmişdir?
Qəribə haldır. Hərçənd Səlim müəllim keşməkeşli həyat yolu ilə xalqımızın yaddaşına həkk olunmuşdur, qabaqlar da tutulub buraxılmış, hətta bir dəfə bəraət almışdır. Təsəvvür elə. Azərbaycanda kimsə bəraət alıb. Möcüzədir. Biz heç bəraət alanı canlı görməmişik. Adamı ya gedər-gəlməzə yollayırsan, ya cəhənnəmin dibinə. Yoxsa bəraət nədir? Hakimlərimiz “bəraət” sözünü eşidəndə dəli kimi gülürlər. Elə məndə dəqiq məlumat var, Ali Məhkəmədə “bəraət” sözü fotoçəkilişlərdə istifadə edilir. İngilislərin, rusların “pendir” deməsi tipində.
Uzun sözün qısası, Səlim müəllim əgər bir dəfə bəraət alıbsa (Allah bilir neçəyə alıb), bunu nədən növbəti dəfə təkrar etməsin? Hüquqi dövlətçiliyimiz də buna imkan verir. Hər bir insanın qanun-qaydalara uyğun yaşaması dövlətimizin əsas, ana xəttidir. Bunu biz Konstitusiya Məhkəməsinə keçmiş baş nazir müavininin qızının təyinatında da aydın gördük. Ölkəmizdə konstitusiya ən ali qanun olduğu kimi, onun məhkəməsi də ən yuxarı instansiyadır. Loru dildə desək, Konstitusiya Məhkəməsinin kəsdiyi başa sorğu-sual yoxdur, ola bilməz. Burada “baş” yerinə Ali Məhkəmənin, başqa məhkəmələrin, parlamentin-zadın qərarları oxumalıyıq. Özü də KM tam müstəqil orqandır – qanunda belə yazılıbdır. Düzdür, KM üzvləri prezidentin təqdimatıyla parlament tərəfindən təsdiq olunur, lakin bu, onların müstəqilliyinə xələl gətirmir. Ona qalsa ən müstəqil adamlar deputatlardır. Məsələn, elə deputat var səsvermə düyməsini şəxsən özü basır!
Bəs keçmiş baş nazir müavininin övladının KM hakimi zirvəsinə yüksəlməsində hansı faktorlar əsas rol oynamışdır? Birincisi, Pakistan-Türkiyə-Azərbaycan əlaqələri, ikincisi Rusiyanın pomidora qadağa qoyması, üçüncüsü suyun… Zarafat edirəm, səbəb idarədə yerin boşalması idi. Necə bir yer! Biz bunu ətraflı şərh etməsək peşəmizə xəyanət etmiş olarıq.
Keçən həftə KM-də hakimlərdən Südabə Həsənova təqaüdə göndərildi. Südabə xanım 90-cı illərdə bizim ədliyyə nazirimiz olarkən yüksək ədalətli mövqeyi ilə yadda qalmışdı. Məsələn, onun “Demokratiyanı beşikdə boğmaq lazımdır” aforizmi dünya şöhrəti qazanmışdı. Bir nəcib qadından bu cür kəskin, sərt addımlar heyrətamiz idi. Dövlətçiliyimiz o dövrdə, elə sonralar da nəinki demokratiyanı beşikdə boğmaq, o cümlədən xalqın bətnində ikən tutub abort eləmək yolunda qəti, əmin addımlar atdı. Nəticədə Südabə xanım KM hakimi görəvində çalışarkən böyük çətinliklərlə üzləşmədi. Hər şey yağ kimi gedirdi. Ənvər müəllim, Mənsur müəllim, İnqilab müəllim və başqa görkəmli hakimlərimiz demokratiyanı aşağı instansiyalarda tutub qışqırda-qışqırda qulağını kəsirdilər, heç iş yuxarıya çatmırdı.
Sonda bildirək ki, baş nazirin keçmiş müavini asudə vaxtlarında bədii yaradıcılıqla da məşğul olur və əsərlərindən birini vaxtilə “Humayın nağılları” adlandırmışdır. Bax, hazırda KM-ə hakim qoyulan övlad məhz həmin balaca Humaydır. Ümid edək onun sayəsində biz KM-dən nağıl kimi qərarlar görərik, həmişə qanunlar divə qalib gələr, axırda da göydən 3 dənə təmin edilmiş vəsatət düşər. Biz də o vəsatətləri götürüb birini vəkil Elçin Sadıqova, o birini vəkil Aqil Layıca verərik, üçüncü də nağıl danışanın olsun. Di salamat qalın. İnşallah, toylar bərpa olunsun, o qədər aş yeyəsiniz, bığınızda bir kilo düyü tapılsın.