“Həkim həkim deyil, başına gələn həkimdir”
(ata sözü)
Koronavirusla bağlı qorxunc şayiələr yayan həkimin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dərhal aşkara çıxarılması, onun efirdə səhvini etirafı və uca millətimizdən üzr istəməsi, əlbəttə, yaxşı haldır. Üstəlik, həkim şayiəni rusca yaymışdı, üzrxahlıq zamanı da ana dilimizdə çətinliklə danışırdı, belə şəxslərə isə biz ümumiyyətlə nifrət edirik, lazım gələndə AMEA “Dil qaynar xətti”nə şikayət zəngi vurmalıyıq, hərçənd, deyirlər Ramiz müəllim o telefon xəttini kəsibdir, hazırda xüsusi təyinatlı rabitə qoşunlarımız xəttin bərpası üzərində çalışır, məhşur “Mehdiyev müdafiə səngəri”ni yarmaqdadırlar. Ancaq həkimə süjetdə baxarkən yadıma İsa peyğəmbərin o məşhur “kimin günahı yoxdursa, daşı birinci atsın” təklifi düşdü.
İlk növbədə, bəyəm ötən 1 ildə bu andıra qalmış korona haqda hansısa dəqiq məlumat əldə etmişik? Gündə bir söhbət çıxıb. Operativ Qərargahın bir-birinə zidd verdiyi qərarları isə oxuyanda adam çəpgöz olur.
Ümumiyyətlə, kütləvi savadsızlıq istənilən ictimai təhlükəni artıran detaldır, biləsiniz. Ağlı başında olan adam “bu dəfə uşaqlar qırılacaq” proqnozuna inanmaz, çünki ən azından dünyada belə prosesin getmədiyindən xəbərdardır. Hələ olmamış bir şeyə nəyə əsasən inanmalısan ki? Ancaq burada kütləvi informasiya vasitələrinin əhəmiyyəti də ortaya çıxır. Əhalinin etibarlı qəzet, sayt, tv, radio, agentliyi olsa, xəbəri oradan öyrənər, hansısa Xeyransanın “vatsap”da yaydığı cəfəngiyyatdan yox. Müəllim savadsızlıq yayır, jurnalist rüşvətxorluqla baş girləyirsə, belə ölkənin həkimindən nə gözləyəsən? Heç zad. Şəxsən mən bir yerim ağrıyanda məcburam internetdən, “Google poliklinikası”ndan əlac arayım.
Hələ bu həkim toya getməlidir, yaxınlarda mənə bir səs yazısı atmışdılar, orada iddia edilirdi ki, hökumət bizə korona əleyhinə vaksin vurarkən qolumuza çip yerləşdirəcək, həmin çip isə … bitkoin yığmaq üçündür. Biz qolumuzu hər dəfə qaşıyanda (orada prosedur açılmamışdı, təxminən yazıram) hansısa bitkoin fermasında valyuta toplanacaqdır. Ən zırıltı fikir isə bu idi: “Ay camaat, 1 adamın dəyəri 228 milyon dollardır, niyə hökumət bizə bu pulu vermir, ancaq vaksinləyib bizdən pul qazanır?!” Doğrusu, mən bu qədər bahalı olduğumuzu bilmirdim. Uzağı 100 milyona gümanım vardı, lakin sən saydığını say… Ar olsun belə hökumətə.
Həmin gün məni sarsıdan isə təkcə belə qiymətli olmağımızın kəşfi deyildi. Səs yazısını əldə edib mənə göndərən gənc yoldaşın 2 ali təhsil almasını düşünmüşdüm. Amma belə mənasız söhbətə inanmışdı. Bəs indi biz nə edək? Başımıza haranın daşını salaq? Daşın altında travma alsaq, sınığı kim sarıyacaq?
Pis proqnozumun səbəbi var. DTX-nın tapdığı həkimbacının Bakıda travmatologiya və ortopediya xəstəxanasında çalışdığı, Qobustan korona xəstəxanasına ezamiyyətə göndərildiyi açıqlanmışdı. Bax, niyə bunu da soruşan yoxdur ki, nə üçün travmatoloqa ağciyər infeksiyası həvalə edilib? Biz axı Ermənistan kimi geridə qalmış ərazi deyilik, orda diş həkimini baş nazirə müşavir qoyublar.
Mövzu düşmən üzərinə gəlmişkən, bizim daha bir vətən müharibəsi aparmalı olacağımız yavaş-yavaş üzə çıxır. Bu savaş işğaldan azad edilən əraziləri zəbt etməyə çalışan məmurlara qarşı olacaqdır. Artıq bir neçə nazir-mazirin adını bizə bildiriblər. Ali Baş Komandanın əmrini gözləyirik. Mən sizi əmin edirəm ki, bu çağırış olsa uca millətimiz komissarlıqların qapısında daha böyük basabas yaradacaqdır. Bizim “Rüşvətxor məmurlar üzərində Zəfər günü”nə ehtiyacımız böyükdür. Daha 30 il gözləsək onlar respublikanı tamam söküb dağıdacaqlar.