“Ordu və donanma qədər iqtisadi şərtlərdən asılı başqa bir şey yoxdur. Silah-sursat, şəxsi heyət, təşkilatçılıq, taktika və strategiya ilk növbədə həmin anda əldə olunmuş istehsalatdan, rabitə vasitələrindən asılıdır. Burada dahi sərkərdələrin ”azad yaradıcı zəkası” inqilabi rol oynamır, əsas məsələ yaxşı silahın kəşfi və əsgər materialının dəyişməsidir”. Bu müdrik fikirlər alman filosofu, homo-sovetikusların daha yaxşı tanıdığı Fridrix Engelsin “Anti-Dürinq” əsərindəndir. Engels bu əsəri 1878-ci ildə yazmışdı, ancaq gördüyümüz kimi, fikirləri indi də aktualdır. İqtisadiyyatın ordu quruculuğunda rolunu Napoleon da maraqlı şəkildə ifadə eləmişdir: “Bir vicdansız mühasib, düşmən ordusundan təhlükəlidir”.

Lakin mən keçən il qazandığımız qələbədə iqtisadi gücümüzün Ermənistandan qat-qat çox olmasını vurğulamaq fikrində deyiləm, bunu hamı bilir. Sadəcə, Engelsdən verdiyim sitatdakı “əsgər materialının dəyişməsi” ifadəsinə diqqətinizi yönəldirəm.

Əgər ötənilki qələbə uğrunda verdiyimiz qurbanlara, qazi və veteranlara baxsaq, orada könüllü və çağırışçı əsgərlərlə (burada və daha sonra “əsgər” yazarkən zabit və gizir heyətini də nəzərdə tutacağam) yanaşı müddətdən artıq xidmət keçənləri (el arasında “MAXE”) görürük. Haradasa əllinin əlliyə nisbətində. Bəlkə peşəkarlar daha çoxdur – bu haqda statistika əlimizdə yoxdur, müşahidələrə əsaslanıram. Azərbaycan Ordusunun xüsusilə son 10 ildə peşəkar orduya keçmək istiqamətində böyük addımlar atmasının nəticəsidir. Peşəkar ordu təkcə çağdaş silah və texnikalardan daha peşəkar istifadə deyil. Eyni zamanda itkilər olduqda bunu da nisbətən psixoloji anlayışla qarşılamaqdır.

Dünən “Yeni Müsavat”da “Orduda müxalifət və məmur uşaqları” temasında bir müzakirə gördüm. Həmişəki, heç köhnəlməyən mövzudur. “Niyə kasıbların uşaqları Vətəni qoruyur, varlıların uşaqları isə o Vətənin məhsullarını yeyir” – qısa yazsaq mövzu bu cürdür. Hər bir vicdanlı şəxsi vaxtaşırı bu suallar düşündürür. Ancaq soyuq başla təhlil eləsək, bunun obyektiv səbəbləri var.

İlk növbədə dünyanın peşəkar ordularına baxsaq, aşağı-yuxarı orda da vəziyyət eynidir. Örnək üçün, ABŞ-ın İraqda, Əfqanıstanda və başqa qaynar nöqtələrdə saxladığı ordu guya konqressmen və senatorların uşaqlarından düzəldilib? Yox. (Sadəcə, bizdən fərqli orada əsgərin senator olmaq imkanı artır – ABŞ-da hərbçi dövlət üçün ən hörmətli peşələrdən biridir. Deputat uşağı əsgər olmur, ancaq əsgər deputat olur). O cümlədən dünyada xarici muzdlulara 3 il qaynar nöqtədə qulluqdan sonra vətəndaşlıq verən Fransa təcrübəsi var. Sözümün canı odur ki, hər yerdə əsgərliyi imkansızlar seçir. Çünki ordu bu adamlar üçün yeganə sosial lift rolunu oynayır! Kasıbın uşağına yaxşı təhsil vermək, peşə qazandırmaq imkanı sıfıra yaxındır. O uşaq orduya yazılmaqdan başqa hansı yolu seçməlidir? Qabağa getmək üçün, şəxsi karyera, inkişaf üçün şans ancaq orduya yazılmaqdır. Yalnız bu yolla ev, avtomobil, sığorta, gələcək ailənə hansısa qarantiya əldə edə bilərsən. Məsələn, ABŞ ordusunun nəzdində kolleclər var, bəzən kasıb uşaqları o kolleci oxumaq imkanına görə əsgərliyə yazılır. Bizdə də elə əsgər var, görürsən deyir: “Kazarma bizim evdən daha yaxşı şəraitlidir”. Səhv demir. Son iki ayda nə qədər belə uçuq ev gördük və ürəyimiz ağrıdı. Hərçənd, o evləri erməni işğalçıları dağıtmamışdı.

Mövzumuza o qədər dəxli olmasa da, “Qarabağı şuluq və savadsız saydığımız uşaqlar xilas elədi” fikrinə münasibətimi yazım. Bu temada hətta dəyərli həmkarımız Sevda Sultanova yanılmıramsa bir neçə yazı yazmış, qalib ordumuzu “Üzeyir Mehdizadənin dinləyiciləri” adlandırmışdı. Bu da bir yanlış stereotipdir, fikrimcə – guya qəhrəman əsgərlərimizin hamısı bisavaddır, xuliqan olublar, səydəş mahnılar dinləyiblər və sairə. Halbuki keçən ilin döyüşlərində şəxsən tanıdığım neçə dəyərli ziyalımız – jurnalistlər Məğrur Əli Polad, Nəsimi Şərəfxanlı, Emin Piri və başqaları iştirak ediblər. Kim onları “qeyri-intellektual”, ya da xuliqan adlandıra bilər? O cümlədən yüksək musiqi zövqlü və elə gözəl vokal qabiliyyətli insanlar orduda vardı. Konservatoriyanın 10-a yaxın məzunu şəhid olub. Yaxud Xudayar Yusifzadənin ifası musiqi sənəti tariximizə möhür vurub. Mən Kafkanı əsgərlikdə oxumuşdum və kitabı mənə bir zabitimiz vermişdi.

Sonda mövzumuza dönək: çalışaq heç vaxt müharibə olmasın, nə kasıbın, nə varlının uşağı ölsün. Hərçənd iqtisadi fəlsəfə qulağıma pıçıldayır ki, elə dünyada nə qədər bu siniflərə bölünmə varsa, savaşlar da qaçılmazdır.