“Əsl düşmən heç vaxt səni atmaz”

(Stanislav Yeji Lets)

1990-cı illərdə Şuşa işğal ediləndən sonra bizdə bununla bağlı tragikomik məhkəmə prosesləri olmuşdu. Ona görə “tragikomik” adlandırıram ki, həmin proseslərin əslində kim və nə üzərində keçirildiyi axıracan qaranlıq qaldı. Məsələn, bu günəcən də uca millətimiz həmin məhkəmədə qəfəsdə oturan əsas müttəhimin – Rəhim Qazıyevin məhz Şuşanın işğalına görə cəzalandığını zənn edir. Halbuki Qazıyevə çıxarılan hökmlərdə qanunsuz silah gəzdirmə, vəzifə səhlənkarlığı və dövlət əmlakını talamaqdan söhbət getmişdi. O cümlədən Şuşanın işğalında günahkar olan bir çox vəzifəli şəxslər, həmçinin hərbçilər, tabor komandirləri ümumiyyətlə cəzasız qalmış, bu da azmış kimi, yuxarı vəzifələrə çəkilmişdilər.

Bəs bunu niyə yada saldım, onu hörmətli oxuculara bildirim. İki-üç gün qabaq bir erməni saytında Azərbaycanın keçən ilin noyabrında Şuşanı azad etməyinə həsr olunan yazı oxudum, orada hansısa yüksək rütbəli erməni zabit belə açıqlama vermişdi: “Bizə dedilər ki, Şuşaya ”İsgəndər” raketləri atılacaq, ona görə şəhərdən çıxdıq”. Məhz bu cümlə mənə 1995-ci ildəki o məhkəməni xatırlatdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Şuşada özünümüdafiə taborlarımızdan birinin komandiri olmuş şəxs eynilə buna bənzər ifadə vermişdi: “Bizə dedilər Şuşa təyyarədən bombalanacaq, o üzdən batalyonu şəhərdən çıxardıq”.

Əlbəttə, o zaman məhkəmədə həmin şayiəni kimin yaydığı ortaya çıxarılmadı, ola bilsin heç o söhbət olmamışdı. Müharibə elə dəhşətli və axmaq bir prosesdir ki, hər kəsdən qəhrəmanlıq tələb edə bilməzsən. Bəziləri qorxur, döyüş mövqeyini tərk edir və sonradan buna hansısa əsaslar yaratmağa çalışır. Ata sözündə deyilən kimi, qorxunun gözü böyük olur. İndi ermənilər də çox güman öz qorxaqlığına “İsgəndər” donu biçmək istəyir. Lakin bu, Şuşanın 1992-ci ildə işğalının, həmçinin 2020-ci ildə azadlığının asan başa gəlməsi, boş yerdə baş tutması mənasına gəlmir. Qaçanlar, qorxanlarla yanaşı, son damla qanına qədər vuruşanlar olub. Hər iki tərəfdən. Əks halda, o qədər itkilər haradan yarandı?

Tarixi məsələlərdə faktlar dəqiq araşdırılmalıdır, hərçənd bu temada bir aforizm də hazırda böyürdə sülənir və özünü mətnimizə hər vəchlə dürtməyə çalışır: “Tarix hakimiyyətlərin fahişəsidir”. (Qabağını kəsə bilmədim, üzürlü sayın). Yəni, demək istəyir, hər bir dövlət və hökumət öz tarixini özü yazır, nə cür kefi istəsə, elə də alınır. Bütün dünya xalqları arasında, tarix boyunca tarix elmi bu cür olubdur. Məsələn, mən uşaq olanda sovet hökuməti nəyəsə görə vacib bilirdi ki, biz Buz döyüşünü, Kulikovo döyüşünü, nə bilim, Port Artur döyüşünü mütləq oxuyub öyrənməliyik. İndi uşaqlara hansı döyüşlər öyrədilir, bunu dəqiq bilmirəm. Ümumiyyətlə, məndən olsa məktəbdə heç bir döyüşü tədris eləməzdim. Ən azından yaxşı hadisə kimi öyrətməzdim. Bəşəriyyət haçansa bütün sərkərdələri və başkəsənləri layiqincə qiymətləndirər, ümid edək. Ən azından ABŞ-da və Avropada bu istiqamətdə müzakirələrə, tədbirlərə başlayıblar. Kimliyindən asılı olmayaraq, dövlət qarşısında xidmətlərini düşünmədən xadimlərin heykəllərini uçurur, portretlərini divarlardan çıxarırlar. ABŞ-ın təzə şefi Baydenin “Oval kabinet”dən Çörçilin büstünü tullaması da ingilislərdə dilxorçuluğa səbəb olmuşdu.

Lakin biz bu tip proseslərdə hələlik müəyyən dissonans yaşayırıq (ümid edək Kərim Şükürovun Tarix İnstitutunda Yaqub müəllimin yerinə qoyulması müsbət dəyişikliyə gətirər). Örnək üçün, bəzi adamları xəyanət və fərarilikdə suçlayırıq, eyni zamanda onlara Fəxri Xiyabanda heykəl ucaldırıq. Bəli, Elçibəyi nəzərdə tuturam. O cümlədən ailə üzvləri eks-prezident statusu və fərdi təqaüdlə təmin edilir, evi yüksək səviyyədə təmir olunur. Bu, bəzi şəhid ailələrinin Qaradağda övladlarına pis şəraitli qəbir qazılmasına etirazları fonunda xüsusilə qıcıqlandırıcıdır. İstər-istəməz adamlar soruşa bilər: “Şəhid niyə ucqarda, fərari isə fəxri xiyabandadır?” Əlbəttə, mən iddiaların həqiqət yükü haqda mühakimə yürütmürəm, sadəcə, faktları konstatasiya edirəm. Nəticəni oxucular özü çıxartsın.