SSRİ-də 1937-38-ci il repressiyalarının əsas başkəsənlərindən biri daxili işlər komissarı Nikolay Yejov olmuşdu. Həmin Yejovun Stalinlə bir fotosu senzura tarixinə düşüb. O fotonun ilkin variantında Stalin və Yejov Moskva çayının sahilində söhbətləşərək gəzirlər. Ancaq 1939-da Yejov “xalq düşməni” çıxır, onu da qurbanları kimi güllə ilə vurub öldürürlər. Bəs şəkil necə olsun? Sovet senzura idarəsi belə qərara gəlir ki, fotodan Yejovu silsinlər. Beləcə, ikinci variantda Stalin çayın qırağında Yejov olmadan gəzişirdi

Ola bilsin kiməsə anekdot kimi görünər, çünki SSRİ vaxtı buna bənzər temalarda anekdotlar da yaranmışdı. Misal üçün, bir heykəltəraş Leninin heykəlini düzəldirdi, əlində şapka ilə. Sonra rəhbərlik tələb edirdi şapka əldə yox, başda olsun. Nəticədə heykəl iki şapkada ortaya çıxırdı. Ancaq mən sovet senzurasının gerçəyini bir kəndimizdə görmüşdüm. Orda parkın içində Leninin heykəli vardı, skameykada oturmuş vəziyyətdə. Lakin nədənsə onun yanında geniş boş yer vardı. Sən demə, orada Stalinin heykəli varmış, sökülübmüş.

Bəs bu tarix niyə yadıma düşdü? Dünən xəbər lentində gördüm: İsrailin baş naziri Benyamin Netanyahu Tvitter sosial şəbəkəsində əsas divar fotosunu təcili dəyişdirib. Orada Netanyahu Donald Trampla yanaşı durubmuş. Bəli, dünya elə vəziyyətə gəlib ki, artıq ABŞ prezidentiylə şəkil çəkdirmək ayıb sayılır. Yalan olmasın, Donald Tramp Nikolay Yejovun yerindədir.

Ancaq hər kəsin hansı yerdə olması, şübhəsiz onun özündən asılıdır. Bax, son günlər Ermənistanda valideynlər çoxlu etiraz aksiyaları keçirir, uşaqlarının Azərbaycana – Dağlıq Qarabağa əsgərliyə göndərilməsini istəmirlər. Nəhayət, oyanıblar və bu, yaxşı haldır. Gözü çıxan qardaşlarından dərs alırlar. Müharibə iki aydır dayanıb, ermənilər isə hələ də işğaldan azad edilən ərazilərimizdən əsgərlərinin meyitlərini toplayırlar. O rayondan 10 nəfər, bu kənddən 5 cəsəd… Bitmək bilmir. Son toplanan cəsəd sayı 1200-ü keçmişdi. O cümlədən, Moskvada son üçtərəfli dövlət başçıları görüşünün yekununda Paşinyan əsasən o temada donquldadı ki, əsirlər məsələsində razılığa gəlmədik. Necə gəlinə bilərdi ki, o əsirlərin çoxu atəşkəsdən sonra, ərazilərimizdə terror cəhdi zamanı yaxalanıblar? Sən günaşırı bandit göndər, sonra əsir düşəndə yalvar – olmur axı. Biz haçana qədər əsir tutub qaytarmalıyıq? Mən o görüşün yekun bəyanatında növbəti dəfə səslənən yolların açılması, kommunikasiyaların bərpası söhbətlərinə də nikbinliklə baxmıram, nə qədər sülhsevər, barışıq tərəfdarı olsam belə. Ermənilərin bizimlə dinc yanaşı yaşaması alınmayacaq. Özü də “yaralar qaysaq bağlasın, müəyyən vaxt keçsin, düzələcək” baxış bucağı da inandırıcı deyil. Haçansa bu tema təzədən qalxacaq, bu yara yenidən qanayacaq. 1905-ci ilin 1918-də təkrar olunması, 1918-i unudub 1948-də təzədən yaşamaq kimi. Ondan keçəndə 1960-ların erməni düşmənçiliyi. Daha sonra Quqark oldu, daha sonra Xocalı və sairə – hamıya məlumdur.

Özü də cəsəd tapırlar, deyirlər bura bizimdir, əks halda niyə burda ölürdük? Daşın üstünə xaç çəkirlər, olur avtomatik xaçkar deyilən şey. Vəssalam, o daşı tərpədəndə erməni “abidəsi”nə qarşı vandallıq alınır. Əsirlər Bakıya gətirilibsə, bura da əsir erməni yurdu olurmu? Nəsə, əcəb işə düşmüşük. Ən yaxşısı sərhəddə hündür hasar tikək, bir də bunların üzünü görməyək. Azərbaycan xalqının ermənilərlə əlləşməkdən başqa işi-gücü yoxdurmu?