“Bizə gələn keçəlin saçı dabanından olar”

(Azərbaycan ata sözü)

Mənim söyüş söyməkdən o qədər xoşum gəlmir, bunun önəm daşıdığını da düşünmürəm, ancaq son hadisələr Ermənistanın nə qədər həyasız ölkə olmasını bir daha göstərir. Deyirlər Azərbaycan beynəlxalq humanitar normaları pozaraq əməliyyata başlayıbdır. 30 ildir yüz minlərlə insanı ev-eşiyindən didərgin salan, qondarma bir rejimin ətrafında dünyada görünməmiş “təhlükəsizlik zolağı” adlı ikinci işğal zonası saxlayan bir rejim beynəlxalq humanitar normalardan danışır. Əlbəttə, Ermənistanın bu abırsızlığına onu illərdir bəsləyən dövlətlər əsas yaradıbdır. Maşanı tutan əllər var, yoxsa özü-özlüyündə heç nəyə yaramayan haça dəmir parçasıdır.

Yenə söyüş yazmaq istəmirdim, ancaq rusiyalı publisist Şenderoviçin açıqlamasını oxuyanda ağlıma gəldi ki, yəqin bunun soyadı qədimdə “Cındıroviç” imiş, gəlib bu şəkli alıbdır. Mən bunun əsərlərini qabaqlar oxumuşdum, özünə də Putinə müxalif şəxs kimi az-maz hörmətim vardı, ancaq görün bu tip indi nə deyir: “Azərbaycan Türkiyə ilə birləşib Ermənistana hücuma keçib, gərək Rusiya buna qarışsın”. Sən demə, Azərbaycan öz ərazilərinə hücuma keçərkən Ermənistanla savaşırmış. Burda məntiq hanı? Özü də utanmazcasına hələ deyir mənə BMT-dən, qanuni sərhədlərdən-zaddan danışmayın. Bəs nədən danışaq? Hərə yuxudan durub başqasının torpağını mənimsəsə, dünyanın axırı necə olar? Sənin Azərbaycan hakimiyyətindən xoşun gəlməyə bilər, sözgəlişi, heç mənim də xoşum gəlmir, ancaq buna görə beynəlxalq hüquq normalarını, insan hüquqları konvensiyalarını tapdamağa, Putini başqa dövlətə qoşun yeritməyə çağırmalısan? Özü də bu ikiüzlü Şenderoviç rusların Krımı işğalını, Suriyaya, Liviyaya qoşun basmağını pisləyir. Ancaq Qafqaza ordu basanda məntiqli olurmuş. Kül sənin saxta liberal başına. Elə buna görə dünyada heç kim Rusiyaya etibar eləmir. Çünki insan haqlarına münasibətə gələndə rusların liberalının şovinistindən heç bir fərqi olmur. Neçə illərdir dünya Navalnıdan “Krım kimindir” sualına bir düz-əməlli cavab ala bilmir. Bunların guya ən demokratı Yeltsin idi, Qafqazı Çeçenistandan Qarabağa qədər al qana bülənd eləyib cəhənnəmə vasil oldu. Təəssüf ki, Rusiyanı düşünəndə adamın ağlına o populyar məsəl düşür: “Rusiyanın iki problemi var, yollar və axmaqlar”. Bəlkə yolları düzəldəcəklər, ancaq axmaqlar məsələsi həll olunmayacaq.

Ermənistanın və onun havadarlarının “Türkiyə Azərbaycana dəstək verir, qoymayın” hay-harayı da başqa zırramalıqdır. Özü Rusiya ilə hərbi ittifaq bağlayıb ərazisində rus hərbi bazaları saxlayan oyuncaq dövlətin başqalarının elində türk axtarmasına nə ad qoyasan? Üstəlik, ruslar və ermənilər tamam ayrı millətdir, ancaq biz axı iki türk dövlətiyik. Necə olur, ermənilər bizi öldürmək istəyəndə “türk” deyə çağırır, ancaq biz Anadolu türkləri ilə birləşəndə bu nəsə anormal haldır? Bu, bütün dünyadakı idiotlara aiddir, yeri gəlmişkən. Onlar hələ də qəbul eləmək istəmirlər ki, Türkiyə, Azərbaycan, İraq, İran türklərinin etnik, dil, mədəniyyət və sairə fərqləri ABŞ, Britaniya, Avstraliya ingilislərinin, Avstriya, Almaniya, İsveçrə almanlarının, Volqaboyu, Sibir, Moskva ruslarının etnik, dil, mədəniyyət fərqləri qədərdir, yəni, heç yox kimidir. Sən “rusdilli əhali”ni bəhanə edib Ukraynanın qanını axıda bilərsən, ancaq Türkiyə öz xalqını Qafqazda müdafiə edə bilməzmiş. “Məntiqinizi” ayı… yesin.

Əslində mənə elə gəlir bu saat Türkiyənin bölgədə rolu olduqca zəifdir, ancaq bunu müzakirə eləmək istəmirəm. Lap hesab edək biz ayrı xalqlarıq, Türkiyə də basıb Qafqaza girir. Bəyəm beynəlxalq hüquqda haqqı pozulan insanların milli kimliyinin önəm daşımadığı yazılmayıb? Yazılıb. İndi də Türkiyənin haqqı var ki, yurdundan qovulan insanların yaşamaq hüququnu bərpa etmək üçün ordu yeritsin. Lap biz heç türk deyilik, marsiançiklərik, bəyəm bizim öz evimizdə yaşamağa haqqımız yoxdur?

P.S. Yazıdakı bəzi kəskin sözlərə görə oxuculardan üzr istəyirəm. Siz yaxşı sözlər oxumağa layiqsiniz.