“Əgər İsa qozbel olsaydı, onu çətin çarmıxa çəkərdilər”
(Günter Qrass, “Tənəkə təbil”)
Xaricdə oturub ölkəmizdəki rəhbər şəxsləri söyən bir qrup yaramaz varmış, indi hökumət baş prokurorluğun xəttiylə bu zəhmətkeşləri beynəlxalq axtarışa veribdir. Doğrudur, yanılmıramsa axtarış söyüşlərə görə verilməyibdir, guya onlar bizdəki dövlət quruluşunu dağıtmaq cəhdi edirmiş. “Guya” niyə yazdım? Çünki mənə görə bizim topdağıtmaz, xalqla sarsılmaz ittifaqda qurulan hökuməti heç kim dağıda bilməz. Elə iqtidar özü də vaxtaşırı belə bəyan edir. O zaman biz xaricdən pis adamları niyə tutub ölkəmizə gətirmək istəyirik? Respublikamızın bu prosesdən qazancı nədir? Tutaq ki, hazırda onları xaricdən maliyyələşdirirlər. Bura gətirsək, türmə xərclərini gərək özümüz ödəyək. Super təmirli türmələrdə yağ-bal içində yaşayan dustaqlarımızın gündəlik dövlət büdcəsi xərcləri Allah bilir neçə manatdır. Hazır cəhənnəm olub gedibdirlərsə, məntiq nədir bunları axtarışa verirsiniz? Sanki bizim dövlət manyak qaynağıdır, xaricdən də manyakları axtarır ki, tapıb bura gətirsin, yığıb bir yerdə, göz üstündə saxlasın. Bütün dünyada çalışırlar elm adamlarını, beyinləri, savadlı yoldaşları öz ölkələrinə yığsınlar, bu minvalla millət inkişaf eləsin, yaxşı yaşasın. Azərbaycan isə uzun illərdir xaricdən cinayətkar toplayıb gətirməyə məşğuldur. Məncə kim, hansı yolla çıxıb gedibdirsə, tutub gətirməyə ehtiyac yoxdur. Təbii, təklifim burada cinayət eləyib qaçanlara aid deyil. Xaricdə ağzını boş qoyub çərən-pərən vuranlara aiddir. Üstəlik, biz xaricdə əleyhimizə təbliğat aparanların hamısını tutub bura gətirəsi olsaq, axırda vətənimizdə normal, sağlam (və o cümlədən sağmal) şəxsiyyətlərə yer qalmaz. Ən azından milyonlarla erməni vardır ki, anti-Azərbaycan təbliğatı aparır, dövlətçiliyimizi sarsıtmağa çağırışlar edirlər. Bunları da tutaq gətirək, Bakı ətrafında türmə-mikrorayonlar tikək, içində qalsınlar. Əbdülrəhman Xottabıç da Moskvadan gözaydınlığı versin: “Ay camaat, muştuluq, ermənilər Bakıya qayıdır!” Sizə bu lazımdır?
Əlbəttə, lazım deyildir. O üzdən gərək biz dövlətçilik addımlarını min ölçüb bir ataq. Yoxsa gündə bir iqtisadi şura, aybaşında təzə maliyyə idarəsi qayırırıq, dolanışıq arabası isə qabağa getmir.
Az qala hər gün xəbər gəlir ki, Ramiz müəllimi filan işdən azad elədilər, Əli Həsənov behman yerdən çıxdı. Ay balam, bunlara nə qədər vəzifə tapşırıbmışlar!? Təmizlədikcə qurtarmır. Bir insan neçə komissiyada sədr, nə qədər kafedrada müdir olarmış? Lap o operadakı “Fiqaro burda, Fiqaro orda” söhbəti kimidir. Ümumiyyətlə, akademiklərimizdən xahiş edirik, elmi mövzu götürüb işləsinlər: “Bir insan eyni vaxtda neçə kresloda otura bilər və bunun kvant mexanikasında inikası və dövlətçiliyimizə mənfi təsirləri islahatlar prizmasında”.
Bəlkə də qabaqcadan hər adama bircə vəzifə verilsəydi, heç toyun axırında o cür dava düşməz, gitara manısların başında sınmazdı. Sovet vaxtı Narxozda planlaşdırma adında ixtisas vardı, yəqin onu bərpa eləmək lazımdır. Plansız işin birini qaz idarəsi açıqlayıbdır. O qədər gülünc hərəkətdir ki, bilmirsən buna nə yazasan. Hazırda bizdə çox yerdə smart tipli qaz sayğacları var. Karta pul vur, qazın gəlsin, nəzarətçini də ildə bir dəfə gör. Yaxşı sistemdir, korrupsiyanı önləyir. Ancaq indi qaz idarəsi bu sayğacları mexaniki sayğaclarla əvəz edir. Geriyə addımdır, çünki hər ayın axırı nəzarətçi gəlib sayğaca baxmalı, hesab yazmalıdır. Burada nə qədər dövlət vəsaiti boş-boşuna gedəcək. Həm də nəzarətçi ilə canlı ünsiyyət oğurluğu artıracaq, qanunsuz xətlər yaranacaq, borclar yığılacaq, borca görə hökumət xalqa minnət qoyacaq və sairə. Qaz idarəsi isə dünən açıqlayıb ki, narahat olmayın, buna çarə tapmışıq. Necə? İnanılmazdır: hər sayğacın üstünə radiodalğa nəzarət cihazı qurulacaq! Bu qurğular nəzarətçilərə sayğaca uzaqdan baxmağa imkan verəcəkmiş.
Lətifə deyilmi? Smart sayğaclar elə terminallar vasitəsiylə ödənişlərə nəzarətin vahid sistemiydisə, indi hər sayğaca əlavə “kamera” taxmaq hansı ağıllının beyninin məhsuludur? O köhnə lətifədə tayada qalan adamı düşürtmək üçün “belinə ip bağlayıb, dartın” məsləhəti verən ağsaqqal yada düşür.
Tema açılmışkən, oxucularımızdan Həsən bəy Niftulla oğlu korrupsiya ilə mübarizə komissiyasının sədrinin çıxarılmasını eşidəndə telefonla belə əhvalat danışdı: “Bir kənddə ot tayaları tez-tez yanırmış, axırda bir kişini qarovulçu qoyurlar. Arvadı narahat olur, deyir, sən gərək bu vəzifəyə getməzdin, indi taya yanacaq, boynunda qalacaq. Kişi gülür, deyir, arvad, heç qorxma, daha tayalar yanmaz, çünki onları elə mən özüm yandırırdım”.