“Vaxt vardı bir ucdan tökülərdik çölə, eyvah,
Durduq, elədik meydanı sabitliyə qurban…
…Olsun Pənahın portfeli peşkəş bu uğurda,
Getsin İsanın qəlyanı sabitliyə qurban”
(Mətləb Nağı)
Bir qrup yaradıcı gəncin ADO adlı teatrı var. Qabaqca ODA idi, düzü bilmirəm niyə tərsinə fırladıb ADO elədilər. Yəqin bu da ölkəmizdə işlərin tərsinə dövran eləməsinə işarədir. Hər bir teatrın, yaradıcı insanın borcudur vətənindəki problemləri işıqlandırsın. Hərçənd mən güman edirəm bir müddət sonra teatr truppası özünü ADƏ adlandıracaqdır. Çünki gedişata baxanda adam “adə, siz neynirsiniz” qışqırmaq istəyir. Teatral əda (bunu da böyük yazmaq olardı) və pafosla. Rəhmətlik Amaliya xanımın səsiylə.
Bax, həmin bu ADO teatrı nəinki ölkəmizdə gənclərə yeni, çağdaş teatr estetikasını dadızdırır və Azdramanın, Muzdramanın, canım sənə desin, başqa mızdramalarımızın kif basmış səhnəsinə baxmaq istəməyənlərə saman çöpü rolunu oynayır, həm də zəhləmgetmiş ritorika ilə yazsam, xaricdə ölkəmizi ləyaqətlə təmsil edir. Hətta Gürcüstanda küçədə teatr göstəriblər. Küçədə teatr göstərmək, ümumiyyətlə, yaxşı bir şeydir. Şəhərin mədəniliyinin örnəyidir. Yoxsa şəhərdə bıçaqlanan qaqaşlar, təpiklənən armudsatan, ya da nə bilim, “istefa” şüarı və bibər qazı olmaz ki? Küçədə tamaşa olanda, yuxarıdakıların ehtimalı da azalır, biləsiniz. Ancaq indi bunu analiz eləmək fikrim yoxdur. ADO teatrı neçə ildir Bakıda da meydan, küçə tamaşaları göstərmək istəyir, lakin bu arzu Mədəniyyət Nazirliyi və Bakı ŞİH-in arasında futbol topuna dönüb. İcazə vermirdilər. Nəhayət, məhkəmə qərar çıxarmışdı ki, teatr haqlıdır. Bundan sonra Mədəniyyət Nazirliyi apelyasiya şikayəti verib, dünən təzə kağız çıxıb: yox, teatr haqsızdır. Yəni küçə tamaşası olmaz.
Doğrudan da, hara dartırsan dart, nazirliyin şikayəti və məhkəmənin qərarı ədalətlidir. ADO teatrı qərardan Ali Məhkəməyə eləmək istədiyi şikayəti indidən cırıb tullasın. Küçə nədir, tamaşa nədir? Başınıza salon qəhətdirmi? (Bir az koronavirus işləri korlayır, ancaq maska taxın. Teatr və maska, əslində ayrılmaz atributlardır). Heç sizin rola girməyinizə, el dilində yazsaq, mütrüflük eləməyinizə ehtiyac yoxdur, Azərbaycanda hansı salona, hansı idarəyə, millətin istənilən hissə və detallarına, qırıq-quruğuna baxsan orada möhtəşəm teatr elementləri, cürbəcür faciələr, komediyalar, çox vaxt isə ikisinin sintezi olan tragikomediyalar görürük.
Misal üçün, 10 il hansı dərədən deputat qoyulduğu bilinməyən birisi 15 gün həbs olunur, çıxanda elə ağlayır ki, istənilən aktyor, lap elə Nadir Qafarzadə şəxsən həsəd aparar. Dünənə qədər el ağsaqqalı sayılan adam bir günün içində süpürgəyə döndərilir. Bizim milli teatrda müsbət və mənfi qəhrəman yoxdur, daha doğrusu, dramanın ekspozisiyası, razvyazkası, kulminasiyası tamamilə baş rejissordan asılıdır. Ssenarini, musiqini də özü yazır. Burada birinci səhnədə divardan tüfəng asılıbsa, axırıncı səhnədə o tüfəngin atəş açmağı zəruri deyil. Hərrac açıb tamaşaçılara satmaq olar. Qan-qadadan niyə zövq alaq?
Teatrdan söz açılmışkən, Vilyam müəllimin axırıncı müraciəti nöşün diqqətimizdən qıraqda qalsın? Yox, bu Şekspir müəllim deyil, onun Balıq Hafizin qohumu olan adaşıdır. Vilyam Hacıyev adlı bu görkəmli səhnə ustamız İmişli icra hakimiyyətinin başçısı işləyirdi. Sonra əlaqədar orqanlar bunu talançılıqda suçlayıb dama basdılar, otağından isə qutu-qutu xarici pullar çıxdı. Əsasən avro. (Dəli şeytan deyir axı Vilyam müəllim pulu funt-sterlinqlə toplamalıydı. Heç Danimarka ilə də düz gəlmir, orada krondur. Gərək teatrın administratoru rekvizit işlərində belə detalları nəzərə alsın. Biz milli teatrımızı qüsursuz istəyirik). İndi isə Vilyam müəllim rəhbərliyə məktub yazıb, əfv arzu edir, həmçinin rayonda gördüyü quruculuq işlərini sadalayır. Onu mən tikdim, bunu mən qayırdım, filan söküyü yamadım, behman yırtığı örtdüm… Deyir, İmişlidə öz hesabıma şahmat məktəbi tikmişəm. Yox, bəlkə Kasparova oynamağı da sən öyrətmişdin? Ağıllanmadığı göz önündədir. A yoldaş, axı sən kimsən rayonda nəsə tikəydin? Orada görülən işlər hamısı rəhbərliyin qayğısı sayəsində olmuşdur.
Hələ o biri səfeh deyirdi ki, bizim tayfanın ağsaqqalı vaxtilə dahi rəhbərin ölkədə görən gözü, danışan dili, vuran əli və başqa orqanları olmuşdur. Halbuki biz tarixdən yaxşı bilirik ki, rəhbərin görən gözü də, danışan dili də yalnız Azərbaycan xalqı olmuşdur. Yoxsa görürsən arada hansısa 91 nəfər ortaya hoppanır, “biz yığışdıq, filan iş gördük” deyə dızıldaşırlar. Xalq və rəhbər olan yerdə, siz kimsiniz?
Yaxşı yadıma düşdü, görən ağsaqqal o vaxt 91 nəfərə niyə qoşulmamışdı? Məncə, bunu da indi səhnələşdirməliyik. Anşlaq qaçılmazdır.