Türkiyənin cənub-şərqində qədim bir şəhər və eyni adlı vilayət var, adına Maraş deyirlər, sənədlərdə isə adı Kahramanmaraş gedir.

Qədim Maraşın adının önünə “Qəhrəman” ünvanı ona görə artırılıb ki, şəhərin oğul və qızları 100 il öncə gerçək bir qəhrəmanlıq dastanı yazıblar. Bu gün dondurması ilə məşhur olan Maraşda 100 il öncə qandonduran faciələr yaşanıb.

Fransa ordusu erməni legionu ilə birləşərək Maraşı işğal ediblər, daha sonra Atatürkün başlatdığı qurtuluş savaşının sonrakı illərində türklər zəif silahlanmış olsalar da, özlərindən güclü fransızları və ermənilər vilayətdən və ölkədən qovublar.

Buna görə 1925-ci ildə Türkiyə parlamentinin qərarı ilə Maraşa “İstiqlal” medalı verilib. 1973-cü ildə isə şəhər Kahramanmaraş adlandırılıb. Bu, ona görə edilib ki, gənc nəsil əcdadlarının hansı məşəqqətlərdən keçərək şəhəri qoruduqlarını unutmasınlar.

Türkiyənin cənub-şərqində daha bir vilayət və şəhər də var, Urfa adlanır. Bu şəhərin indiki sakinlərinin danışığı bizim danışığa çox oxşayır. Ona görə ki, vaxtilə Azərbaycan türklərinin qurduğu dövlətlərin şəhəri olub.

1984-cü ildə bu şəhər Şanlıurfa adlandırılıb. Ona görə ki, qurtuluş savaşında, konkret olaraq, 1920-ci ilin aprelində urfalı könüllülər silaha sarılaraq düşmənə böyük dirəniş göstəriblər, şəhəri işğaldan qurtarıblar, şan-şəhrətləri Türkiyə ilə bir olub. Urfalılar da fransızlara və ermənilərə qalib gəliblər. İndi Şanlıurfa “İstiqlal” medalı daşıyır.

Türkiyənin cənub şərqində qədim Antep şəhəri var, yüz ildir rəsmi adı Qaziantepdir. Ona görə ki, düz 100 il öncə anteplilər  döyüş meydanlarında şəhid və qazi olaraq bu şəhəri düşmən işğalından qurtarıblar.

Maraş və Urfadan bir az fərqli olaraq, Antepin düşmənləri daha çox olub – Böyük Britaniya, Fransa və erməni legionu.

I dünya müharibəsindən sonra adı çəkilən qüvvələr Antepi öz aralında bölüblər. 1918-ci ildə Antep Böyük Britaniyaya verilib, 1919-cu ildə şəhər Fransanın ixtiyarına keçib. Bu əldəyişmələrdə ermənilər də baş rolda olub, özlərinə gah onu, gah bunu sahib sayıblar. Amma 1920-ci ildə şəhərin əsl yiyələri gəlib, düşmənləri darmadağın edib, pərən-pərən salıb.

Hər üç türk şəhərinin yüz il əvvəlki tarixində yer alan dövlət və millət adlarına fikir verdinizmi? Fransızlar, ermənilər, türklər…

O zaman Türkiyənin işğala məruz qalan şəhərləri təkcə onlar olmayıb. İstanbul, İzmir və digər dəniz sahili şəhərlər də əldən gedibmiş. O şəhərlərdə də ingilislər, fransızlar, yunanlar, italyanlar hökmranlıq edirmiş.

Ancaq Atatürk başda olmaqla, türklər, eləcə də kürdlər, çərkəzlər, lazlar ayağa qalxaraq, toparlanaraq müasir Türkiyənin sərhədlərini qoruya biliblər. Qoruya bilməsələr, müasir Türkiyə Ankara civarında dənizlərə çıxışı olmayan kiçik və qapazaltı bir dövlət olardı, bəlkə də heç olmazdı və bu boyda, bu sayda ulus dominant xalqlaarın içində genosidə və ya assimlyasiyaya uğrayar, müasir uyğurların taleyini yaşayardı.

O hadisələrin üstündən 100 il keçib, indi Türkiyə ətrafında baş verən indiki siyasi hərəkətlənmələrə adi xəbər başlıqlarına baxaq: “Yunanlar Rodos adasına qoşun çıxardı”; “Fransa ən böyük savaş gəmisini Aralıq dənizinə, Türkiyənin üstünə göndərir”; “Avropa Birliyi Türkiyəyə sanksiya tətbiq etməklə hədələyib”; “Ermənilər Vana və digər tarixi ərazilərə ərazi iddiası irəli sürürlər”; “Yunanıstan Şimali Kipri blokadaya almağa çalışır”; “Türkiyə Fransaya xəbərdarlıq etdi” və sair və ilaxır.

Sanarsan, yenə 100 il öncədir və aradan bu qədər uzun illər keçməyib. Düşmən həmin düşməndir, iştah həmin iştahdır. Müasir Fransa və Yunanıstan guya ki, demokratik və mədəni ölkələrdir, siyasətləri isə 100 il əvvəlki kimidir. Yenə də tarixi türk torpaqlarına göz dikiblər, yenə də regionda özlərinə maşa tapıblar. 100 il əvvəl maşa rolunda erməniləri istifadə edib yandırdıqları kimi, indi də PKK-çılardan yararlanmaq istəyirlər.

İşə baxın ki, 1000 və 3000 mil uzaqdan gələn yunan və fransız gəmiləri bu gün Türkiyənin bir neçə mil aralısına qədər gəliblər və qosqoca Türkiyəyə meydan oxuyurlar.

Türkiyə isə 100 il əvvəlki, ayağı çarıqlı, əliyalın Osmanlı dövləti deyil, qat-qat güclüdür. İndiki türklər də 100 il əvvəlki qəhrəmanların nəvə-nəticələridir. Düşmənlərin siyasəti və niyyəti 100 ilə dəyişməyibsə, türklərin də şücaəti dəyişməmiş olar, inşallah.