Vladimir Jirinovskinin təkcə siyasi kloun deyil, həm də Kremlin xəbərçisi olduğunu bilməyən olmaz yəqin ki. Özünü Rusiya “liberal demokratları”nın lideri sayan bu şəxsin təbii ki, liberal-demokratiyaya zərrəcə dəxli yoxdur. Onun eyni adlı partiyası da liberal demokratiya anlayışı üçün yalnız kobud zarafat və karikatura kimidir.
Çünki Jirinovski tipik imperiya düşüncəli bir rusdur. Daha doğrusu, yarım-rusdur (Bilməyənlər üçün: onun doğum adı Vladimir Volfoviç Eydelşteyndir). Ötən il Putini çar elan edib, seçkiləri ləğv etmək təklifində bulanan birisi indi necə demokrat, üstəlik, liberal demokrat adına iddiaçı ola bilər ki. Cəmi iki gün öncə isə o, SSRİ-ni dağıdanları (Qorbaçov və başqalarını) yaxın illərdə onlar üzərində tribunal qurulacağı ilə hədələmişdi.
Di gəl ki, Rusiyada hər seçkidə o və partiyası stabil olaraq 10-12% arası səs toplayır. Bu da əlbəttə ki, onun populist və yaxşı siyasi kloun olmasına verilən dəyərdir. Rusların müəyyən qismi belələrini sevər. Xüsusən də onun kasıb Rusiya əhalisinin dolanışığını necə yaxşılaşdrmaqdan danışmaq əvəzinə SSRİ-ni bərpa eləmək, daha doğrusu, Rusiya imperiyasının sərhədlərini sovet dönəmindəkinə qaytarmaq, indiki Rusiyanın ərazisini böyütmək yönündə bəyanatları, nə yazıq ki, hələ də Rusiya ictimai şüuru üçün yağlı “yağlı jmıx” olaraq qalır…
Dünən isə o, Belarusun ilin axırınadək Rusiya tərkibinə qatılacağını söyləyib. Özü də əminliklə. Hələ üstəlik, “Exo Moskva” radiostansiyasının aparıcısı ilə bununla bağlı bir yeşik pivədən mərc də gəlib. Bəs hardandır onda bu əminlik? Bəlkə danışmanı olduğu Kremldən qulağına səs dəyib?..
Putinin Lukaşenkodan artıq xoşlanmadığ məlumdur. Demək, Jirik heç də özündən demir. Kremldə Belarusla bağlı konkret planlar var. Fəqət, XXI əsrdə bir müstəqil ölkənin başçısından zəhlən gedirsə, onu taxtdan salıb həmin ölkəni zorla özünə necə birləşdirmək olar? Keşiş pisdirsə, kilsəni də dağıtmalısan?..
Jirinovski iddi edir ki, belarusluların əksəriyyəti guya Rusiyaya birləşməyi istəyir və bu ideyadan hətta cuşa gəlir. Siyasətçinin fikrincə, Belarusun birləşməsindən sonra ölkə Minsk və Moqilyov vilayətlərinə bölünəcək. Yəni Rusiya tərkibində tam “əridiləcək”. Zatən, illərdir kağız üzərində qalan Rusiya-Belarus ittifaq dövlətini yaratmaqda tək hədəf də elə budur – onu canlandırmaq və SSRİ-nin “zühur eləməsi” üçün cəlbedici “nüvə”yə çevirmək.
Putinin özü dəfələrlə Sovet İttifaqının dağılmasına təəssüf edərək, onu “XXI əsrin (əsrinmi? – Z.S.) ən böyük faciəsi” adlandırıb. Heç kim də şəkk eləməsin, əgər Qorbaçovun yerində Putin olsaydı, biz indiyədək SSRİ-də yaşayırdıq. Hər halda cənab Putin dövləti necə “qorumağın” yolunu 2000-ci illərin əvvəllərində 2-ci qanlı Çeçen savaşında əyani göstərib…
Qayıdaq, SSRİ-nin xortlaması məsələsinə. Bundan ötrü Kremlə öncə qanbir, dilbir slavyan qardaşların yaşadığı ölkələri (Belarus, Ukrayna, “Norossiya”) bir yerə yığmaq, sonra isə zamanla, imkan olsa, qeyri-slavyan və türk-müsəlman respublikaları “ata yurduna” qaytarmaq lazımdır. Ancaq sual yaranır: bədbəxt belaruslu və ya ukraynalı, yaxud qeyr-slavyan, qeyri-rus hansı ağ gün üçün Rusiya tərkibinə can atmalıdır? Bəyəm Rusiyada yaşayış Qərbi Avropa və ya ümumən Qərbdəki kimi yüksək səviyyədədir ki, keçmiş müttəfiq respublikaların əhalisi onun tərkibində yaşamaq üçün əldən getsin? Uzağa getməyək, Krım Rusiyaya ilhaq ediləndən sonra yarımadanın əhalisi ağ günəmi çıxıb və ya indi daha yaxşı yaşayırmı?
Yoxdur belə şey. O zaman SSRİ xiffəti çəkənlərin illüziya ilə yaşadığına şəkk-şübhə yox. Özünüzü aldatmayın. O zaman qalır bir hədəf: Jirinovski belə açıqlamalar və bəyanatlarla digər postsovet ölkələrini, sadəcə, təhdid eləmək, onları qorxu altında saxlamaq, onlara “Rusiya yanınızdadır, uzaqda deyil, özünüzü yaxşı aparın” mesajını çatdırmaqdır.
Mesaj çatdı, Vladimir Volfoviç! Amma arxayın ol, SSRİ heç vaxt xortlamayacaq. Nədən deyirsən mərc gələk. Lap elə bir yeşik pivədən, pardon, sirabdan…