Yaxud, oğruların sosial məsafəni pozması

Oğru aləminin nümayəndələri Bakıda restoranda toplantı keçirmək istəyirmiş, polis bunun qarşısını almışdır. 100 nəfər saxlanmışdır. Dünən bu xəbəri oxuyanda mənim yadıma düşdü ki, Gürcüstan prezidenti Mixail Saakaşvili orada oğru aləminin kökünü hələ 15 il qabaq kəsmiş, əhvalatı kökündən qazmışdı. 2005-ci ildə o, gürcü Cinayət Məcəlləsinə hətta “oğru aləminə mənsubluğa görə cəza” maddəsi salmışdı və 5 ildən 7 iləcən cəzası vardı. Halbuki gürcü “qanuni oğrular” tarixən bütün keçmiş SSRİ ərazisində tanınardılar. Bəs bizdə bu niyə qalır? Yüz nəfər özü də. Bir iclasda. Bəlkə Əli İnsanovun Haqq Ədalət Partiyasında o qədər üzv yoxdur.

Sözgəlişi, bu “vorzakon” temasını ilk dəfə tətbiq eləyənin də bir gürcü olmasını çox adam bilmir. Həmin şəxs SSRİ-nin diktatoru İosif Stalin idi. 1930-cu illərdə kütləvi repressiyaya başlayanda, türmələr, sürgün zonaları, ucu-bucağı görünməyən islah əmək düşərgələri dustaqlarla dolub-daşanda bu zümrəyə içəridə nəzarət edən, bir növ bu dustaqları öz aralarında fırladan və ən əsası, siyasətə qarışmayan, dövlətlə işi olmayan dustaq elitası qayırmaq lazım gəlmişdi. Bu elita siyasi dustaqları sındırmaqda, rejimin içəridəki və “bayırdakı” cinayətləri üçün vaxtaşırı istifadə edilirdi. “Vorzakon” institutu belə yaranmışdı və təsadüfi deyil ki, Stalin özü köhnənin banditiydi (onun Qafqazda “partiya üçün” törətdiyi cinayətlərin, oğurluq və soyğunların bütöv silsiləsi vardır), SSRİ-ni də sivil hüquqla, dövlətin qanunlarıyla yox, oğru aləminin “ponyatkaları”yla fırladırdı.

SSRİ-də əhalinin bütün “dustaq sinifləri” üzrə öz vorzakonları yetişdirilmişdi. Örnək üçün, Yazıçılar Birliyi qələm adamlarını nəzarətdə saxlamaq, lazım gələndə kiminsə qələmini qırmaq, kiməsə ödül vermək üçün yaradılmışdı və bu funksiyanı indiyəcən uğurla yerinə yetirirlər. Bəstəkarların ittifaqı musiqiçilərin, rəssamların birliyi fırça adamlarının bu türmədə hansı küncdə dayanmalı olduğunu, hər kəsin hansı çarpayıda yatmalı olduğunu təyin edir. Bütün peşələr üzrə belə qeyri-rəsmi, əslində isə büdcədən maliyyələşən rəsmi idarələr yaradılıbdır. Oğru aləmindəki lotu adlarının burada da öz analoqları vardır – xalq yazıçısı, dövlət mükafatı laureatı və sairə kimi. Maraqlıdır ki, oğru aləmində lotular özlərinə doğulduğu yerlərin adlarını ləqəb götürməyi sevirlər, eyni hala biz sənətçilərimiz, yazıçılarımız arasında da rast gəlirik. Bəzi lotuların, yazıçıların təxəllüsü isə ancaq öz adlarından ibarət olur, yəqin özlərinin nadir olmaqlarına işarə vururlar.

Əslində bu gün təhsildən yazmaq, məktəblərimizi pandemiya şəraitində hansı üsullarla açmaq haqda nazirliyə təkliflərimi bildirmək istəyirdim, oğrular araya girdilər. Bizdə həmişə belə olubdur, oğrular başımızı açmağa, gələcəyə baxmağa imkan verməyiblər. Eybi yoxdur, gec də olsa yazaq.

Sentyabr qabaqdan tozanaqla gəlir, məktəblərdə dərsi nə cür başlamaq ciddi problemdir. Təhsil İnstitutu nazirliyə təkliflər paketi yazıb, orada yaşıl, qırmızı, narıncı zolaqlarda dərslər söhbəti var. Deyir bəzi sinif məktəbə gəlsin, bəzisi internetdə onlayn keçsin, üçüncüsü televizorda dərsə baxsın və sairə. Əslində çox yaxşı təkliflərdir. Elə uşaq var böyüyüb oğru olacaq, elə uşaq var bəstəkar olub yaltaq mahnı qoşacaq. Bəzi uşağın atası pulu büdcədən kisəylə oğurlayır, bəzi uşaq yavan çörəyə həsrətdir. Bunları eyni məktəb, universitet binalarına doldurmağın mənası nədir? Qoy yetim uşaqlar dərsini küçədə, toz-torpaq, peyin içində oxusun, varlı uşaqlar şadlıq sarayında, güllükdə. Onsuz OQ toya icazə vermir, o boyda sütunsuz salonlar boş qalıbdır. Kasıb uşaqlara hətta televizorda da dərs keçmək lazım deyil. Qudurarlar. Meydana çıxıb pis şüar qışqırarlar. Bunlara radio da bəsdir. Radiodərslər üçün hər məhəllədə bir reproduktor, səsgücləndirici asılsa bəsdir. Biz bunu müharibəyə aid kinolarda görmüşük. Elə pandemiya dövründə bəzi polis maşınlarında küçədə gəzib təbliğat aparırdılar, yadımıza o gözəl vaxtları salırdılar. Dirəyə həmin səsgücləndirəni asırsan, ordan dərsi verirsən: “Əgər icra hakimi icazə verirsə iki dəfə iki dördə bərabərdir. Bunu ASAN-xidmətdə arayışla təsdiqləməliyik. Vətəni sevənlərin hamısı ölməlidir. Kainat neftdən və bir az da qazdan yaranmışdır” və sairə.

İndi söz əlaqədar təşkilatlarındır. (Çoxdandır yazmırdım. Hiss elədim əlaqədar təşkilatlarsız darıxıram).