“Bayındır xanın ağ meydanında bu oğlan cəng etmişdir. Bir buğa öldürmüş sənin oğlun, adı Buğac olsun!”
(“Dədə Qorqud” dastanı)
Çevik polisdən iki nəfər yoldaş “Qanun” nəşriyyatının binasına girərək yoxlama aparıblar, indi nəşriyyatın şefi Şahbaz müəllim şikayətlənir. Guya nəşriyyatın işçiləri bu yoxlamadan qorxublar. Polis istənilən iqtisadi obyektdə yoxlama apara bilərmi? Koronavirus pandemiyası bu sual üzərində hansısa tərəddüdlərə yer qoymayıbdır və Operativ Qərargah adlı konstitusiyamızdan da üstün, faktiki Allahın yerdəki bacısı oğlunun orqanı rolunu oynayan idarənin qərarlarıyla bizdə biznesin azadlığı üzərindən yekə çarpaz xətt çəkilibdir. Ortada daşdan keçən arqument də var, deyirlər sizin sağlamlığınızı qoruyuruq. Faktiki olaraq o saqqallı lətifədəki dovşanın günündəyik. Yadınıza gəlirsə dovşan qaranəfəs meşədə qaçır, tülkü bunu görüb soruşur niyə qaçırsan, dovşan deyir meşəyə təzə meşəbəyi gəlib, kimin üç qulağı varsa, birini kəsir. Tülkü gülür, deyir niyə qorxursan, axı səndə qulaq ikidir. Dovşan deyir: “Problem ondadır ki, bu müdir qulağı kəsib, sonra sayır”.
Beləcə, bu ili də yumşalma-bərkimə, sərt-mərd karantinlər arasında yola verməkdəyik, ortada de-fakto qanun adına bir zad qalmayıbdır. Kimi istəyirsən məhkəmə qərarı olmadan cəzalandır. Divara söykə, şəklini çək. Maska taxmayıb? Üzünə tüpür. “Qəti qorxusu yoxdur” – deyəsən özü də bu arada virusa qurban getmiş manısın diliylə yazsaq.
İndi kitab çap edən nəşriyyat da ən təhlükəli obyektlər sırasında birinci yerdə gəlir. Axı kitablarda insanların tərbiyəsini pozan, onları pozucu vətəndaş kimi yetişdirən fikirlərə rast gəlmək olar. Düzdür, Azərbaycanda belə kitablar yazıçıların başının içində, hüceyrə şəklində məhv edilir, hər şair-mairə bir əməkdar artist adı, hər yazıçıya ev orderi verəndən sonra orda heç düşünməyə bir kvadrat millimetr yer qalmır, ancaq bəzən görürsən hansısa destruktiv fikir təsadüfən ortaya çıxıbdır. Yazıçılar da yarasa yeyirlər, biləsiniz. Aclıqdan yox, harınlıqdan, kef, əyləncə üçün. Yeyirlər, sonra başlayırlar öskürüb qızdırmağa. Bizdə fikirlər virus kimi bir şeydir, vaxtında fikrin ağzına maska vurmalısan.
Sadəcə, nəşriyyatın adının hələ indiyəcən “Qanun” olaraq saxlanılması yəqin tragikomediya janrında bir hərəkətdir. Çoxdan dəyişib, örnək üçün, “Operativ Qərargah” qoymaq lazım idi. Hansı qanundan danışırlar, bilmirsən. Özləri də guya kitab buraxırlar. Bu ağılla çap elədiyiniz kitab bizim nəyimizə lazımdır? Xalqa xeyirli olan, onun dərdini-sərini işıqlandıran, gələcəyinə güzgü tutan kitablar buraxmalıyıq. İnsafən bir ara nəşriyyat Zerkalo Klara, Qızılbarmaq Fatma, Lotu Bəxtiyar haqda çoxlu dəyərli kitablar nəşr edərək bizi sevindirmişdi, indi o qədər xəbərim yoxdur. Yəqin dövlət imkan versə daha faydalı nəşrlər olacaqdır. Hələ orda əlavə dəyər vergisi də qalırmış. Ayıbdır. Haçan baxırsan məmurlarımız əllərində kitab intervü verir, çıxışlarında klassiklərdən, müasir yazarlardan sitatlar gətirir, lakin kitab nəşrində vergilər həddən artıqdır.
Sözgəlişi, nəşriyyat zəhmətkeşlərinin, o cümlədən bəzi vətəndaşlarımızın hələ də hüquq-mühafizə orqanı işçisi görərkən qorxması, həyəcan keçirməsi düzgün deyildir. Qorxu yoluxma riskini artırır. Operativ Qərargahın tövsiyələrinə görə gərək biz çevik polis görəndə qorxmayaq. Hətta qanunla qorxan adama 100 manat cərimə düşür. Güzəşt eləyib yazmırlarsa, qorxmağa davam etməliyik? Atalar deyibdir, qorxan gözə virus düşər. Cəsarətli olmalıyıq. Bizim Qarabağ problemimiz var.
Sonda bir elmi kəşfimi yazım, güman edirəm bunu AMEA-da hörmətli Ramiz müəllim qiymətləndirər, mənə akademiyanın köşə yazarı üzvü (müxbir üzv varsa, bu da olmalıdır) adı verər. Səfir, hörmətli Eldar Həsənovun həbsindən sonra ağlıma gəlib ki, bizdə uşağa “Eldar” adı qoymaq onu öncədən bədbəxt eləməkdir. Nəyə görə? Çünki eldar sözünün anlamı el üçün yaşayan, el-obaya bağlı deməkdir. Bu adı daşıyanlar da eldən ötrü özünü oda-közə vurur, daim el üçün ağlayıb axırda kor olurlar. Bunlardan Eldar Mahmudovu, Eldar Namazovu, Eldar Mansurovu, Eldar Ryazanovu, Eldar Sabiroğlunu, Eldar Əzizovu, Eldar Sultanovu və onlarla, yüzlərlə, minlərlə başqalarını misal göstərə bilərəm.
Yaxşı olar Ədliyyə Nazirliyinin təzə uşaqlara adqoyma idarəsi bunu hansısa qərara salsın, uşaqlara heç olmazsa indən belə Eldar adı qoymayaq. Lazım gəlsə, çevik polisi tədbirlərə cəlb etmək olar.