“Adət qılasız hərzəvü hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!”
(Sabir)
Lerikdə 60 yaşlı ağsaqqal Şəfahət müəllim 16 yaşına çatmamış şagirdi ilə cinsi əlaqədə olub, uşaq hazırda hamilədir və deyəsən Qadın Krizis Mərkəzinə yerləşdirilib. İş məhkəməyə çıxarılıb, Lerik rayon məhkəməsinin hakimi Atabəy müəllim də əsl el ağsaqqalı kimi davranaraq bu tipə 1 il həbs cəzası kəsibdir. Gör nə mənasız hüquq, ədalət sistemimiz vardır… Uşağı faktiki zorlayana cəmi 1 il… Qərarın səsi çıxıb, indi prokurorluq bəyan edir ki, biz də bununla razı deyilik, Şirvan Apelyasiya Məhkəməsində hökmün yüngüllüyündən şikayət vermişik-zad… Hər şey bir yana, görəsən o hakimin özünə hansı cəza veriləcəkdir? Şəfahət müəllim təzədən qayıdıb məktəblərdə rus dili (lənət şeytana, yenə Rusiya amili) dərsi deyəcəkdirmi və Şeyx Nəsrullah kimi balaca qızları qamarlayacaqdırmı? Hətta Nəsrullahın hesabıyla yanaşsaq, Şəfahət müəllimin siğə dəftərində azı 3 qız uşağı qrafası boş qalır, çünki şeyx hər barmağına doladığı obada azı 4 uşağı zorlayırdı. “Tfu sizin üzünüzə” – Kefli İsgəndər bu məqamda belə deyərdi. Güman edirəm, prokurorun protestindən sonra apelyasiya Şəfahət müəllimi lap azad buraxar, çünki ağsaqqala bir burnufırtıqlı uşağa görə 1 il həbs vermək milli dəyərlərimizə ziddir.
Əlbəttə, Lerik bizim dindar bölgələrimizdən sayılır, əgər şotkaya vursan orada yəqin ki, hər kəndə yetmiş yeddi həci, səksən səkkiz məşədi, doxsan doqquz da kərbəlayı düşər. Qabaqdan məhərrəmlik gəlir, camaat kamali-ədəblə yas saxlayacaq, sinə döyəcək, şaxsey-vaxsey edəcəkdir. Ancaq gözlərinin qabağında balaca uşaqları zorlayan axmaqlar hörmət və izzətlə dolaşacaqdır. Mənəvi dəyərlərimiz bundan ibarətdir. Şəfahət müəllim sabah türmədən çıxıb avtobusa minsin, ya hansısa məclisə girsin, ona yer verməyənin üzünə tüpürərik ki, adə, sən ağsaqqala nöşün hörmət bəsləmirsən, bizim el adətlərimiz, mentalitetimiz vardır və sairə. O üzdən insana əməlinə, qabiliyyətinə, qanacağına görə dəyər verməyi nəhayət öyrənməliyik. Bütün bu kif basmış, it iyi verən ağsaqqal-ağbirçək institutlarını rədd eləməliyik. Üstəlik, çağdaş dünyada, elm və biliklərin yaşla yox, kitabla, kompüterlə öyrənildiyi, əldə edildiyi dövrdə 25 yaşlı cavan daha yaxşı “ağsaqqal” ola bilir. Misal üçün, sosial şəbəkə qurub milyardları söhbətə toplayır. İndi hansı klassik ağsaqqalda bu qabiliyyət var?
Qayıdaq konkret cinayət hadisəsinə. Açığı, mən hakim Atabəy (bunun da çox milli-patriotik adı vardır) müəllimin uşaq zorlayana cəmi 1 il cəza kəsməsinə “doğrudanmı hüquqi baxımdan bu mümkün imiş” məntiqiylə yanaşdım və bədnam Cinayət Məcəlləmizi açıb oxudum. Həqiqətən orada 16 yaşına çatmamış şəxslə cinsi əlaqənin cəzası cəmi 3 ilədək nəzərdə tutulub! Bəyənmədiyimiz, yeri gələndə “əşşi, orada cinsi məsələdə dərəbəylikdir, bizim dildə isə namus-qiryət sözü var” dediyimiz Rusiyada bu cür cinayətlərin cəzası 4 ilədəkdir. Gürcüstanda lap ağırdır: 5 ildən 7 ilədək. Tabelikdə olan şəxsə qarşı törədilsə (şagirdin müəllimə tabe olmasını nəzərə alsaq) cəza lap 9 ilə çıxa bilər. O şərti olaraq xristian ölkələrin hüquq sisteminin “namus-qeyrətə”, “ana-bacıya” münasibəti, bu da şərti olaraq müsəlman dövlətinin baxışı. Əlavə heç nə demirəm, özünüz qiymət verin.
Sonda aktual pandemiya ilə mübarizə cəbhəmizdən gələn xəbərləri də bir-iki cümlədə şərh eləyək, çünki koronavirus ağsaqqallarımız qədər uşaqlara toxunmasa belə müəyyən bəlaları qalır. Operqərargahın məlumatlarında sağalma sayı yoluxma sayını çox ötür, artıq neçə günlərdir belədir. Həvəs ola, oturub lap əvvəldən sayasan, ortaya çıxar ki, bizdə hazırda ümumi sağalan yoluxandan çoxdur. Bəs bu necə ola bilər? Asanlıqla: sərhədi keçib başqa xalqları da müalicə eləyirik. Ölüləri diriltməyə başlamışıq – bu versiya, həmçinin, ağlabatandır.
P.S. Bu arada Təhsil Nazirliyi məktəbi nə formada açmaq üzərində baş sındırır. Şəfahət müəllimdən soruşun, məsləhət versin.