“Dincələr qulağımız,
Bal ələr bulağımız.
Şöhrətimiz at çapar,
At olar ulağımız
Bunca dərd-sər olmasa –
İsa Qəmbər olmasa”
(Mətləb Nağı)
Papaqdan təzə qafiyə çıxıb, indi də deyir, əgər o vaxt İsa Qəmbər müdafiə naziri qoyulsa, Qarabağ əldən getməz imiş. Əlbəttə. Qarı şey olub qapı örtüləndən sonra o qədər maraqlı versiyalar irəli sürmək olar ki. Məsələn, Elçibəy hakimiyyətə gələn kimi Qarabağ əməliyyatlarına başlayıb, AXC-nin özəyi olan qoçaq, vurub-tutan oğlanları döyüş xəttinə göndərib, bir neçə ayın ərzində onların böyük hissəsinin axırına çıxmasaydı, bəlkə 4 iyun qiyamı zamanı Dadaş Rzayev kimilərinin ümidinə və surətkimilərin əlində yesir qalmazdıq. Bakıda hakimiyyəti möhkəmlətmək, dərhal islahatlar aparmaq, lüstrasiya proseduru başlatmaq əvəzinə sanki gizli göstərişlə dərhal döyüş əməliyyatlarına girişib arxa cəbhəni yiyəsiz qoymuşdular. (Əlbəttə, burada hakimiyyətə gəlməyin hay-küyü də rol oynamışdı, axı cəbhəçilər xalqın məhz Qarabağ ümidlərinin istismarı sayəsində hakimiyyəti ələ keçirmişdilər. Bir növ geriyə yol yox idi, körpülər yandırılmışdı). Arxa cəbhədə isə sabotajın, təxribatın biri bir qəpik idi. Hər cür tülkülər, satqınlar, yaramazlar baş qaldırmışdı.
Sözgəlişi, 1998-ci ildə “Azadlıq” qəzeti redaksiyasının 1-ci qatındakı ofisində Elçibəylə bu temada şəxsi söhbətimiz olmuşdu. Niyə qiyamın qarşısını almadığını soruşmuşdum. Az qala mübahisə elədik, mən onu qiyamın önünü almadığı üçün, xalqın etimadını doğrultmadığı üçün suçladım. Pıçıltıya yaxın səslə, dodaqaltı verdiyi cavabı unutmuram: “Kiminlə qarşısını alaydım? Yox idi belə adamlar”. Bəlkə də eləydi. Elçibəyin komandası, lazımi anda vuran əli, xalqın seçdiyi prezident vəzifəsini qoruyacaq adamları artıq yox idi. Ancaq dözmədim, bəyə növbəti sualımı verdim: “Bəs Heydər Əliyev sonrakı illərdə 2 qiyamın qabağını kimlə aldı?”. Bu dəfə o heç nə demədi.
Doğrudan da, əgər xalqın lazımi anda qiyamı önləmək üçün gücü olmasaydı, Heydər Əliyev Surət və OMON qiyamlarını hansı kadrlarla vaxtında və yerində məhv edərdi? Xalqın gücü həmişə var, yetər ki, bundan istifadə etməyi bacarasan. Yoxsa 4 iyun qiyamı baş verir, azı 10 gün xalqa heç bir məlumat verilmir, üstəlik qaçıb kəndə gedirsən. Bəyəm elə həmin 4 iyun günü televizordan xalqı küçəyə səsləmək olmazdı?
Hələ bu harasıdır, o cür müəmmalı və biabırçı şəkildə hakimiyyəti itirən adam cəmi 5 il sonra, 1998-ci ildə təzədən vahid namizəd olmuşdu! “Təki İsa olmasın” məntiqiylə. 1992-93-ü çıxıram, bəs o 1998 şousunun, axırı boykota dirənən mərəkənin mənası nə idi? Əlbəttə, indi buna da cürbəcür cavablar tapmaq olar. Lap elə “Çeşmə” satirik qəzetinin o illərdə çıxan bir yazısında “geopolitik analizdə” dünya siyasətinə təsir edən əsas amilin Yeltsinin bir barmağının yoxluğu kimi göstərilməsi şəklində.
Hərçənd, mən İsa Qəmbərin 1993-cü ildə müdafiə naziri qoyulmasının nəyisə dəyişəcəyinə də inanmıram. Birincisi, ata sözümüzdə deyilən kimi, vuran oğul atasına gənəşməz. Bəyəm Qarabağ bölgəsindəki könüllü özünümüdafiə taborlarının komandirlərini Elçibəy təyin eləmişdi? Özləri xalqın ağır günündə qabağa çıxmışdılar və komandir olmuşdular. Nazir olmaq istəyən də vaxtında buyurub olardı və 1 ilini Milli Məclisdə toplaşan bir qrup mənasız kommunist və AMİP-çilərlə məzələnməkdə keçirməzdi. Siyasət, hakimiyyət həm də risk etmək sənətidir, İsa Qəmbər isə həmişə bezdirici praqmatizmi ilə fərqlənib və o praqmatizm indi onu karikatur bir “düşüncə mərkəzi”nin müdiri vəzifəsinə layiq görmüşdür. Karikatur ona görə deyirəm ki, mən biləni həmin mərkəz elə İsa bəyin özündən ibarətdir. Rodenin ünlü qəhrəmanı kimi təklikdə oturub xalqın gələcəyini düşünür. Çox zaman düşündüklərini də demir. Bəlkə düşünərkən də “görəsən sərt və riskli düşünmədim ki” fikirləşir.
Hətta mən fikirləşirəm ki, İsa Qəmbərdənsə 1993-cü ildə Fəzail Ağamalını müdafiə naziri qoymaq uğurlu olardı. Ağamalı müəllim heç olmazsa düşmənləri dabanından, topuğundan vurur.