“Patsak patsakı aldatmaz. Bu heç yaxşı deyil, əzizim…”
(“Kin-dza-dza!” filmindən)
Qəribə işdir. İnkir-Minkirə inanırlar, cəhənnəmdə qır qazanına, qıl körpüsünə, cənnətdə bakirə qızlara, nə bilim, göydən kitab gəlməyinə inanırlar, ancaq hökumət deyir, koronavirus sizi qıracaq, buna inanmırlar. Görəsən, millətdə belə inamsızlığın yaranmasına kim və nə səbəb olmuşdur? Axı prinsipcə xalq və hökumət arasında sıx vəhdət vardır, hətta bunların arasına girən türmədə iylənib xaricə qaçmağa məcbur olurdu, indi isə inamsızlıq mühiti yaranıbdır.
Bəlkə burada qabaqlar danışılan çoxlu yalanların rolu var? Buna da mən inanmıram. Çünki yalançının evi yananda bizim hökumətin imkanı var ki, ona təzə ev tikib versin. Nəinki ev, yalançılar üçün qəsəbə, şəhərcik, kənd sala bilərik. O cümlədən yanğınsöndürmə idarəsi şlanqı əlində, vertolyotu göydə daim hazır vəziyyətdədir. Yəni həqiqət və yanğın problemi inamsızlığın yaranmasında heç bir rol oynamır.
Həmçinin biz artıq aparılan islahatlar sayəsində bilirik ki, qabaqkı yalan-palanın arxasında rüşvətxor icra hakimləri və iflasa uğrayan telekanalizasiyalar dururdu. İndi bunlar həll olunubdur. Lakin yenə inanmırlar.
Söz açılmışkən, bugünlərdə güc qurumlarından birində mətbuat xidmətinin rəhbərini çıxarıb başqa işə qoydular. Doğrusu, mən onun işlədiyi uzun illər ərzində mətbuata hansısa fərli açıqlama verdiyini yada sala bilmədim. Hətta əlinin altında standart cavabın, bir şablon-trafaretin durduğunu ehtimal edirdik və orada belə cümlə yazılmışdı: “Bu haqda məlumatımız yoxdur”. Vəssalam. İstəyirsən özünü doğra. Yoxdur da məlumat. Neyləsin? Az qala Günəş sönərdi, Halley kometi quyruğunu yerə sürtüb Bakının mərkəzində qarışıqlıq yaradardı, lakin müəllimin sabit cavabının tükü tərpənməzdi: “Xəbərimiz yoxdur”. Alimlər təklif edirdilər onun adı hansısa riyazi sabit ədədə qoyulsun, örnək üçün, “Eldar müəllim konstantası” olsun. İndi bu yoldaşı başqa idarəyə qoymaqla xalq-hökumət inam platformasında fantastik islahat yaranacağına güman və bəlkə hətta ümid edirik.
Ola bilsin xalqa yeni peyğəmbər lazımdır. Keçən dəfəkindən gör neçə il keçib… Bu elə toplumdur ki, hər 30-40 ildən bir buna yeni xilaskar göndərilməlidir. Ancaq imam da şaftalı ağacı deyil, hər yerdə bitsin. Bəlkə hansısa karantini pozan Sodomabad və Qomorlu yaşayış məskənləri tapıb oraya göydən alovlu daşlar və ya əbabil quşları vasitəsilə adekvat güc tətbiq eləsək inam güclənər?
Keçən həftə maraqlı bir informasiya oxumuşdum: dükanlarda saxta kəllə qəndlər satılırmış. Xəbərin içində uca milləti əsas şəkər inhisarçısının mallarını almağa səsləmişdilər. Guya onlarda saxta mal olmur. Əlbəttə. İnhisarın, monopoliyanın quldurluğun modern üsulu olmasını kimə izah edəsən? Yenə ata sözünə üz tutsaq, deyir malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur. Ancaq mala qatılan su olsa nə varmış? Dünən hüquq-mühafizə orqanından açıqlama vardı, deyir Bakı şəhərinin filan-filan ərazisində kəllə qənd istehsalı zamanı məhsulun süni ağardılması məqsədiylə… xalça yumaq üçün kimyəvi tozdan istifadə edilməsi aşkara çıxarılmışdır. Vay səni… Yaramazlara bax. Qarnımızı xalça kimi yumaq istəyirmişlər bu isti yay günündə. Halbuki, su idarəsi orda-burda qovrulan paytaxt sakinlərindən xahiş edir ki, xalça yumasınlar, bağı sulamasınlar, hovuzu doldurub çimməsinlər. İndi cinayətkar qrup zərərsizləşdirildi, artıq rahat şirinçay içə bilərik. Dükandakı o biri kəllə qəndlərin hamısı təmizdir. O kinoda necə deyirdi? Ay sağ olasan: “Hacı, qız təmizdir, lap gül kimi. Özünüzü biabır eləməyin”.
Sözümün canı odur ki, kəllə qəndə xalça poroşoku qatan toplumda inanc problemləri olmamalıdır. Yaxşı başa salmaq lazımdır. Sovet vaxtı bir kolxozda sədri sürücünü, müavini və başqa şəxsləri göndərir, çobanı idarəyə çağırır. Çoban gəlmir. Bir dəfə, iki dəfə, axırda sədr məcbur olur özü dağa çıxır, çobanı salır çomağın altına, sürüyür gətirir idarəyə. Burada bunların arasında belə bir vətəndaş dialoqu olur, sədr deyir niyə o boyda adam göndərdim, gəlmirdin. Çoban deyir: “Sədr, vallah onların heç biri məsələni sənin kimi başa salmırdı”.
İndi söz əlaqədar təşkilatlarındır.