“Bu gün bir süngüdür əlimdə qələm”

(Səməd müəllimin şeiri)

Azərbaycan Milli Elmlər Akademiyası rəhbər dəyişikliyindən sonra doğrudan da yeni nəfəs qazanmışdır. Sanki hörmətli Ramiz müəllimin idarədə apardığı islahatlar dünya elminə böyük təkan verməkdədir.

Örnək üçün, elə keçən həftə amerikalıların kosmik gəmi ilə göydəki stansiyaya uçuşu baş tutdu. Halbuki, 10 il idi rusların raketi ilə uçurdular. İndi isə öz raketləri var, haçan kefləri istəsə minib uçacaqlar. Bu isə azərbaycanlı alimlərin səyi nəticəsində mümkün olubdur – əgər biz sakit durmasaq, heç onlar göydə boş yer tapıb uça bilməzdilər. Bizim imkanımız var ki, hər gün orbitə beş-on raket buraxaq, orda probka yaransın. Eləmədik. Çünki islahatlar vacibdir.

Sözgəlişi, bugünlərdə bir azərbaycanlı uşaqdan intervü almışdılar, qardaşımızın valideynləri hardasa 10 il qabaq ilan ağzından qurtaran qurbağa misalı, ana yurddan xilas olub, ABŞ-a köçüblər. Orda bu uşaq və bacısı pulsuz-parasız Harvard Universitetinə giribdir. Halal olsun. Burda qalsa uşağı əsgərliyə aparardıq, getməsə, Bəxtiyar Hacıyev kimi tutub dama basardıq. Sözüm bunda deyil. Uşağın intervüsündə bir detal diqqətimi çəkdi. Deyir, Amerikada kimdən soruşsam Lütfi Zadəni tanımır. Maraqlıdır, bəs burda deyirdilər rəhmətlik kişi dünya şöhrətli alim olubdur, hətta Pifaqor teoremini Arximeddən qabaq kəşf eləyibdir? Bəs niyə tanıyan yoxdur? Özü də Harvardda. Yəqin paxıllığımızı çəkirlər, guya tanımırlar. Hələ deyir Azərbaycanı da tanıyan yoxdur. Bu lap ağ eləməkdir. Azərbaycan dünyaya Günəş kimi doğmuşdur. Şair demişkən, Günəşi görməyən yarasalardır. Yarasadan isə COVİD-19 virusu yayılır.

Əziz oxucular təbii ki, söhbəti hərləyib-fırlayıb virusun üzərinə gətirəcəyimi intizarla gözləyirdilər. Çünki bu həftə bütün dünyada virus üzərində qələbə, vaksinin kəşfi, antitellərin vəsfi, bəşəriyyətin qəsbi (qafiyə üçün yazdım, mənası yoxdur) istiqamətində böyük ümidlər yaranıbdır! AMEA nəzdindəki alimlər poeziya almanaxı buraxıblar və orada şeirlərin çoxu koronavirusa həsr olunmuşdur. İdarədən İsa Həbibbəyli müəllimin açıqlamasına görə, alimlərimiz virus üzərində şanlı qələbə üçün poetik düsturlar təklif edirlər.

Bəli. Axır ki. Virusa lap əvvəldən sazlı-sözlü şəkildə hücuma keçməliydik. Şeirin qəlblərə etdiyi dərmanı heç bir vaksin, dərman etmir. Şair hələ 500 il qabaq gör nə yazıbdır: “Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür, Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!” Yəni deyir elə xəstəlik var, əlacı yoxdur, ancaq sosial məsafəni gözləməklə, bir də əhalini 211-ci maddə ilə cərimə etməklə nəsə eləyə bilərik.

AMEA-da virusa qarşı şeirlə mübarizə tədbirlərinə rəssamlarımız, bəstəkar və dramaturqlarımız da qoşulmalıdır. Təəssüf ki, Anar müəllim hələ də bu temada bir roman yazmayıbdır. Ancaq dövlətdən Şabranda kurort tikməyi tələb edirlər, ev istəyirlər, uşağa maşın, nəvəyə dükan və sairə açmaq üçün büdcə vəsaiti arzu edirlər. Sanki koronavirusla mübarizə ancaq AMEA rəhbərliyinin boynuna düşübdür. Mədəniyyət Nazirliyi başsız qalıb, bunu başa düşdük, o üzdən rəssamlara, manıslara, artistlərə göstəriş verə bilmirlər. Bəs sizə nə olub? Niyə yaradıcılıq təşkilatları passivdir? Halbuki, bu müqəddəs vəzifə hər birimizin borcudur.

Mən özüm AMEA-nın antivirus almanaxından ruhlanaraq COVİD-19-a həsr etdiyim “Qərargahıq” gəraylısını hörmətli oxucuların ixtiyarına verirəm:

“Hər həftə iclasımız var,

Operativ qərargahıq.

Siyasi əsasımız var –

YAPerativ qərargahıq.

**

Muğam, dolma, saz da bizim,

Qış da bizim, yaz da bizim.

Neft bizim, qaz da bizim,

Kooperativ qərargahıq.

**

Cibində “ot” bitirərik,

İlim-ilim itirərik.

Səni evdən götürərik,

Hoopp… erativ qərargahıq.

**

Ha de virus çıxıb dizə,

Maskanı taxmırlar üzə.

İnanmır camaat bizə,

Goperativ qərargahıq.

**

Xəstə Zamin karantində

Yarı gözlər yenə tində.

Çörək qalmadı vitrində

Şoperativ qərargahıq”.