“Yatmışları razı deyiləm kimsə oyatsın”

(Sabir müəllim)

Öncə mən hörmətli deputatlardan birinin “Məhkəmədə qanunsuz hökm çıxaran hakim cəriməni öz maaşından ödəməlidir” təklifini çox da bəyənmədiyimi açıqlayıram. Çünki hakimi maaşsız qoysaq, gedib rüşvət almağa məcbur qalacaqdır. Hazırda isə heç bir hakim rüşvət almır. Uzağı hansısa sifariş alırlar, onu da pulsuz yerinə yetirirlər. Tanış məhkəmə hakimi var, adı məhəllədə dükanda borc dəftərindədir. İnanmayana Allahşükür müəllim qənim olsun.

Ümumiyyətlə, pulsuzluq ağır temadır, həmçinin pulun çoxluğu. Dünən bir deputatın bu temada romantik əsərini oxudum, yazır ki, dünyanın evini pul yıxıbdır, insanlar ancaq maddi maraq güdür, hamı mobil telefona daraşıb, ünsiyyət azalıb, bir-birimizin üzünü görmürük və sairə. Həqiqətən, biz öz deputatımızın üzünü 40 ildir görmürük.

Deputatlar və cərimə teması düşmüşkən, kimsə yaxşı təklif irəli sürmüşdü ki, hər rayonun deputatı və bələdiyyə sədri ərazisində camaata kəsilən karantin cərimələrini zəhmət çəksin özü ödəsin. Yoxsa xalqı polislə üz-üzə qoyub, lazımsız münaqişə törədib, aradan çıxıblar. Bu çox yaxşı təklifdir. Güman edirəm, kooperativ qərargahın rəhbərliyi də nəzərə alar. Yoxsa doğrudan elə mənzərə yaranır ki, bizdə xalq və polis arasında hansısa gözəgörünməz uçurum yaranıbdır.

Prinsipcə, mən bu cür münaqişələrin gələcəkdə də yarana biləcəyini proqnoz edirəm. Səbəb təkcə uniformanın yaratdığı psixoloji üstünlük effektində deyil. Bu, elmdə çoxdan məlumdur, hələ ötən əsrin 70-ci illərində ABŞ-ın Stenford Universitetində sınaqdan çıxarılmış eksperimentlə ortaya qoyulubdur. Orada tələbələri bir qapalı binaya salıblar, bəzilərinə nəzarətçi, bəzilərinə dustaq geyimi veriblər. Bir müddət sonra baxıblar ki, “nəzarətçilər” heç bir ehtiyac olmadan “dustaqlara” zorakılıq edir. Hətta sadizm, şiddət elə dərəcəyə çatıb, eksperimenti yarımçıq saxlamağa məcbur olublar.

Bizdə isə problemin yaranması təkcə uniformaya görə deyil. Məncə, əsas səbəblərdən biri… bekarçılıqdır. Axı bizdə cinayətkarlıqla mübarizə yüksək səviyyədə aparılmışdır, üstü açılan cinayət faizinə görə MDB-də 1-ci, dünyada isə 2-ci yerdəyik (dünya üzrə 1-ci yer Naxçıvana aiddir, nədənsə İnterpol onu ayrı sayır). Hər 100 cinayətdən 105-nin üstü açılır – bəli, burda şişirtmə yoxdur, çünki bəzi cinayətlərin üstü açılanda altından üstü bağlı qalan daha köhnə cinayətlər çıxır. Özü də cinayətlərin açılması, profilaktikası elə peşəkarlıqla aparılır ki, artıq ilin ilk 3 ayında qalan 9 ayın da cinayətlərinin üstü açılır! İndi özünüz fikirləşin, bu zaman nə baş verir? Ay sağ olasınız: hüquq-mühafizə orqanlarımız işsiz-gücsüz qalır, yatmış insanları oyadıb şöbəyə aparmağa məcbur olur (sözgəlişi, bu “yatmışları oyatmaq” konteksti maraqlıdır, görəsən, idarə bununla nəyə işarə vurur və xalqı hansı hərəkətə səsləyir?).

Sözümün canı odur ki, gəlin biz xahiş eləyək, hüquq-mühafizə orqanları cinayətkarların hamısını ilk kvartalda tutmasınlar. Yoxsa sonra bekarçılıq yaranır, Laroşfuko isə bu haqda deyibdir: “Bekarçılıq bütün qəbahətlərin anasıdır”. Bu xahişim eynilə icra başçısı tutanlaradır. Hamısını tutublar, indi milçək tuturlar. Bunu il ərzində bölmək olmazmı?

Sonda bir daha qeyd edirəm ki, xalqı hamıdan yaxşı tanımaqda usta, peşəkar insanlar var. Misal üçün, qaqaşlar yaşayan regionda özünü mütləq qaqaşlar kimi aparmalısan. Qabağından yesən, deyərlər qorxdu. Səni təsbehlə sındırmaq istəyəni dəmir zəncirlə sındırmalısan. Bunlar hamısı panyatka məsələləridir, xalqımızın dərin tarixindən irəli gəlir. Əgər Yaqub müəllimdən soruşsanız, sizə bu temada uzun mühazirə oxuyar.

Xalqı regionlara bölmək istəmirəm, ancaq görünən siyasət budur. Muğam oxuyanların qabağına qaval və dəflə, subtropiklərə limonlu samovarla, alp çəmənliklərinə dağ keçisiylə, arana qarpızla çıxmalısan. Siyasətin mənası budur. Kim bunu vaxtında dərk edibsə, yüz il yaşayacaqdır. Dağa qaldıran “ho” varsa, güman edirəm hələ qurtarmayıbsa, dağdan endirən “ho”ya ehtiyac yoxdur.