“Qəddar cırtdan mənim xəzinəmi oğurlayıb özümü də ayıya çevirmişdi. Mən də meşədə onun ölümü çatana kimi veyillənməli idim”
(Qrimm qardaşları, “Ağgül və Qızılgül”)
Bir neçə tələbə Təhsil Nazirliyinin qarşısında aksiya keçirmişdi, karantin dövründə ləğv olunan semestrin pulunda güzəşt istəyirdilər. Yüz faiz haqlı tələb idi, doğrudan da onlayn dərslər əslində mənasız bir formada, alayarımçıq, xalaxətrinqalmasın formasında oldu. Hər kəsin interneti, texniki vasitəsi də yox idi, bunu başa düşmək olardı. Ancaq hökumət tələbələri başa düşmək, onların gənc və gələcək üçün döyünən qəlbinin səsinə qulaq asmaq yerinə nə etdi? Aksiyadakı fəallardan Rüstəm İsmayılbəyliyə 15 sutka həbs verdilər, qalanları da cərimə edildi, polisə aparıldı.
Məni ən çox narahat edən Təhsil Nazirliyinin burada “dəvəquşu siyasəti” aparmasıdır. Axı o tələbələri müdafiə etməklə, həbsdən və cərimədən qurtarmaqla nazirliyin nüfuzu yüksələrdi. Bir növ, o tələbələr nazirliyin “əməkdaşları”, kollektivi, komandasıdır. O tələbələr olmasa, nazirlik kimə lazımdır?…
İnsafən, videoxəbərlərdə belə görünürdü ki, ilk olaraq TN-dən kimsə tələbələri qəbul edib, dinləyibdir. Ancaq bəs sonrakı cəzalar nə üçündür? Rüstəm İsmayılbəyli hansısa universitetdə şərqşünaslıqda oxuyur. Bəyəm ona Şərqdə oxuduğunu başa salmaq, gələcəyinin əzilmək və repressiya olacağını göstərmək tez deyildi?
Hələ bir təzə deputat da var, adını çəkmək istəmirəm, təhsil sahəsi üzrə ekspert kimi tanınardı, onun problemə münasibəti yaraşmaz (hələlik ümidimizi tam itirmək istəmirik) formada oldu. Deyir müəllimlərin maaşını verməliyik, tələbələr pulu ödəsinlər və sairə. Guya müəllimlərin tərəfini tutur. Bəs tələbələrin tərəfini niyə unudursunuz? Yaxşı olmazmı karantin zərərlərinin ödənməsini valideynlər yox, dövlət üzərinə götürsün? Görülməyən işin maaşını verən dövlət keçilməyən dərsin haqqını da müəllimlərə özü ödəməlidir. Bizim buna imkanımız var – 15 ölkəyə yardım edirik.
Əlbəttə, başa düşürəm ki, bu temalar heç kimin vecinə olmayacaqdır, tələbələrin cəzası da ləğv edilməyəcəkdir. Sadəcə, susmağı bacarmadım. Üzrlü sayın, əgər hörmətli oxuculardan kimisə narahat elədimsə. Hamımız hər şeyi proqnozlaşdıra bilmirik. Birdən internetdə işıqlı tələbə sifəti görürsən, mövzular qarışır.
Örnək üçün, keçmiş “abaxeyis” Eldar müəllim MTN naziri işləyəndə gələcəyini düzgün qurubdur. Yığılan pullar uşaqların adında, onlar da Britaniyada və xaricdə. Əsl milli təhlükəsizlik budur ey! İndi ingilis milyonların mənbəyini soruşur (bu lotular da guya bilmirlər Londona kimi yığıblar), deyirlər babamızdan qalıb. Əlbəttə. Sovet vaxtı bütün oğru və fırıldaqçılar “qızıl tapırdı”. Ya da lotoreya “udurdu”. Çünki idarədən (elə o “OBXSS” içində olmaqla) yoxlama gələndə nəsə mənbə göstərməliydin.
Hərə sərvətləri bir yolla əkişdirir, uca Azərbaycan xalqı isə köhnə palanın üstündə ac qarnını qaşıyır. Çünki xalq yetimdir, detdomda böyüyüb, xalqın ona sərvət vəsiyyət edən babası yoxdur. İndi yadıma bir məzəli əfsanə düşdü. Deyirdilər guya Hacı Zeynalabdin Tağıyev Avropada hansısa şəhərdə restoranda yeyib-içəndən sonra müdiri çağırıb, ona filan qədər qızıl-mızıl, pul verib, tapşırıb ki, 100 il ərzində hansı azərbaycanlı gəlib burda yemək bassa ondan hesab almazsan. Hətta bir ara o restoranı axtaran adamlar vardı. Başa düşmürdülər ki, hacının qoyduğu 100 illik “srok” keçibdir, indi yediyin zəhərin pulunu verməyə məcbursan. Xalqın mədəsi üçün də yeni əfsanəvi sponsor uydurmalıyıq. Elə Eldar müəllim olsun. Adı da uyğundur. Eldar, yəni hər şeyi elə bağışlayan.
Mənə bir sual maraqlıdır, görəsən Eldar müəllim bu maraqlı üsulu öz qudası Cahangir müəllimə niyə vaxtında öyrətməyibdir. Axı o da məhkəmədə deyə bilərdi “Beynəlxalq Bank”dan yoxa çıxan milyardlar babasının mirasıdır, azadlıqda qalardı. Bizim hakimlər üçün ədalət, tarixi miras, vətənpərvərlik hər şeydən üstündür.