Koronavirus dövründə insanların evdə oturması, təbiətin azad, asudə qalması üzündən heyvanlar bütün dünyada şəhərlərə axışırlar. Məsələn, mən dünən Bakıda küçələrdən birində inək gördüm. Ondan qabaq Biləcəri dəmiryol vağzalında perronda cücü axtaran toyuqlar və xoruzlara rast gəlmişdim. Hətta diqqət eləsəniz şəhərimizdə çoxlu sayda eşşək və uzunqulaqları görə bilərsiniz. Uzaqdan da olsa görürəm – hər yazımın içinə kamera yerləşdirmişəm – bəzi oxucular ağız büzürlər: “Eşşəklə uzunqulaq elə eyni şeydir də. Niyə bunu təkrar yazıb çərənçilik edirsən?” Heç elə şey yoxdur. Eşşək eşşəkdir, uzunqulaq uzunqulaqdır. Bunların arasında böyük fərq var. Həmçinin elə eşşək var onu bir “ş” hərfi ilə yazarsan, düz çıxar, elə eşşək də var adında əlli dənə “ş” hərfi olmalıdır. Onlayn da olsa belə elmləri oxuyun, öyrənin, eşşək mövzusu bizdə həmişə aktual olacaqdır, bir ara bəzi xaricdə oxuyub gələn cavanları eşşək klipinə görə türməyə basmışdılar.
Şəki şəhərində peyda olan qonur ayı mövzusuna isə gec olduğundan toxunmaq istəmirdim. Ancaq ayının yaxalanıb ekologiya idarəsinə aparılması səhnəsinə baxanda çox üzüldüm və fikirləşdim mütləq münasibətimi bildirməliyəm. Biabırçılıq idi. Bir batalyon adam bir ayını tutub maşına sala bilmirdi. Halbuki bizim Qarabağ dərdimiz var. O cümlədən ayıya 3 dənə keyitmə iynəsi zıplamışdılar, lakin heyvan yatmırdı! İnanılmaz mənzərə idi. Arada ayı jurnalistlərə intervü verdi, dedi ki, mən başa düşmürəm sizin gözünüzə bu ölkədə necə yuxu gedir, o boyda Qarabağ dərdiniz ola-ola. Həmçinin seçkilərdə qanun pozuntularına, AXCP-Müsavat, REAL-AXCP, Milli Şura-Barselona, Ağ Partiyaya qarşı təzyiqlər, Pənah Hüseynin baş nazir olmazdan qabaq Axundov kitabxanasından götürüb geri qaytarmadığı “Anti-Dürinq” əsərinə də münasibətini bildirdi, etiraz bəyanat-nərəsi çəkdi.
Doğrusu, ayının sonrakı taleyindən xəbərsizik, ola bilər onu Binəqədi müvəqqəti istintaq təcridxanasına salıb Daqqılı kimi üzr istəməyə, peşmançılıq ifadə etməyə məcbur edəcəklər. Ya da Bakı zooparkında dövlət qayğısı sayəsində mənzil-qəfəs şəraiti yaxşılaşdırılaraq 3 kv-metrdən 4,5 kv-metrə çatdırılan pələngin yanına göndərmişlər. Masallıda həyətinə ilan-çayan daraşan zəhmətkeşin durumu isə Şəkidən qat-qat ağırdır. Adam son günlərdə 17 ilan öldürübdür, lakin ilanlar durmadan gəlir. Hökuməti çağırıb, dezinfeksiya işləri aparıblar. İndi də qorxu içində yaşayır. Məncə, bu vətəndaşın uzaqgörənliyi yoxdur. Çörək öz ayağıyla (bəlkə sürünrərək yazsaq daha düz olar) sənin qapına gəlir, sən isə onu vurub öldürürsən, qovursan, qorxursan. Rəhmətliyin oğlu, o həyətdə əsl “İlan piri”, “Qara ilan ocağı”, nə bilim, “Gürzə məbədi” açmağın zamanı deyilmi? Beş-on nəfərlə şaiyə də buraxırsan ki, bəs, bu pirə gələn və ilan yuvasının ağzındakı torpaqdan yalayanların başına tük, ağzına diş, gözünə işıq gəlir, hələ başqa şeyləri demirəm, kim nə istəsə götürsün, baxır adamın nəyə ehtiyacı vardır.
Yeni texnologiyalardan da yararlanmaq olar, misal üçün, feysbukda pirin səhifəsini açırsan, orada ilan qabığını təzə təndir çörəyinin arasına qoyub yeyən arvadların oğlan uşağı doğduğunu yazırsan. Hər halda, yaxın keçmişdə millətimiz belə fürsətləri daha açıq gözlə, ağıl və bacarıqla dəyərləndirirdi. Elə o ayının özünü aparıb dağdağan ağacına bağlamaq, hərdən qanından çəkib müalicə məqsədiylə yararlanmaq olardı. Zarafat eləmirəm, hardasa 10-15 il qabaq Qaraçuxur, ya da Hövsan tərəflərdə – dəqiq yadımda qalmayıb – bir seyid vardı, həyətində ayı saxlayıb ondan dərman və dualarda yararlanırdı. Seyidin qapısında elə uzun növbə olardı ki, bir ucu “Neftçilər” metrosuna dirənirdi. Heyf, bilmədim o əhvalatın axırı nə oldu. İndi söz əlaqədar təşkilatlarındır – bəs siz haçan meşəyə qayıdırsınız?