Masallıda işıq pulu yığmaq istəyən işçilər zəhmətkeş tərəfindən güllələnmişdir. Biz bu cür vətəndaş münaqişələrinə qarşıyıq, uca millətimizi səbrli, dözümlü olmağa səsləyirik. O sənin işığını kəsir, sən də onun işığını kəs, daha silah nəyə lazımdır? Bu, dini baxımdan da düzgün qərar olardı, çünki müqəddəs kitablarda “dişə diş, gözə göz, işığa lampışka”kimi formullar göydən bizlərə ərməğan edilmişdir. İndi yadıma düşdü, keçmiş ulu öndərimiz Lenin babanın bir afyorizmi vardı, deyirdi sosializm bərabərdir elektrikləşdirmə üstəgəl kolxoz. Ya da QOELRO planı çıxaq nəsə. Təxminən buna bənzər bir zad idi, dəqiq yadımda qalmayıb, baxmayaraq balaca vaxtımda alovlu oktyabryat və pioner olmuşam. Bu əziz 28 may günündə oxucular qarşısında keçmiş günahlarımı etiraf və tövbə edirəm. Bizim yolumuz bundan keçməlidir – hər kəs günahını boynuna alsın, təmizlənək, yeni dünya quraq.
Yəni, elektrik işi ciddi məsələdir və burada pulu yığmağı daha gənc, ingilis dilini bilən, xalqa xidmət etməyə hazır şəxslərə tapşırmalıyıq. İslahat lazımdır. Tək ora deyil, qaz, su, zibil idarələrində də pulyığanlar arasında inqilaba ehtiyac duyulur, yoxsa görürsən qaz sayğacına baxmağa gələn yoldaş sayğac əvəzinə sənin özünə elə tərs-tərs baxır, fikirləşirsən bəlkə Transadriatik qaz kəmərinin çəkilməsini sən yubadırsan. Suya baxanlar su hövzəsini murdarlayır, zibilə baxanlar evin qabağında semiçka çırtlayıb mürəxxəs olurlar. Bilmirsən dərdini kimə deyəsən. Nəticədə vətəndaşlar əsəblərinə yiyə durmur. Əlbəttə, mən bu halı da, yuxarıda qeyd etdiyim kimi, qınayıram. Bizim Qarabağ boyda problemimiz var. Elə yaxşı tüfəng atansan, get erməniyə at. İşıq kəsənin nə günahı? Bəlkə onun da evdə nəyinisə kəsiblər? Hərçənd, işıq idarəsi hadisənin borc və kəsimlə bağlı olmasını təkzib etmişdir, deyir işçilər ora elə-belə, gəzməyə, ya da ev yiyəsi ilə Avropa Birliyinin siyasi gələcəyini, Britaniya baş naziri Boris Consonun kəkilini və Braziliyanın San Paulu şəhrində koronavirusdan ölənlərin harda basdırılmasını müzakirə etməyə gedibmişlər.
Nə biləsən, imanımızı yandırmayaq, Azərbaycanda hər şey ola bilər.
Misal üçün, bu yaxında axşam saat 11 radələrində Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə partiyanın müvəqqəti qərargahı önündə 1 nəfər qadın xeylağı tərəfindən basqın olmuşdur. Deyir ofisdə müxalifət yığışıb nəsə müzakirə eləyirmiş, qadın da qonşuluqda yaşayır, narahat olub, nigaran qalıbdır ki, bəlkə bunlar burada dövlətçilik əleyhinə hansısa təxribat üçün yığışırlar.
Deyib bir də yığışmayın.
Böyük təzyiqdir. Güman edirik Avropa Şurası növbəti bəyanatında bunu insah hüquqlarının pozulması kimi dəyərləndirib pisləməlidir. AXCP sədri Əli Kərimlinin növbəti telefonlarının bağlanması, blok edilməsi də bu qəbildəndir. Artıq bəyin 156-cı nömrəsini blok edirlər, belə getsə Əli bəy ATS açacaqdır – mübarizənin axırında. Xalqın inqilabı qələbə ilə yekunlaşanda. Burada da, təbii, Vladimir İliçin yolu aydın görünür, çünki vaxtilə bolşeviklər Peterburqda üsyan eləyəndə ilk növbədə poçt və teleqrafı ələ keçirmişdilər. Teleqraf kimin əlindədirsə, kim “ayfon” işlədirsə, kimin “zerkalnı” mobil nömrəsi varsa, hakimiyyət də onun əlindədir, biləsiniz.
Məncə hökumət burada səhvə yol verir, çünki telefon danışıqlarında İsmayıl Cəlilovun cinsi oriyentasiyasının müzakirəsi bizim dövlətçiliyə böyük təhlükə yaratmırdı, o zaman niyə və nəyi blok edirsiniz? Qaşınmayan yerdən qan çıxarırlar, sanki bizdə qanköçürmə prosedurları üçün hansısa qrup qana çox ehtiyac yaranıbdır, qıtlıqdır. Nəyə lazımdır? Səbrli olmalıyıq. Heç kimin heç nəyini kəsməyək, hələ bəlkə sünnət toyları karantindən sonra ümumiyyətlə qadağan olunsa yaxşıdır.
İndi söz əlaqədar təşkilatlarındır – siz nəyi kəsmisiniz bu aralar, düzünü deyin?