“Atın ağzına baxıb arpasını verərlər”
(Azərbaycan ata sözü)
Azərbaycanda dövlət qulluqçularının korrupsiyasına qarşı son dövrlər güclənən mübarizə tədbirləri, əlbəttə, təqdirəlayiqdir. Doğrudur, bəziləri (biri elə mən; yəni, bu dəqiqə özümə söz soxuram) deyir ki, həbs edilən icra başçıları kiçik kilkələrdir, biz daha böyük akulaları yaxalamalıyıq. Hacı Məmmədovun diliylə yazsaq, oktapodları. Ancaq bəy verən atın dişinə, tutulan oğrunun böyük-kiçiyinə baxmaq lazım deyil. Nə tutsan qənimətdir. Ən azı məişət səviyyəsində, aşağılarda, regionlarda rüşvətxorluq, qanunsuzluq azalar, kiçik padşahlar özlərini tam yiyəsizlikdə hiss etməzlər. Bu iş əvvəl-axır, hardansa başlamalıdır. Yoxsa, öz aramızdır, bunların bəzilərində həyasızlıq görün hansı səviyyəyə çıxıbmış ki, dövlət büdcəsindən, əhalidən oğurladıqları bəs deyilmiş, Heydər Əliyev Fondunun vəsait və yardımlarına əl uzadırmışlar. Heydər Əliyevin portretləri altında oturaraq.
O cümlədən, rayonlarda cinayətkarlığın mütəşəkkil, qrup formasında törədilməsi diqqət çəkir. Hələ olmayıb ki, icra başçısını təkcə tutsunlar. Mütləq bunun böyründə, necə deyərlər, “komplektində” birinci müavin, maliyyənin müdiri, təhsilə baxan, memar və sairə şəxslər də olur. Hansı daşı qaldırsan, altından bir topa əqrəb çıxır. Beynəlxalq hüquq terminologiyasında bu tip mütəşəkkil dəstələrin ölkələrə uyğun öz adları vardır. Örnək üçün, İtaliyada bunlara mafiya, “Koza Nostra”, “Komorra”, “Ndranqeta”, Yaponiyada yakudza, Rusiyada “Solntsev”, Tambov qruplaşmaları kimi adlar qoyurlar. Hətta keçmiş SSRİ-nin özündə də dövlət nə qədər hər şeyi nəzarətdə saxlasa belə, hansısa bandit qrupları ortaya çıxırdı, biz bunlardan birini populyar “Görüş yerini dəyişmək olmaz” filmində görmüşdük, orda banda oğurluq, soyğun yapdığı obyektlərin divarına qara pişik şəkli çəkirdi. Görəsən İmişli rayon icra başçısı Vilyam müəllimin bandası soyduğu adamlara, obyektlərə hansı nişanə qoyurmuş? Bəlkə Şekspirdən hansısa beyti yazırmışlar? Misal üçün, belə: “Rüşvət almaq, ya almamaq, Budur əsas məsələ!” Biləsuvarın başçısı Mahir müəllimin tovuz quşu çəkməsini zənn edirəm – bu temada artıq yazmışıq.
Beynəlxalq müqayisəni ona görə apardım ki, korrupsiyanın hər yerdə olduğunu, həyatda rənglərin ağ və qaradan ibarət olmadığını və sairəni bir daha göstərim, hətta mən təklif edirəm 1 il gözləyək, görək təzə başçılar nə qədər yığacaqdır, ondan sonra Erkin müəllimi tənqid edərik.
İkincisi, artıq neçənci başçı tutulur, lakin həmin rayonlardan 1 (bircə) nəfər belə ortaya çıxıb demir ki, qardaş, bu adamı nahaq tutmusunuz, yaxşı kadr idi, şəxsən mənim yaralı barmağıma məlhəm sürtmüşdü, ən azı “çiş” eləmişdi. Dəhşətlidir ki, bir dənə də belə fakt yoxdur! Əksinə, hamı sevinir, papağını göyə atır. İllərdir bu mütəşəkkil dəstələrdən əziyyət çəkirmişlər. Bəs görəsən əsas vəzifəsi belə mütəşəkkil cinayətkar dəstələrlə mübarizə olan orqanlar niyə illər boyu susurmuş, Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasını gözləyirmiş? Özü də təqsirsizlik prezumpsiyası qaydasına görə, hələ məhkəmə araşdırması olmadığı, hökm, qətnamə çıxarılmadığı üçün əslində bizim o icra başçılarını “oğru, quldur” adlandırmağımız tezdir, ancaq kiminsə ağlının ucundan da keçmir bu prezumpsiyanı tələb etsin. (Elə mən özüm bunu könülsüz yazıram, baxmayaraq jurnalistika kodeksi, KİV haqda qanunlar bizdən bunu tələb edir, qarşı tərəfin mövqeyini dinləməyi, əldə etməyi zəruri sayır). Yəni, bu da onun göstəricisidir ki, əhali arasında, cəmiyyətdə icra başçılarının heç bir nüfuzu, hörməti yoxdur, insanlar onlardan yalnız qorxurlar. Bu qorxu aradan qalxan kimi, hər kəsin dili açılır.
Nəhayət, Yeni Azərbaycan Partiyasının bu hadisələrə siyasi mövqe bildirməsi zəruridir. Yoxsa partiyanın artıq neçənci üzvü ağır cinayətlərdə suçlanır, qurum isə özünü heç nə olmamış kimi aparır. Ancaq hansısa müxalifətçi bu arada yolu keçidsiz yerdən keçsə, qalxan hay-küyə baxardınız…