“Yalxı bizi eyləməyib mübtəla:
Səfheyi-Qafqazı tutub bu bəla;
Qaxda, Qazaxda, Şəkidə bərməla,
Şişədə, Şirvanda vurur tək səbir”
(Sabir)
Bütün dünyada “AXC-Müsavat dövrü”, ya da başqa formada desək, “1992-93-cü illərdə gəlmişdiniz gördük də” periodu yaşanmaqdadır. Küçəyə nəinki gecələr, heç gündüzlər də çıxa bilmirik, dərəbəylikdir, hər yerdən Surət Hüseynova bənzəyən bir virus baş qaldırır. Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros müəllim isə ana yurdu Efiopiya dağlarına çəkilib araq içməkdədir, sanki bu qırılan qoşun onunku deyildir. Sözgəlişi, bu adamın adı qədim yunan sözü “Teodor”un afrikalaşmış formasıdır, mənası “Allahın bəxşişi” deməkdir. Yəni, bizim dilə düzgün tərcümə eləsək Allahverdi. Bu da onu göstərir ki, biz pandemiyaya ciddi yanaşmalıyıq. Elə ÜST nümayəndəsi olan qadının “əlinizi yuyun, üzünüzə vurmayın” məsləhəti verdiyi məşhur videoda sonda barmağını tüpürcəkləyib vərəqi çevirdiyi qədər ciddi olmalıyıq.
İtaliyada bu koronavirus bəlasından rəhmətə gedənlərin statistikası göstərir ki, burada risk qrupuna əsasən 80 yaşdan yuxarılar daxildir. Ölənlərin orta yaşı 79,4-dür (17 marta qədərki məlumat. Sonrakı günlərin mənzərəsi də böyük fərqlənmir). Cəmi 2 nəfər 40 yaşa qədər ölən olub, onlar da ağır formalı xərçəng və psixi xəstə imiş. Ümumilikdə 40-49 arası ölüm faizi 0,1-dir və 4 nəfərdir. İki kişi və iki qadın. 50-59 yaş arası 25 nəfər ölüb, faizlə 0,6. Yəni, bu yaşda olanların bu xəstəliyə tutulub ölmə faizi bu qədər çıxıb. Daha sonra 60-69 yaş arası ölüm faizi 2,7-dir və ya 80 nəfərdir. 70-79 yaş arası ölüm faizi 9,6 (362 nəfər). 80-89 yaş arası ölüm faizi 16,6 və ya 445 nəfər. Nəhayət ən ağır risk qrupu 90 yaşdan yuxarılar sayılır, burada ölüm faizi 19 faizdir, 98 itki var idi. Koronavirusdan ölənlər arasında kişilər daha çox olub: 71,6 faiz. Qadınlar 28,4 faizdir.
Bu rəqəmləri xüsusi olaraq niyə yazıram? Bizim rəsmi statistikaya görə Azərbaycanda orta ömür uzunluğu 73 ildir. Yəni, zəhmətkeşlərimizin koronavirusdan ölmək ehtimalı olduqca azdır, buna görə hökumətə dərin minnətdarlığımızı bildiririk. Çox yaşamağın belə mənfi tərəfləri vardır. Az yaşa, saz yaşa. Dünya beş gündür, beşi də qara. Qoy millətdə ruh yaşasın. Mamır olub qayalarda bitərdim, hey!
Hazırda bizim əsas diqqətimiz yaşlı insanlara, ağsaqqal və ağbirçəklərə yönəlməlidir. İlk növbədə, o səbəbdən ki, kütləvi toplantılar, toylar, yaslar ləğv edilib, onlar cavanlara öyüd vermir, elçiliyə, qız bəyənməyə və sair vacib işlərə gedə bilmirlər, dünyada baş verən geopolitik hadisələrin müzakirəsində də iştirak etmirlər. (Bu temada Bzejinskinin “Böyük domino taxtası” və “Nərd oyunları” əsərlərində geniş yazılıbdır). O cümlədən pensiyaçılarımız öz pensiyaları ilə dünyanın turistik məkanlarına səyahətə çıxmağı sevirlər. Xahiş edirik, bu aralar onlar Venesiya, Barselona, Pekin kimi yerlərə getməsinlər. Müvəqqəti olaraq Kürdəmirə, Əhmədliyə, Samuxa, Zəngilana getmək olar. Hərçənd, indi buna da icazə yoxdur. Cansıxıcı dövrdür. Yəqin bir xilaskara ehtiyac yaranıbdır, lakin onu hardan tapaq? Atalarımız bu temada yaxşı deyibdir: “İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə”.
Ancaq prosesin müsbət tərəfi odur ki, indi dünya bizim nə çəkdiyimizi, hansı ağrı-acılardan, proseslərdən keçdiyimizi başa düşəcəkdir. Yoxsa hansına deyirdik AXC-Müsavat dövrü pis olub, anlamırdılar, dodaq büzürdülər, əleyhimizə danışırdılar. Tarixi unudanlar, onu bir daha yaşamağa məhkumdur. Bunu da kimsə deyib, müəllifi tapılmasa mənim adıma yazın.