Çoxpartiyalı sistem

“Tək əldən çırtıq səsi çıxar”

(ata sözü)

Milli Məclisin Daxili Nizamnaməsinə görə ilk iclası ən yaşlı deputat aparmalı idi, hazırkı tərkibdə bu adam 82 yaşlı Fəttah Heydərov idi, lakin gördüyümüz kimi, iclası 80 yaşlı Ziyad Səmədzadə aparmışdır. Zəhmətkeşlərimiz bu temada yüngülvarı narahat olmuşdur, şəxsən mənə iyirmi beş teleqram vurublar,  çünki MM-in Daxili Nizamnaməsinin pozuntusu bizim ölkədə ciddi hüquq pozuntusu sayılır. O dərəcədə qanun-qaydalara əməl olunur. Bəs niyə Fəttah müəllimin yerinə Ziyad müəllim danışdı, bu haqda əhaliyə heç bir açıqlama verilmədi. Hələ də seçicilər intizarla gözləyirlər. Yəqin növbəti seçkiyə qədər bilinər.

Ancaq bütün mikroskopik əyər-əskiklərə baxmayaraq bizim yeni parlament dünyaya örnək sayılmalıdır. İlk növbədə, dövlətçilik ənənələrinə sədaqəti qeyd etməliyik. Yada salın: bizim vaxtilə Ali Sovetin sədrinin də soyadı Qafarova olmuşdu. Deməli, tarixilik, varislik prinsipləri qorunur.

İkincisi, deputatlardan müxalifətin nümayəndəsi Erkin Qədirli “pilləkəndə də oturmağa razıyam” açıqlaması versə də, hökumət ona rahat kreslo ayırmışdır. Deyir, hətta kreslomun düyməsi var, basıram, dala-qabağa, yuxarı-aşağı gedir. Bəlkə də Erkin bəy o kreslo ilə kosmosa uçdu. Eyni rahatlıq Tahir Kərimli üçün yaradılıbdır. Halbuki bizim yaxşı yadımızdadır, 90-cı illərdə Tahir bəy iclasda o qədər qışqırırdı, çığırırdı, az qalırdı ödü partlasın, lakin ona söz verən olmurdu. İndi heç qışqırmır. Çünki buna ehtiyac qalmayıbdır. O vaxtlar Elçibəy tribunada siqaret çəkirdi, külünü deputatların başına tökürdü. Dərəbəylik vaxtlar idi, nə yaxşı uzun çəkmədi, iyirmi-otuz il ancaq oldu.

Üçüncüsü, ən önəmlisi bizim parlamentin çoxpartiyalı olmasıdır. Düzdür, bizdə seçkilər majoritar sistemlədir, bu da partiyaların əhəmiyyətini ciddi şəkildə azaldır, deputatları isə bələdiyyə, JEK işçisinə çevirir, o üzdən hər biri yol çəkmək, quyu qazmaq, qaz vurmaq kimi məhəlli, regional vədlər verməyə məcbur olurlar. Misal üçün, Gürcüstanda bu yaxında qərar çıxarıldı, deputatların 120-i partiya siyahısı ilə, yəni, proporsionalla, cəmi 30 nəfəri isə majoritarla seçiləcəkdir, nəticədə orada siyasi partiyaların və xalqın parlamentə marağı artacaqdır. Ancaq bizdə buna ehtiyac qalmır, yazdığım kimi, bizdə onsuz da çoxpartiyalı məclis vardır. Təsəvvür edin, əgər ABŞ-da, Britaniyada parlamentdə uzağı 2 partiya təmsil olunursa, bizim Milli Məclisin hazırkı tərkibi 11 partiyadan ibarətdir! Hətta elə partiya var ki, orada nəinki 1 deputatla təmsil olunmuşdur, bəziləri isə 1,5 deputatla! Partiyaların adları isə sırf siyasi durumu özündə ehtiva edir (çoxdandır bu mənasını bilmədiyim “ehtiva” kəlməsini harasa basmağı arzulayırdım, şükür, qismət oldu, buna görə də rəhbərliyə dərindən minnətdaram). Örnək üçün, ən çox üzvü MM-ə düşən YAP-dırsa, ikinci yerdə VHP-dir. Çünki bizdə vətəndaş həmrəyliyinə, milli birliyə böyük önəm verilir. Yaxud təzə yaranan REAL Partiyasını götürək. Reallıqlara söykəndiyimizi, xam xəyallardan uzaqlaşdığımızı əks etdirir. O cümlədən Vəhdət, Vətəndaş Birliyi kimi partiyaların ora düşməsi ölkəmizdəki vəhdətdən, birlikdən xəbər verir. Deputatlardan Razı bəyin adı da, fikrimcə, cəmiyyətdə narazılığın azalmasının mühüm göstəricisidir.

Maraqlıdır ki, başqa ölkələrdə parlamentə yalnız rəsmi qeydiyyatda olan partiyaların üzvləri düşür, bizdə isə hətta qeydə alınmayan qurumlardan REAL və BNXCP (bilmirəm Neçənci Xalq Cəbhəsi Partiyası – Razı bəy onun sədridir) məclisə girməyi bacarmışdır. Bu da müxalifətə göstərilən yüksək etimadın, dinc quruculuq işlərinə ayrılan vəsaitlərin lazımınca olmasını, hətta ucqar dağ kəndlərimizə də qaz çəkildiyini, məcburi köçkünlərin evlə təmin edilməsini, mətbuata qayğını, milli dəyərlərimizə, ağsaqqallara hörməti və daha nələrisə (qalanını da özünüz fikirləşin, hamısını mən yazsam daha bunun nəyi milli vəhdət oldu) özündə göstərir.