Yəqin ki, 30 il öncə bu vaxtlar mərhum Elmira Qafarova parlamentin sədri kürsüsündə oturaraq, öz koloritli və unikal danışıq tərziylə ölkənin qanunverici orqanının plenar iclaslarını aparanda, ona televizor ekranından tamaşa edən Sahibə Qafarova bir zaman məhz öz soyadaşının postunda oturacağını xəyal etməzdi.
Bəlkə də o, bunu heç arzu da etməzdi. Çünki Elmira xanıma çox çətin idi. Dövr təlatümlü və gərgin idi. Hər ağızdan bir avaz gəlirdi. Hamı narahat, hər kəs narazıydı. Bir sözlə, SSRİ-də xaos olduğu kimi, onun bir hissəsi olan Azərbaycanda da xaos hökm sürürdü və bu xaos o dövrdə ölkənin siyasi güzgüsü olan parlamentdə də inikas olunurdu.
Bu durumda xanım Qafarova bəzən çaşqınlıq içində qalırdı. O, parlamentin 4-cü mikrofonunda dör-dör döyüşərək, istiqlal, demokratiya davası edən demokratların sözünü kəsə, onlarla söz güləşdirə bilmirdi, partokratların basməqəlib və boz-bulanıq çıxışlarına dözürdü, arada əsəbiləşirdi, bəzən də, sadəcə, nə edəcəyini bilmirdi. Ona çox çətin idi.
Bax, ona görə də yəqin ki, həmin vaxt indiki parlamentin yeni sədri Sahibə Qafarova sələfinin yerində oturmaq istəməzdi.
Heç mərhum Qafarova da güman edə bilməzdi ki, vaxt gələcək, parlamentdə “demaqoq deputatlar” olmayacaq, ortalığı qarışdırmayacaqlar, nəticədə onun eyni soyadlı həmcinsi parlament sədri kürsüsündə əyləşəcək və öz həmkarlarını idarə etməyə başlayacaq.
O zaman gəlib yetişib.
Parlamentin rahat idarə edilməsinə gətirən yol düz 30 il çəkdi. Bu vaxta qədər o postda Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov və Oqtay Əsədov oturub.
Spiker postunda ən az oturan Yaqub Məmmədov olsa da, ən çox gərginlik yaşayan, neçə dəfə icra etdiyi vəzifənin ağırlığından bezən, axırda istefa verib qulaq dincliyi axtaran da o oldu.
İsa Qəmbərin spikerlik dövrü də siyasi çaxnaşmalar, müharibə eskalasiyası, bitib-tükənməyən mübahisələrlə müşayiət olundu. Sonda o da istefa verdi.
İsa Qəmbərdən sonra spiker seçilən Heydər Əliyev eyni zamanda prezidentin səlahiyyətlərini də icra etməyə başladı və əslində o, dövləti məhz parlamentdən idarə etdi, prezident seçiləndən sonra isə öz yerinə Rəsul Quliyevi gətirdi.
Rəsul Quliyevin dövründə parlamenti idarə etmək daha asan idi. O, iyerarxiyaya görə ölkənin ikinci şəxsiydi və birinci olmaq arzusundaydı. Əslində siyasi rəqibləri onun torbasını tikməsəydilər və özünün aşıb-daşan ambisiyası əndazə tanısaydı, bəlkə də Quliyev ölkənin birinci şəxsi olacaqdı. Ancaq o, müxtəlif səbəblərdən buna müyəssər ola bilmədi.
Murtuz Ələsgərov öz sələfindən fərqli olaraq ölkənin birinci şəxsi olmaq iddiasına malik deyildi. O, parlamenti heç də pis idarə etmirdi, zaman-zaman Milli Məclisi tədris auditoriyası, deputatları isə tələbələri sayırdı. Elə ona görəydi ki, bəzən Murtuz müəllim “şuluq tələbə”lərin üstünə acıqlanırdı, onları “dərs”dən çıxaracağı ilə hədələyirdi.
Oqtay Əsədovu spikerliyi sələflərinin hamısından uzun çəkdi. Ancaq onun dövründə əsas mühüm dəyişiklik o oldu ki, artıq spiker postu dövlətin ikinci yüksək postu sayılmırdı. Baş nazirlik institutu konstitusiyaya dəyişiklik nəticəsində önə keçmişdi. Daha sonra vitse-prezidentlik postu təyin olundu və spiker postu öz qüvvəsini bir az da itirdi. Ölkədə Prezident Administrasiyasının rəhbəri vəzifəsində daha nüfuzlu, güclü, bacarıqlı şəxs olduğundan, əslində, de-fakto olaraq Oqtay Əsədov ölkədə beşinci şəxs idi.
İndi Sahibə Qafarova bu statusda olan bir postu Oqtay Əsədovdan təhvil alır. Bundan əvvəl həmin postda oturan üç nəfər (Yaqub Məmmədov, İsa Qəmbər və Heydər Əliyev) konstitusiyaya uyğun olaraq vəzifələrinin funksiyası üzrə eyni zamanda prezidentin səlahiyyətlərini icra etmişdilərsə, S.Qafarova üçün belə bir missiya və yük yoxdur. O, sadəcə, parlamenti idarə edəcək, qanunların qəbulu ilə məşğul olacaq, nüfuz dairəsi yalnız parlamenti əhatə edəcək.
Bu baxımdan əslində parlamentin sədri kürsüsündə professor elmi rütbəli, təcrübəli bir qadının olması ən yaxşı variantdır. Sadəcə, yeni spikerdən gözləntiləri böyük etməyə ehtiyac yoxdur. O, öz funksiyasını layiqincə idarə edəcək, bu işində sələfindən çox da fərqlənməyəcək.