Seçicilərin yarıdan çoxu ümumiyyətlə məntəqəni tanımır
Dəfələrlə sınaqdan çıxıbdır, müəyyən aktivlik anlarında, məsələn, seçki olanda, hansısa müxalifətçilər aksiya elan edəndə ölkəmizdə internetə giriş problemləri yaranır. Görünür hökumət elə zənn edir biz orada hansısa təxribatçı məlumatlar yayarıq, dövlətçiliyə, sabitliyə xələl gələr, erməni dəyirmanına su axar. Halbuki, qətiyyən belə deyildir. Məsələn, mən 9 fevraldan bəri Üzeyirin “O mənim olmalıdır” klipini Yutubda izləməkdə böyük çətinlik çəkirəm. Xüsusən o bir yerində deyir e, o mənim olmalıdır, hamı bilsin, vermərəm özgəsinə yarımı mən – ən çox o yerindən ötrü burnumun ucu göynəyir. Yaxud, korifey sənətkarlarımızdan Cavad Rəcəbovun “Balaca kişi”, Vüsal Bayramlının “Şıkı-şıkı dünya” mahnılarını, Oğru Mirseymurun toyundan maraqlı səhnələri izləmək istəyirik. Elə adam var bir həftədir (!!!) Afaq Aslanın şəkillərini aça bilmir – bir şəkil yarıya qədər açılanacan günün yarısı keçir. Sanki biz 20 il qabaqkı tısbağa yerişli internet dövrünə qayıtmışıq. İndiki cavanlar bilməz, ağır günlər yaşamışıq. Əvvəlcə zəng vururdun provayderə, ordan telefonçu qızlar interneti qoşurdular, qoşulma səsi elə uzun olurdu sanardın Kamil müəllim zurna çalır.
Demək istəyirəm imkan verin millət yaşasın. Bizi siyasətə qatmayın, xahiş edirik. Seçki-zad uca millətimizi qətiyyən maraqlandırmır. Bu mənada rəhbərlik “əgər narazılar olsaydı etiraz üçün küçəyə çıxardılar” deyərkən haqlıdır. Narazılıq yoxdur. Biz hər şeydən razıyıq. Hətta koronavirusdan da razıyıq ki, uzaqda fırlanır. Azərbaycanda sosioloji sorğu keçirilib, əhalinin 72 faizinin hər şeydən razı olması rəsmən təsdiqlənib.
Sözgəlişi, mən bu yaxında koronavirusa dərman olaraq qurd yağını göstərmişdim, srağagün qəzetdə respublikamızın hörmətli həkimlərindən birinin məsləhətini oxudum, deyir, burnunuza soğan suyu tökün, vəssalam, bu bəs edir. Ey gidi dünya… Camaat da orda dərman axtarır, neçə alim həlak olubdur. Soğan olsun, nağd olsun – xalqımız uzaqgörən imiş. Ayrı həkimimiz isə virusdan qorxmamağımızı istəmişdir, guya burda çoxlu şişirtmə yaşanır. Əlbəttə. Çin eşşək boyda şəhəri kefindən bağlayıbdır. Ölən minlərlə insan da yalandan ölüb. Özlərini ölmüşlüyə vurublar – bizdə seçkilər zamanı ölülərin səsverməyə gəlməsi tipində.
Əhalinin passivliyinə diqqət etməliyik. MSK parlament seçkisində seçici aktivliyinin 47,81 faiz olduğunu açıqladı. 5 milyon 212 min 902 nəfər seçicinin 2 milyon 547 min 982 nəfəri səs veribdir. Yəni, 2 milyon 664 min 920 nəfər ümumiyyətlə, yerli-dibli seçkiyə gəlməyibdir. Bizi bu düşündürməlidir ki, nə üçün 2 milyon yarımdan çox azərbaycanlı seçkiyə qatılmır, seçkinin nəyisə dəyişəcəyinə etibar eləmir. Hələ mən 47 faizin yetərincə şişirdilmiş rəqəm olmasına şübhələri yada salmıram, bəzi müstəqil QHT-lərin hesablamalarına görə bizdə seçici aktivliyi rəsmi rəqəmdən azı 2 dəfə aşağıdır və hardasa 20 faizə yazındır. Əgər yaxın qonum-qonşularımıza baxsaq, onlarda seçici aktivliyi bizdən yüksəkdir. Misal üçün, Gürcüstanda 2016-cı il parlament seçkisində 51,63 faiz seçici iştirak eləmişdi. Ermənistanda 2018-ci ilin növbədənkənar parlament seçkisində 48,63 faiz olmuşdu. Bir maraqlı detal var ki, bizim seçici fəallığı rəqəmi Rusiya Dumasına 2016-cı il seçkilərinin faizini üst-üstə düşəcək qədər (riyaziyyatda buna konqruentlik deyirlər) təkrarlayır: onlarda da 47,8 faiz alınmışdı. Sanki Məzahir müəllim Putinlə, ya da oranın MSK sədri Ella xanım Pamfilova ilə telefonda danışıb, rəqəmi alıb burdakı protokola yapışdırıbdır.
Bələdiyyə seçkisinə bizdə 32 faiz qatılır. Ən çox prezident seçkisində fəallıq olur, bəzən 85 faizə qalxır. Bu da bizdə hakimiyyət bölgüsünün, əhalinin elektoral marağının nə qədər qeyri-məntiqi, qeyir-sağlam hiperbolik əyrilərlə təsvir olunduğunu, ortaya çıxdığını bildirən detallardır.
Sonda bir daha xahiş edirik imkan verəsiniz klipə baxaq.