“Dünyanın heç bir ölkəsində hamının razı qaldığı seçki keçirmək mümkün deyil”.

Bu cür iddialara adətən belə bir kiçik düzəliş də edirlər: “Dünyanın heç bir ölkəsində nəticələrindən hamının razı qaldığı seçki keçirmək mümkün deyil”. Belə olanda ədalət yerini alır.

Burada açar söz “nəticələrindən”dir. Gerçəkdən də bir seçki bülletenində 11 nəfərin adı varsa, onun yalnız biri seçilməlidirsə və seçilibsə, yerdə qalan 10-u seçkinin nəticələrindən narazı qalacaq.

Əsas odur ki, bu narazılar seçkinin özündən, prosesin gedişindən, təşkilindən, qanun-qaydaya uyğun şəkildə keçirilməsindən narazı qalmasınlar.

Bir çox ölkələrdə məhz elədir: seçki yarışını uduzanlar seçkidən yox, onun nəticələrindən narazı qalırlar və günahı özlərində axtarırlar, uğursuzluqlarının səbəbini təhlil edir, güclərinin bu qədər olduğu qənaətinə gəlirlər.

Çünki həmin ölkələrdə seçkini təşkil edənlər onlara narazılıq və demaqoqluq etmələri üçün bəhanə vermirlər, seçkini dürüst, şəffaf keçirirlər, məsələ bitir.

Seçkiyə hiylə qatılanda, zorakılıq aktları olanda isə uduzanların, demək olar ki, hamısı narazılıq edir, etiraz bildirir.

Əslində burada onlardan yalnız biri, daha şans və daha çox səs qazanan namizəd haqlıdır. Yerdə qalanlar onsuz da uduzub. Məsələn, seçki məntəqələrinin tam əksərində 0 səs alan namizədin “seçkilər saxtalaşdırıldı, haqqımız yeyildi” bəyanatı absurddur. Ancaq seçkiyə hiylə qatılanda onun da belə bir haqqı yaranır.

Müstəmləkədən xilas olmuş ölkələrdə təxminən 20-30 il boyunca normal, dünya standartlarına uyğun seçkilərin keçirilməsi çətin olur. Bunun müxtəlif səbəbləri var.

Başlıcası odur ki, kolonizator dövlət 70-100, 150-200 il ərzində müstəmləkə xalqına seçim etmək vərdişləri əxz etməyə qoymayıb. Onları həmişə qapazaltı edib və daima başlarına bir vassal gətirib ki, özləri özlərini idarə edə bilməsinlər.

Bu, ciddi faktordur. Qərinələr, əsrlər boyunca “mərkəzdən gələn ağa”ların ağzına baxan, onların əmrinə müntəzir dayanan xalq birdən-birə sərbəst, yuxarıdan buyruq olmadan seçib-seçilmək vərdişinə yiyələnə bilmir.

Son seçkilərdə də gördük: dövlət və hökumət qulluğunda olan seçicilərin tam əksəriyyəti öz seçimlərini  “yuxarıdan tapşırılan”, yumşaq desək, “tövsiyə olunan” namizədin xeyrinə edirdilər. Yuxarıdan deyilib, vəssalam, demək, belə məsləhətdir.

Deyilə bilər, bəs SSRİ-dən qopan Baltikyanı ölkələrdə seçki kampaniyaları niyə fərqlidir?

Bəli, elədir. Baltikyanı ölkələr – Latviya, Litva, Estoniya SSRİ-yə lap axırda qoşulmuşdular. Ona qədər onlar onsuz da mədəni Avropa xalqlarıydılar və Rusiyanın müstəmləkə siyasətinə yetərincə müqavimət göstərmişdilər, daha bizim kimi, “əbədi səadətimiz Rusiyaya bağlıdır” şüarları qaldırıb, kütləvi şəkildə kommunist şineli geyməmişdilər.

Üstəlik, Baltikyanı dövlətlərin qonşuları bir əsr öncədən dürüst seçkilər keçirən və onun xeyrini görən Finlandiya və İsveçdirsə, bizimki indinin özündə də seçkiləri dava-şavayla müşayiət olunan, ədalətli seçim apara bilməyən İrandır, Rusiyadır.

Avropadan Asiyaya, Qərbdən Şərqə gəldikcə siyasi proseslərdə haqq-ədalət prinsiplərinin qorunması azalır.

Deyəcəklər: bəs gürcülər, bəs Saakaşvili? Saakaşvilinin hakimiyyətə gəldiyi dönəmi xatırlayaq. Adam hakimiyyətə xalqın dəstəyi ilə, amma zorakılıq tətbiq edərək gəldi. İki müddət işlədi, gerçəkdən çox dəyişikliklər etdi, ölkəsini irəli apardı. Amma sonrası necə oldu? Hazırda o, başqa ölkələrdə “qaçaq prezident” statusundadır. Ondan sonra hakimiyyətə gələnlər isə Gürcüstanı da, “azadlıqsevər gürcü xalqı”nı da yavaş-yavaş vassalsevər müstəmləkə xalqına çevirdilər və proses davam edir.

Erməniləri keçirdiyi seçkilərdən də danışmağa dəyməz. Hər şey göz önündədir. Ümumiyyətlə, Qafqaz xalqlarının bu kimi məsələlərdə bir-birindən çox qabağa keçməsi alınmır. Kim qabağa keçsə, bir müddətdən sonra dönüb o birilərin cərgəsində durur.

Bizim seçkilərlə bağlı əsas problemimiz budur ki, halal, dürüst, qanuni seçki keçirmək üçün çox şeyimiz çatmır: siyasi iradə, seçici fəallığı, saxtakarlığa müqavimət, komissiya üzvlərinin prinsipiallığı, bir çox namizədlərin səviyyəsi və s.

Uzun sözün kəsəsi, demokratiya doğrudan da gediləsi uzun yoldur.