“Sizin uşaqlar həmişə çəpərdən bizim həyətə keçib, mənim itlərimlə oynayırlar – amma mən heç bir söz demirəm: nə işim var, qoy oynasınlar, heç bir şeyə toxunmurlarsa, qoy oynasınlar!”
(Nikolay Qoqol, “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest”)
Doğrudur, mən siyasətə qarışmıram, ancaq parlament seçkilərindən sonra bəzi narazılıqlar baş qaldırıb, bunlara münasibətimi yazmaq istəyirəm.
İlk növbədə camaatımızı anlamaq çətindir. Deyirlər hökumət adamı, vəzifəli şəxs gərək mütləq xalqın qulluğunda dursun, millətə xidmət eləsin. Prinsipcə, haqlı mövqedir, bizim ana qanunda da belə qələmə alınmışdır. Lakin vəzifəli şəxs niyə yalnız xalqa xidmət etsin? Bəyəm onun özü başqa xalqın nümayəndəsidir? Yox. O üzdən, vəzifəli şəxs xalqın bir üzvü olaraq arada-bərədə özünə də xidmət göstərməlidir. Hətta daha kəskin desək, bu, onun borcudur. Millətimiz də belə şeyləri yüksək qiymətləndirir, varlıya baş əyir, kasıba isə salam da vermir. Deyirlər özünə gün ağlaya bilməyən bizə nə edəcəkdir. Məsələn, cəbhənin vaxtında baş nazirin müavini yataqxanada qalırdı, camaat ona anekdot qoşurdu. O da getdi vəziyyətini düzəltdi, deputat oldu, indi camaat başına and içir – tapa biləndə.
Elə bu tip mənasız narazılıqlardan biri Binəqədi 10-cu seçki dairəsindən bir xanım namizəd tərəfindən ortaya qoyulubdur. Yorğan-döşək götürüb gedib MSK-nın qabağına, deyir mənim hüququm pozulubdur. Mən bu məsələni bir az yaxşı bilirəm, çünki o dairənin ərazisində yaşayıram. Hərçənd başqa dairədə qeydiyyatda olmağım 30 ildir buradan deputat olan müqəddəs insana səs verməyimə əngəl törədir. Adını çəkmirəm, onsuz xalq kimin kim olduğunu bilir. Hətta mən onun adını çəkməyə layiq deyiləm – yazdım axı, müqəddəsləşibdir. Yəhudilər qədim dini mətnlərdə tanrının adını yazmazdılar, eləcə YHBH kimi qeyd edirdilər, sonradan bunu “Yəhva” oxudular. Bizdə BŞİH, RİH abbreviaturalarının buna oxşaması təsadüfi deyildir. Bibliyada üçüncü qadağa elə bu temadadır: “Allahının, öz Tanrının adını boş-boşuna çəkmə”(20:7).
Xülasə, xanımın seçkidən qabaq lövhəyə vurduğu plakatı diqqətimi çəkmişdi. Çünki şəkildə eynilə Stenli Kubrikin “Parıltı” filmində Cek Nikolsonun qəhrəmanının əlində balta qapını qırarkən gülümsədiyi kimi gülürdü. Mən plakatın tirajına baxdım, cəmi 70 ədəd çap olunmuşdu. Dərhal anladım bundan bizə deputat olmaz. Düzdür, müqəddəs insan ümumiyyətlə şəkil, plakat çap eləmir, divara vurmadan, seçicilərlə görüşmədən 30 ildir deputat olur, ancaq burada situasiya fərqlidir. Biz onu görməsək də varlığını hər an hiss edirik. Ən azı yetmiş yerdə dükanı olmasını bilirik. Orda xalqa məhsul satır, xidmət göstərirsə, bu, azdırmı? Sənin heç budkan yoxdur, gəlmisən namizəd olmusan… Üstəlik, harada görünüb zənən xeylağı siyasətlə məşğul olsun? Get evdə dovğanı bişir. Sən öl, hələ yaxşı qurtarmısan, bəzi rayonlarda zənənləri döyüb öldürürlər. Çoxunu UZİ soyqırımında aradan götürürük.
Bir də bu “heç bir dəyişiklik olmadı, seçki nəyə görə keçirildi” donquldanmaları zəhləmizi tökür. Birincisi, 40-a yaxın təzə deputat var, bunun özü yenilikdir. Məsələn, keçən dəfəki seçkilərdə 39-u dəyişmişdi. Namizəd irəli sürülməsində də maneçilik olmadı, hamı axışıb namizəd oldu. İnşallah, bu minvalla yaxın minillikdə deputatların hamısını özünüz seçməyi öyrənərsiniz. Təkamül prosesini pozmayaq. Yavaş-yavaş. Moskvanı Putin bir-iki ilə tikməyib ki. Az olsun, həmişə olsun. Soğan olsun… Nəsə, Aqil müəllimin temasına girməyək.
İkincisi, elə deputat vardı keçən dəfə parlamentə düşəndə 76 yaşındaydı, indi isə 81 yaşındadır. Dəyişiklik deyilmi? Yaxud hələ görəcəyik nə qədər deputat məclisin iclasına təzə kostyumlarda, donlarda gələcəkdir. YAP keçən dəfə 7 dairədə namizəd verməyə adam tapmamışdı, indi hamısında vermişdilər. Dəyişiklik həmişə var, sadəcə, bunu görməyi bacarmaq lazımdır.