Rauf Arifoğlu ilə tanışlığımızın tarixinin 35+ olduğunu bilənlər, yəqin ki, bu yazının “müdiri tərifləmək” silsiləsindən olduğunu düşünməzlər. Düşünsələr də, eybi yox… Mən zəng edib “alo” deyəndə “can” deyən adam beş bu qədər tərifli yazımı haqq edir.

Bu 35 ilin 25-i ara-sıra fasilələrlə bir dam altında, bir redaksiyada keçib, necə deyərlər, acılı-şirinli, sıxıntılı, iztirablı, kefikök günlərimiz olub. İki il bir kazarmada əsgərlik həyatı yaşayanlar, 1-2 ay birlikdə eyni səngərə girənlər ömürlük dost olduqları kimi bizim 25-35 illik silahdaşlığımızın da, əlbət, bir xətri var.

Əslində bu cür yazıların indən belə Rauf Arifoğlunun deputat seçilməsinə elə bir faydası yoxdur. Amma bu, həm “şorbada bizim də duzumuz olsun” hadisəsidir, həm də indiyədək şəxsimə edilmiş saysız-hesabsız yaxşılıqlara əvəz olaraq ikilikdə olanda dilə gətirilmiş minnətdarlıqların yazılı və publik ifadəsidir.

Dar günlərin etibarlı dostu - Xalid Kazımlının yazısı

Srağagün xətrini çox istədiyim bir ziyalının Rauf Arifoğlu haqqında tamamilə yanlış düşüncədə olduğunu görərkən bu barədə yazmağa qərar verdim. Əslində bu yazı 35 saylı seçki dairəsinin seçicilərinə ünvanlanmayıb, həmin o doktora, ədalətli, dürüst və vicdanlı adam saydığım ziyalıya ünvanlanıb.

Yəqin ki, həmin həkim, eləcə də bir çox başqaları Rauf Arifoğlunu tez-tez telekanal ekranında iddialı-iddialı danışan, keçmişdə sərt tənqidi yazılar yazsa da, indi yazmayan, ayağını tapdayanlara sərt cavablar verən obrazda tanıyırlar, amma o, mənim üçün başqadır. Mən onu heç də şüşə arxasından görmürəm.

Hərçənd bir neçə dəfə elə epizodlar da olub. İl yarım öncə ağır öd əməliyyatından sonra reanimasiya otağında ayılanda şüşə arxasında ilk gördüyüm adam Rauf bəy olub, əlini yelləyib, “canım hocam, Allaha şükürlər olsun, adlatdın” deyib, əlini göyə açıb. Ondan 6 ay sonra oğlum appendisit əməliyyatından çıxandan sonra gözünü açanda o da reanimasiya otağının iri layli şüşəsinin arxasında yenə Rauf Arifoğlunu, Azər Ayxanı, Elşad Məmmədlini gördü. Bunlar hələm-hələm unudulası şeylər deyil.

Hələ bu sayaq başqa epizodlar da var, onların yarısı haqda yazıb, uzun-uzadı təfərrüatlara varmaq istəmirəm.

Dar günlərin etibarlı dostu - Xalid Kazımlının yazısı

Bu, təkcə mənimlə bağlı detallar deyil. Redaksiyamızda, media sferasında, eləcə də R.Arifolunun yaxın ətrafında elə adam olmaz ki, dara düşmüş olsun və Rauf Arifoğlu onun dadına çatmasın, maddi-mənəvi-psixoloji (və s.) baxımdan kömək etməsin.

O, müsahibə, açıqlama verəndə, kimisə yerində oturtmağa çalışanda zahirən hirs-hikkəli görünə bilər, amma batində fərqlidir, ürəyi yumşaq və mərhəmətlidir. Başqa sözlə, Rauf Arifoğlu göründüyü, ələlxüsus da qələmə verildiyi kimi adam deyil.

Yuxarıda sözünü danışdığım doktor onun şəxsinə dair yanlış iradlar söylədi, cavab olaraq bir şeylər dedim, indi əlavə edirəm ki, dolaşıq situasiyalardan az zərərlə çıxmağı bacarmaq, ellikcə uçuruma gedənlərin sırasından sıyrılmaq, ayaqda qalmağa çalışmaq, hər halda, bir siyasətçi üçün ayıb davranış deyil. Bunun əksi yox olmaqdır.

Siyasətçinin əsas missiyası özünü, yaxın ətrafını, tərəfdarlarını qorumaq, uğurlu şəkildə mənzil başına, əsas məqsədə doğru aparmaq, xalqına faydalı olmaqdır. Əgər bir komandir hansısa yüksəkliyi tutmaq üçün hücuma keçərkən, ordusunu qırdıra-qırdıra gedəcəksə, sonda tək və gücsüz, həm də dərənin dibində qalacaqsa, demək, o, uğursuz komandirdir. Adsız yüksəklik tutulmayıb, ordu qırılıb, özü də əliyalın qalıb, amma qürur duyur ki, əsir düşməyib. Sənin missiyan yüksəkliyi ələ keçirmək idi, cənab komandir.

Dar günlərin etibarlı dostu - Xalid Kazımlının yazısı

Rauf Arifoğlu isə nə “ordusunu bada verənlərdən“dir, nə də mənzil başına yol gedərkən yorulub usananlardan.

Təəssüf ki, bizdə siyasətə dair düşüncələr müasir dünyada olduğundan çox fərqlidir. Burada bir partiyaya üzv olmaq, 20 il onun yolunda can qoyandan sonra ayrılmaq reneqatlıq, xəyanət sayılır. Sanki tərəflər arasında “qalsam, səninəm, ölsəm, qara torpağın” əhd-peymanı bağlanıb. Elə bil ki, partiya yarımgizli dini sektadır, mafioz birlikdir, ondan ayrılan vurulmalıdır (ya güllə ilə, ya da total şəkildə pisləmək yoluyla). Halbuki siyasət insanı öz seçimlərində hər zaman sərbəst olmalıdır, yolayrıclarında qalanda düz bildiyi səmtə getməlidir. Bir döngədən sonra uğurlu yolla getdiyini düşünən adamı necə qınamaq olar? Yalnız o zaman qınamaq olar ki, yolun sonu uçurum olsun.

Dar günlərin etibarlı dostu - Xalid Kazımlının yazısı

Azərbaycanın siyasi reallıqları çox mürəkkəbdir. Burada optimal siyasi mühit yoxdur, ya zaman-zaman (seçkidən-seçkiyə) tarana gedib məhv olmalısan, zəifləyib güncə qısnanmalısan, ya da Napoleon dövrünün məşhur siyasi xadimi Sieyesin dediyi kimi mövcudluğunu qorumalısan.
Rauf Arifoğlunu öz mövcudluğunu qorumaqda qınayanların özləri də öz mövcudluqlarını itirməyiblər, birtəhər yollaşıb yola gediblər.

Mövcudluqlarını itirənlər də var, amma baxaq, görək, onların adı harada anıılır, xidmətləri harada qeyd olunur? Yalnız bir-ikisinin tərəfdarlar korpusu hərdən “bu dünyada belə bir insan da vardı” deyə nostaljiyə qapılırlar.

Sonda 35 saylı seçki dairəsinin seçiciləri üçün ikicə cümlə yazmaq istəyirəm: 1. Rauf Arifoğlu dar günlərin dostudur, üstünə ümidlə gələnləri naümid etməyəcək; 2. Onu seçənlər əsla peşman olmayacaqlar və gələn dəfə yenidən seçəcəklər.

Dar günlərin etibarlı dostu - Xalid Kazımlının yazısı