Mirbaba Babayev sosial mediadakı səhifəsində Tofiq Qasımovun vəfat xəbərini yayanda lord Linney Klençarlinin hadisəsi ikinci dəfə yadıma düşdü.
Böyük yazıçı Viktor Hüqonun “Gülən adam” romanının personajı, həm də tarixi şəxsiyyət olan lord Klençarlinin başına gələnləri üç ay əvvəl, Vurğun Əyyub rəhmətə gedəndə də xatırlamışdıq.
Onların hər ikisi öz xalqının Klençarlisi idi.
Sözügedən romanda bu şəxsdən bəhs edən fəsli 2003-cü ilin payızında Hikmət Hacızadə və Çingiz Sultansoy tapıb çıxarmış, əməkdaşımız Rahib Kazımlı isə tərcümə edərək qəzetimizdə dərc etmişdi.
Bu, məğlubiyyətə uğrasa da, onunla barışmayan, sona qədər əqidəsinə, ideallarına sadiq qalan, “qalib”lərə boyun əyməyən, öz ölkəsində rifah içində yaşamaqdansa, sürgünün, qürbətin möhnətinə dözən şəxsiyyətlərin hekayəsidir.
Lord Klençarli kimi Tofiq Qasımov da ömrünün son illərini İsveçrədə yaşadı, orada vəfat etdi.
Klençarli İngiltərə kralını devirib respublika quran, parlament üsul-idarəsi bərqərar edən Oliver Kromvelin komandasında yer alıb. Respublikanın süqutundan sonra bir çox silahdaşları hakimiyyətə qayıtmış kralın tərəfinə keçərək, yenidən vəzifələrdə, parlamentdə yer alsalar da, lord Klençarli “ölü respublika”ya sədaqətini qoruyub saxlayıb. Baron, per, lord, zadəgan Klençarli andına sona qədər sadiq qalan adam olub.
Kübarlığı, mədəniyyəti, daxili zənginliyi ilə seçilən Tofiq Qasımov da elə bir adam idi.
O da AXC-Müsavat hakimiyyətinin 1 ilin içində devrilməsi faktıyla barışmadı, bu çevrilişdə rolu olanları bağışlamadı.
Baxıram ki, yeni nəsil siyasi fəallar Tofiq Qasımovun adını eşitsələr də, siyasi fəaliyyətindən, başına gələnlərdən, ən əsası, onun prinsipiallığından, dürüstlüyündən o qədər də xəbərdar deyillər.
Tofiq Qasımov haqqında deyilən yaxşı sözlər heç də havayı, uydurulmuş kəlmələr deyil. O, gerçəkdən də dürüst, təvazökar, gözü-könlü tox, əqidəli adam idi. Ən ümdəsi, Tofiq bəy dövlət hüququnu, qanunvericilik işini öz dövrünün hüquqşünaslarından yaxşı bilirdi, üstəlik də çox tələbkar idi.
Bir dəfə məşhur hüquqşünaslardan biri, Ali Sovetin deputatı parlamentin iclasında Tofiq Qasımovun tələbkarlığı haqqında belə bir söz işlətdi: “Tofiq bəy çox dotələbdir”. Həmin hüquqşünas deputat öz siyasi rəqibi haqqında bu kəlməni olduqca böyük sevgiylə, təbəssümlə dilə gətirdi.
Onun prinsipiallığını, vətənpərvərliyini siyasi arenada olanların, demək olar ki, hamısı qəbul edirdi və heç kəs ona ağız büzmürdü.
Tofiq Qasımovun xarici işlər naziri postunda necə çalışması, gənc dövlətin maliyyə vəsaitini necə qoruması, 1 qəpik belə israfa yol verməməsi haqqında söhbətləri çox adam dilə gətirib, təfərrüata varmağa ehtiyac yoxdur.
Bu xüsusda onu yalnız Uruqvayın keçmiş prezidenti Xose Mujika ilə müqayisə etmək olar. Prezident olduğu müddətdə dövlətinin bir pesosunu haram yolla əldə etməyən, həyat şəraitini, geyimini, sürdüyü maşını, dostlar dairəsini belə dəyişməyən, özünü tamamən xalqına, dövlətinə həsr edən Mujika bu gün bütün dünyada dürüstlüyün simvolu sayılır. Ondan öncə məhz Tofiq Qasımov da o cür insan idi. Yəqin ki, o president olsaydı, elə də qalacaqdı və bu gün dünya Uruqvay prezidenti ilə yanaşı, onun da adını “dünyanın ən kasıb, ən qanunsevər prezidenti” kimi anacaqdı.
Fəqət Elçibəy hakimiyyəti devrildi, iqtidar komandası dağıldı. Tale elə gətirdi ki, Tofiq Qasımov Xose Mujika ola bilmədi və o, məcburən lord Klençarlinin taleyini yaşamalı oldu.
Klençarli haqqındakı hekayətdə belə cümlələr var: “O, İsveçrəyə çəkildi, Cenevrə gölünün sahilindəki hündür, yarıuçmuş binada məskunlaşdı. Yoldan keçənlər onu nadir hallarda görə bilərdilər. Bu adam nəinki öz ölkəsindən, hətta öz zəmanəsindən də kənarda yaşayırdı”.
Bu cümlədə “O” əvəzliyinin yerinə “Tofiq bəy” yazsaq, heç nə dəyişməz, heç nə yanlış olmaz.
Ömrünü torpağının bütövlüyü, xalqının xoşbəxtliyi, ölkəsinin müstəqilliyi, dövlətinin demokratikləşməsi üçün fəda edən adamın uzaq İsveçrənin torpağına qovuşması çox kədərlidir. Adam bunu sinirə bilmir. Niyə axı? Niyə elə olmalıydı? Vətəninə, əqidəsinə, andına sadiq insanlar nəyə görə xoşbəxt olmamalıdırlar, didərgin düşməlidirlər?