(“Aquila non captat muscas”, Latın məsəli. Tərcüməsi: “Qartal milçək tutmaz”)
Şübhəsiz, dövlətimizin onu xaricdə söyənləri tutub gətirməsi necə qüdrətli olmasından xəbər verir və eyni zamanda dünya trendlərini izləməsini, beynəlxalq güclərlə eyni səviyyədə durmasını nümayiş etdirir.
Ancaq əlbəttə, könül istərdi qüdrətli dövlətimiz öz gücünü belə xırda işlərə (söyüş söyəni tutub qoduqluğa salmaq, blogeri qulaqlayıb gətirmək və sairə) sərf eləməsin. Ortada daha ciddi problemlər, görüləcək işlər vardır. Misal üçün, elə Ukrayna prezidenti rəsmi səfər hədiyyəsini hansısa ağzıyırtıq yutuberi səbətə qoyub gətirməklə deyil, dövlətlərarası projelərlə nümayiş etdirə bilərdi. Yoxsa rəsmi görüşlərdə açıqlandığı kimi, müstəqil dövlətlərimizin dostluq əlaqələrinin bəlkə 30 il tarixi vardır, arada ölü qurum GUAM-da (bunun içində hələ Ö hərfi – Özbəkistan da vardı bir aralar, necəsə düşüb itdi) birləşmişik, lakin nə ticarət dövriyyəsində, nə iqtisadi və siyasi əlaqələrdə ciddi irəliləyiş yoxdur. Səbəb yuxarıda yazdığım kimidir: başımız milçək tutmağa qarışıbdır.
Ədalət naminə dövlətimiz təkcə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna kimi yerlərdən xoşu gəlməyənləri tutub gətirib zindana salmaqla deyil, həmçinin Macarıstandakı zindandan öz milli qəhrəmanını azad eləyib gətirməsi ilə də yadda qalmışdır. Yəni onu deyəndə bunu da deməliyik. Həyat yalnız ağ və qara rənglərdə boyanmayıbdır. İnşallah, Dilqəm və Şahbazı da gələn Novruz bayramınacan azad edib gətirəcəyik. Amma bütün hallarda dövlətin fəaliyyət sahəsinin belə daralmasını heç bir vətəndaş istəməzdi.
Hərçənd yenə xüsusi qeyd edirəm, dünyada bu cür işlərlə məşğul olanlar çoxdur, bəlkə ölkələrin yarısı elə işini-gücünü atıb “Bizi kim söydü” deyə yutub-da bloger axtarır. Örnək üçün, ABŞ prezidenti bütün günü əlində telefon gəzir ki, görüm indi kimə tvit atıb ağzıma gələni deməliyəm, hansı jurnalistə pis cavab verməliyəm və sairə. Amerikalıların bəxti gətirib ki, demokratik, oturuşmuş sistemləri var, yoxsa Trampın öz xəyallarına qalsa bu saat yerli türmələr ona dislayk atanlarla dolmuşdu.
Yaxud Çin guya dünyanın ciddi dövlətlərindən biridir, Allah heç qoymasa. Milyard yarım adam yaşayır, Aya peyk göndərirlər, Təhlükəsizlik Şurasında 5 kişidən biridir, nə bilim, ümumi daxili məhsul istehsalında planetin 2-ci iqtisadiyyatına malikdir. Ancaq futbolçu ilə itələşirlər. “Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil bugünlərdə uyğur türklərinin pozulan haqlarını öz sosial şəbəkə hesabında qaldırmışdı. Tam haqlı olaraq yazmışdı, çünki doğrudan da Çinin uyğur qardaşlarımıza (sözgəlişi, çox adam bəlkə bilmir, ancaq uyğurlar dil və mədəniyyət baxımından türk etnosları içərisində biz azərbaycanlılara ən yaxınlardan biridir, az qala Anadolu türkləri qədər yaxınlıq var) qarşı apardığı repressiya bütün hədləri aşıbdır. Təsəvvür elə, yüz minlərlə insanı zorla islah düşərgələrinə – az qala faşistlərin konsentrasiya lagerləri kimi yerlərdir – basıb bütün dünyadan təcrid vəziyyətində saxlayırlar. Həmin düşərgələrə heç bir jurnalistin yaxınlaşması mümkün deyil, dünya oranı yalnız peyk fotoları vasitəsilə izləyir. Uzun sözün qısası, Məsut Özil buna etiraz edəndən sonra Çin telekanalları “Arsenal”ın oyunlarını göstərmir. Baxmayaraq komanda rəhbərliyi maddi, reklam zərərlərindən qorxması üzündən Çinin qabağında əsir, “Özilin fikri şəxsidir, biz siyasətə qarışmırıq” deyib. Çindəki yerli sosial şəbəkələrdən “Arsenal” azarkeşlərinə, Özilin fanat-qruplarına məxsus səhifələri banlayıblar (qadağan ediblər). Bircə o qalıb Özili təyyarənin baqajına atıb Pekin türməsinə, ya da elə uyğurların yanına aparsınlar.
Bu yaxında Türkiyədə Axıska türklərinin vətəndən qovulmasının 75 illiyi yad edildi. Dövlət başçısı Ərdoğanın iştirakıyla geniş tədbirlər oldu. Yaxşıdır, lazımdır, ancaq soruşan olmadı ki, Türkiyə kimi güclü dövlət indiyə qədər Axıska türklərinin dərdinə niyə dərman etməyibdir. Axı onları sovet hökuməti indiki Gürcüstandakı yurdlarından sürgün eləmişdi. İndi ki, sovetlər yoxdu!? Bəyəm Türkiyənin iqtisadi, siyasi, lap elə hərbi gücü çatmazdı Axıska türklərini evlərinə qaytarsın? Üstəlik, bu qayıdış haqda Avropa Şurasının da qərarı var, tam hüquqi bazalı akt olardı. Ancaq Gürcüstanla müxtəlif səviyyəli alveri davam etdirmək Axıska türkləri üçün real iş görməkdən daha sərfəlidir.