“Nə olardı ki, ya padşah, ya onun adamları məni yanına çağırıb soruşaydılar ki, ay yazıq, axı sənin taxsırın nədir? Mən də açıb düzünü deyəydim, onda qolumu da kəsməzdilər”
(“Padşah və dəmirçi”, Azərbaycan xalq nağılı)
Bəstəkar-biznesmen-müxalifətçi-sabiqdeputat Hüseyn Abdullayevə 5-6 il həbs cəzası kəsilmişdi, indi o, bundan şikayət veribdir. Yaxşı olardı, Hüseyn müəllim azadlığa buraxılsın, təzədən deputat qoyulsun. Vətənpərvər insandır, onun fəaliyyətini uca xalqımız “Quska” kod adı ilə yaxşı xatırlayır. Elə Hüseyn müəllim apelyasiya iclasında bu temaya toxunaraq həm şeir oxumuş, həm də ötən günləri yada salmışdır. Gəlin öncə şeiri oxuyaq, bəlkə bir gün dərsliyə salındı, APİ-nin filologiya fakültəsinə girmək istəsək, imtahana düşdü:
“Qardaş bildiyimiz doğma bir eldən
Əllərim, qollarım bağlı gəlmişəm.
Mən öz ana yurdum, evimə deyil
Qaranlıq zindana gecə gəlmişəm”.
Mən sizə deyim, 650 ildən sonra “Quska”nın bizdə yubileyini dövlət xəttiylə qeyd edəcəklər, şairin dərisinin soyulması tənqidə məruz qalacaqdır. Ancaq şeir özü “bir millət, iki dövlət” konsepsiyamıza uyğun deyil, çünki hörmətli şair Türkiyədə tutulub gətirilməsini sanki qınayır. Üstəlik, Almaniya səfirliyindən yardım istəyir! O almanlar ki, 41-45-də işğal, Bakı neftini torta töküb yemək kimi çirkli planlar qurmuşdular. Gəl, kəmər çək, konsorsium qur, adam balası kimi neftini apar da bə. Sənə kim mane olur? Ümumiyyətlə, Hitler çox gicbəsər adam idi, Azərbaycan torpaqlarına göz dikənlərin canını aldığımızı qanmamışdı. Hüseyn müəllimin şeirinə qayıtsaq, orada qafiyə xətası da vardır, “bağlı gəlmişəm” və “gecə gəlmişəm” heca şeirimizin heç bir qafiyə sisteminə uyğun gəlmir. Təklif edirəm, türmənin rəisi şeiri redaktə eləsin, “gecə gəlmişəm”in yerinə “dağlı gəlmişəm” yazsın. “Yağlı gəlmişəm” də olar, məhkəmənin gedişatından çox şey asılıdır.
Söz poeziyadan düşmüşkən, sadiq oxucularımızdan Elçin Əliyev yoldaş regionların inkişaf proqramımızın uğurlu tətbiqindən cuşə gəlib, mənə poetik bir məktub yazmışdır. Təklif edirəm, onu oxuyaq, mənəvi zövq alaq: “Salam, Zamin bəy. Mənim bir dostum var, həm dəmir yolunda işləyir, həm də Oğuzda qoyunçuluqla məşğuldur. Söz düşəndə, deyir, Allah qoyunlara bərəkət versin, dəmir yolundan yaxşıdır. Deyirəm, ay Gündüz, ana təbiət, yeməli qoyun, gömgöy otlar. Otar getsin də bu qoyunları. Pul və yaşamaq qoyunçuluqdadır. Hələ təbim gəldi ona bir şeir də yazdım. Şeir belədir:
Gündüz qərdeş, səhər tezdən
Qoyunlarla məşğul olur.
Qoyunlar çöldə otlayır,
Quşlar baxıb cəh-cəh vurur.
Oğuz eli gözəl məkan,
Fəsli payız, bağlar xəzan.
Hər səhər açılan vaxtı,
Yolların üstündə duman.
Qışda yunun qırxsan əgər,
Zərrə qədər də inciməz.
Sən otaran o qoyunlar
Hər göyərən otu yeməz”.
Hesab edirəm, bu şeir poetik məziyyətlərinə, milli nəsihətlərinə və aqrar əziyyətlərinə görə Hüseyn müəllimin şeirindən geri qalmır. Az qala unutmuşdum, Hüseyn müəllim məhkəməyə belə maraqlı sözlər də demişdir: “Heç kimsə elə düşünməsin ki, bugünkü əmin-amanlıq və çox böyük çətinliklərlə əldə edilmiş sabitlik göydən düşüb, ya da ki, öz-özünə yaranmışdır. Bu yolda öz cavanlığını və ən gözəl illərini qurban verən var”. Yəqin özünü nəzərdə tutur, təvazökar adamdır, ad çəkmir. Lakin tarixdə belə şeylər çox olub, inqilab öz balalarını yeyibdir. Misal üçün, fransızlar da sonra Robespyerin başını kəsmişdilər.
Eyni zamanda başımız Milli Məclisə qarışdı, ara yerdə məhkəmə Eldar Mahmudovun əmisi oğlunu azadlığa buraxdı. Halbuki bu şəxsin Metro Tağının 40 il maaşından yığdığı 3 milyon dolları qapazlamaqda əli vardı. Yeri gəlmişkən, Tağı müəllim də Tağı Sadiq imzasıyla şairdir, yeraltı aləmdə AYB-nin üzvüdür. Bəs indi həmin 3 milyonu kim qaytaracaq? Yəqin hazırda şair bu temada yazır:
“Üç milyonum əldən getdi,
Zalım fələk, zalım Eldar.
Görən imkan olacaqmı,
Səndən pulu alım, Eldar?!
Dızıldadı jurnalistlər,
Bəzisi burcutdu getdi.
Tuneldəki dükanları,
Ev-eşiyi satdım getdi,
Bəs mən harada qalım, Eldar?”
Şeirin sonrakı qafiyələri pis gəlirdi, ona görə yazıya nöqtə qoymağı məsləhət görürəm. Siz də oxumağı dayandırın, yığışaq gedək Oğuza, qoyun saxlayaq.