“Qərib bir ölkədə təkcə qalanda,
Baxıb üfüqlərə ilham alanda,
Acıqlanma mənə yada salanda,
Vətəndə qoyduğum nazlı dilbəri”
(Mehdi Hüseynzadə)
Müəllifini bilmədiyim (hesab edək bunu elə dahi mütəfəkkirimiz Nadir Qafarzadə söyləmişdir) afyorizmdə deyilir ki, əgər millət öz tarixini unutsa onu iki dəfə təkrar yaşamağa məcburdur. Bir dəfə komediya, ikinci dəfə faciə şəklində. Doğrusu ardıcıllıq da dəqiq yadımda qalmayıb, bəlkə ilk olaraq faciə formasında təkrar edilir. Hər halda, Müsavat Partiyasının Almaniya faciəsinə nə ad qoymaq olar, bu haqda yekun fikrim yoxdur. Kim istəsə gülər, kim istəsə ağlayar. Bizdə demokratiyadır. Hətta aparat qurub camaata pul paylayırlar.
Söhbət ondan gedir ki, Almaniyada saxta sənədlərlə mühacir adı almış yüzlərlə azərbaycanlıya aid cinayət işində Müsavat Partiyasının adı hallanır. İddia var partiya rəhbərliyi bu sənədləri pulla satırmış. Mən bu söhbəti eşidəndə müsavatçıların Almaniyadakı daha öncəki fəaliyyətini xatırladım. İkinci dünya savaşı zamanı Sovet hökuməti başqa xalqlar kimi azərbaycanlıları da kütləvi şəkildə, heç bir təlim keçmədən orduya aparırdı, bu insanlar alman hərbi maşını qarşısında çox aciz duruma düşüb elə həmin kütləvi formada da təslim olurdular. Müxtəlif mənbələrin məlumatına görə bütün savaş ərzində əsir götürülən sovet əsgərlərinin sayı 4 milyondan 6 milyona qədər dəyişir. 1943-cü ildə təkcə azərbaycanlı əsirlərin sayı 70 minə çatmışdı. Bu insanları əsirlikdə dözülməz şəraitdən xilas eləmək, həmçinin gələcəkdə davada imkan yaranarsa bu qüvvədən Azərbaycanın milli müstəqilliyi üçün yararlanmaq o dövrdə mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin ağlına gəlmişdi, bundan ötrü Almaniyaya səfər eləmişdi. Nəticə olaraq Azərbaycan legionu quruldu, doğrudur, sonradan Rəsulzadə Hitlerin də Stalin kimi manyak olduğunu görüb oradan, proseslərdən uzaqlaşdı, ancaq hər halda fərq ortadadır. O dövrün Müsavat başqanları Almaniyada azərbaycanlıları hər hansı yolla xilas etməyə çalışırdılar, indiki Müsavat liderlərinin adı Almaniyada saxta sənəd alverində hallanır. Üçüncü dəfə necə olacaq, bunu təsəvvür eləməyə çətinlik çəkirəm. Hər halda güman edək faciə şəklində təkrarlanmasın, çünki indikini müəyyən qədər məzhəkə saymaq olar.
Hərçənd, imanımızı yandırmayaq, bəlkə elə o zamanlar da saxta sənəd alveri olmuşdur, sadəcə bizə məlumat gəlib çatmayıbdır? Çünki faşistlər ilk vaxtlarda azərbaycanlıları yəhudi əsirlərdən sünnət eyniliyinə görə çox fərqləndirə bilmir, bizimkiləri də ölüm düşərgələrinə göndərir, xüsusi qəddar münasibət bəsləyirmişlər. Azərbaycanlı əsirlər özlərinin yəhudi yox, müsəlman olduqlarını isə isbat eləməkdə çətinlik çəkiblər, çünki Sovet dövründə ateizm dəbdə idi, xüsusilə 1920-30-cu illərdə “Allahsizlar cəmiyyəti” deyilən komitələr tüğyan edirdi. Tarixi faktlar var ki, azərbaycanlı əsirlər almanlara müsəlman olduqlarını isbat eləmək üçün kəlmeyi-şəhadət, hər hansı islam duası əvəzinə… klassik şairlərimizin – Füzuli, Nəsimi və sairə – ərəb kəlmələri ilə zəngin şeirlərindən oxuyurmuş. Əsir öləndə onu bu cür şeirlər oxuyaraq dəfn edirmişlər. Tarixçi alim Nəsiman Yaqublunun “Azərbaycan legionerləri” (Bakı, 2005) kitabında isə 1943-cü ildə legionerlərimizin Berlində dərc elədiyi “Azərbaycan” qəzetinin avqust sayından maraqlı bir hissə var: “Etiraf etməliyik ki, Azərbaycan legionerləri arasında milli şərqilər oxumaq işi o qədər də qabaqda deyildir. Son zamanlarda bəzi legionerlərimiz tərəfindən yazılan bir neçə əcaib mahnılar oxunurdusa, indi bəzi alaylarımızda legionerlərimiz ”Qarabağ şikəstəsi” və ya “Kəsmə şikəstə” ilə addımlayırlar. Əcəba, tara və ya kamançaya layiq olan həzin can yandırıcı bir musiqi ilə addımlamaq olarmı? Əlbəttə yox! Legionerlərimizin oxuduğu ağı və şikəstələrin toylarda, məclislərdə oxunanlardan fərqi orasındadır ki, legionerlərimiz mahnının əvvəlində gələn “əziziyəm”, axırında isə “ay anam qurbanı, gəl qadan alım” sözlərini demirlər. “N” legionunun legionerləri isə belə bir mahnı ilə fərqlənirlər: … Aşağıdan gəlir bir cüt erməni, Bir cüt yaxası var, üstü düyməli. (Yaxa da cüt olarmı?). Qaçma ingilisim, tutaram səni, Şəkər loxma tək udaram səni…” Sitatın sonu.
Bəlkə xalq şairi Ramiz müəllim partiyanın himnini yeni versiyada yazsın, ora “İllər boyu gah almana, gah hollanda saxta arayış verdik, Zalım elə bildi daha vəsiqəmiz qurtarıb” tipində nəsə əlavələr eləsin? İndi söz əlaqədar təşkilatlarındır.