“Əgər dağ sizə tərəf gəlirsə, adınız isə Məhəmməd deyilsə, tez oradan qaçın – bu, dağ uçqunudur”
(afyorizm)
İndiki cavanların yadına gəlməz, sovet vaxtı ömrümüzü yemiş görkəmli sənətkarlardan, xalq şairlərindən biri Süleyman Rüstəm idi. Düzdür, Süleyman müəllimin “Ələmdən nəşəyə”, “Məndən sənə nə desələr inanma, ey gül, Səndən də gəlib gündə Süleymana deyirlər” və sair (yadıma bunlar düşdü) motivli əsərləri hazırda da tədris olunur, ancaq mən “cavanların yadına gəlməz” sözümün üstündə dururam, bilirəm, indiki uşaqlar kitab oxumurlar. Yəqin düz eləyirlər, dövrün tələbləri belədir. Xülasə, həmin Süleyman müəllim yetərincə uzun ömür yaşamışdı, Mikayıl Müşfiqin torbasını tikməkdən başlayıb ta Qorbaçovun yenidənqurma dövrünə gəlib çatmışdı və hətta Qarabağ münaqişəsinin təzə qızışdığı illəri belə görmüşdü. Yanılmıramsa, 1988-89-cu illərdə AzTV-də onun erməni separatizmi əleyhinə nəsə şeir oxuduğunu da görmüşdüm. Yadımda elə qalıb, gör neçə il keçibdir.
Bax, həmin dövrdə kimsə belə maraqlı bir afyorizm işlətmişdi: “Süleyman Rüstəm o qədər yaşadı ki, axırda az qala yaxşı adam olmuşdu”. Ya da “yaxşı adam olacaqdı” demişdi, bunu da dəqiq xatırlamıram. İndi sözümün canı nədir? Bəlkə mən özüm mətbuatda çox qalmışam, pensiyaya çıxım? Yox, tema bu deyil. Sadəcə, Azərbaycan gözəlləşdikcə, islahatlar davam etdikcə Bakımız get-gedə Stokholma, Helsinkiyə, Parisə bənzəməkdədir. Hətta o qədər isveçli kimi olduq, Stokholm sindromu yaşamaqdayıq. Üzümüz-gözümüz yaman öyrəşdi. Yəqin belə daha yaxşı imiş. Yenə müdrik və uzaqgörən xalq… Bu günləri bizdən qabaq görürmüş. Necə deyərlər, bağban tələsər, armud vaxtında yetişər. AYB sədri, pensiyaya çıxmaq istəməyən Anar müəllim uzaqgörənlikə demişkən: “Tələsmə, Zaur, tələsmə”.
Ümumiyyətlə, bizdə iqtidar həmişə xalqdan da bir neçə addım qabaqda gedibdir. Xalq çayın qırağında didişib selin gücünü, suyun apardığı dananın quyruğundan hansı partiya yapışmalı idi, könlü balıq istəyən suya girməlidirmi və sairə bambılı problemləri müzakirə edərkən iqtidar o çayın qabağında bənd, balıqartırma zavodu qayırıb, körpü tikib o taya keçmişdir. Xalqın, müxalifətin günortadan sonra nə edəcəyini bilmədiyi ən pis dövrlərində belə iqtidarın 32 planı olubdur – əlifbadakı bütün hərflərə uyğun. Hazırkı neçənci hərfə düşür, kimin adıyla başlayır, biz heç bunu da bilmirik. Ən azından “R” hərfli planı keçdiyimizi anlayırıq. Deməli, azı 8 plan qalır. Ancaq bu da son olmayacaq, çünki bu gedişlə bizim alternativ fikirləşməyimiz qiyamətə düşür. Hökumət istəsə əlifbanı təzədən başlayar.
Bunun üçün haradasa əsas da var, bu yaxında keçmiş AXC iqtidarının nümayəndələri 26 il qabaq əlifba hərfləri üstündə necə dalaşdıqlarını açıqlamışdılar. Biri deyirmiş ə hərfi olmasın, o biri deyirmiş a yazaq, üstünə iki nöqtə qoyaq. Yenə həmin boyat təfəkkürdə qalıblar. İqtidarın belə pensiyaçı YAP üzvlərindən haradasa imtina elədiyi bir gündə müxalifət partiyasının sədri, deyir, sosial şəbəkədə “xalqı xilas qrupu” elan edibdir, orada başdan isə… YAP qurucusu Əli İnsanovun adını yazıbdır! Fərqi görürsünüzmü? Nə qədər də vaxtında, yerində verilmiş qərardır… Müxalifətçiliyi bundan yaxşı necə biabır eləyə bilərsən? İnsanov elə insandır ki, hətta nitq intonasiyası adamda ikrah oyadır, 90-cı illərdəki korrupsiya mühitinə qaytarır, sən isə ondan nicat umursan. İnsanovun ipiylə quyudan çıxacaqsınızsa, elə quyuda başınıza daş salmaq daha məqsədəuyğun deyilmi? Əlbəttə, mən başa düşürəm, müxalifətçi olmaq çətindir, kiçik dissident qruplar kimi bir şeyə dönür, ancaq ta bu qədər də yox. 30 ildir müxalifətdə qalıb YAP-ın köhnə-kürüşünə ehtiyac duyanları demokrat adlandırmaq olmaz. Heç olmasa “Avropadan ikinci əl, second-hənd” istəyin.
Ara yerdə yazıq Quska nədənsə unuduldu, 6 il cəza verdilər getdi. Bir müxalifət lideri də tapılmadı ki, yoldaş Quskanın ismi-şərifini inqilabın tribunasına yazsın. Axı nəyi kəmdir? Lenin kimi adamdır, özü də Almaniyada dolaşıb gəlibdir, bəlkə dimdiyində ot gətiribdir. Məncə, hələ gec deyil. İqtidara kontr-arqumentlər və kontr-revolyusionerlər qoyulmalıdır.