“Çal qılıcın, ağam Qazan, yetdim!”
(“Kitab-Dədə Qorqud”)
Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” sənədli əsərində nəql edir: Qafqaz İslam Ordusu Bakını azad edəndən sonra şəhər polisinə bir türk zabit rəis qoyulur və bir gün bu rəis küçədə gedəndə başına-gözünə döyərək, ağlaşan adamlar görür. Soruşur bu nə əhvalatdır, deyirlər bəs bizdə Aşuradır, Kərbəlada ölənlərə yas saxlayırıq. Rəis heyfslənir: “Yahu, bu hadisə hicrətin ilk yüzilliyində olmuş. O zamandan tam min üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış”. Sonra göstəriş verir ki, matəm saxlamaq, hər hansı dini mərasim eləmək istəyənlər məscidə getsinlər, müharibə şəraitidir, şəhərdə hər hansı toplantı, yürüş qadağandır. (Əsl bizim adam imiş – indi bunu Bakı ŞİH-in mitinqlərə icazə şöbəsinə rəis qoyasan). Səhər baxırlar yenə əzadarlar küçədədir. Bu dəfə rəis dörd əsgər göndərir, dəstəni yığıb aparır vağzala. Ağsaqqallar xahişə gəlirlər, rəis deyir: “Kafir ingilislər Kərbəlanı istila edib, həzrəti imam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib həzrəti Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar da cənnətə düşər”. Manaf bəy yazır ki, çox yalvarışdan sonra ağsaqqallar dəstəni azad edirlər və sonra həmin adamlar türklər Bakıdan gedənə qədər nəinki küçədə, heç məsciddə də gözə dəymirlər.
Əlbəttə, Qafqaz İslam Ordusunun təxminən 10 min nəfərlik heyətinin hardasa yarısının Azərbaycan türklərindən, indiki terminlə yazsaq, bizim azərbaycanlılardan ibarət olması mənbələrdə yazılıbdır. Bunu xüsusilə yazdım, çünki çox adam QİO-nun yalnız Anadolu türklərindən yığıldığını zənn edir.
Ümumiyyətlə, bizim döyüşkən toplum olmağımıza kimsə şübhə eləyə bilməz. Hətta ən qədim vaxtlardan biz özümüzə aid olmayan ərazilərdə şərəflə döyüşüb ad çıxartmışıq. Bir versiyaya görə ölkəmizin ismi-şərifini borclu olduğu sərkərdə, eramızdan öncə 4-cü əsrdə yaşamış Atropat müəllim qabaqca əhəmənilər hökmdarı 3-cü Dara-nın ordusu tərkibində yunanlara qarşı döyüşmüşdür. Makedoniyalı İsgəndər Daranı məğlub edəndən sonra onun bütün sərkərdələrinin, necə deyərlər, ağzını cırsa da, yeganə olaraq Atropata dəymir, hətta əksinə, onu qoşun başçısı qoyur. Bu dəfə Atropat yunanların Ön Asiyanı tutmasında rəşadət göstərir. Sözgəlişi, hansısa tarixçi belə maraqlı əhvalat nəql edir ki, bir gün İsgəndərin dostu ölür, çox dilxor olur. Atropat onu əyləndirmək, kefini açmaq üçün dağlardan silahlı, atlı qadın döyüşçülər – amazonkalar gətizdirir. Silahlı qadınlarla eyş-işrət… Fantaziyaya bax ulu babamızda… Bu da bizim tarixən belə zənən xeylaqlı əyləncələrə meylimizi və ölkəmizin turizm imkanlarını açır. (Yeri gəlmişkən, “amazonka” – “həmmə zən”, “hamısı zənən” ifadəsindən yaranmış sözdür).
Atropatın o üz-bu üzə keçməsinə bənzər əhvalat da bizim tarixdə başqa bir zamanda olmuşdur və növbəti dəfə Atropatenanın milli dövlətimiz olmasını isbat edir. Söhbət İkinci Dünya Savaşı zamanı faşistlərin Şimali Qafqazı tutmaq cəhdlərindən gedir. O zaman əsir azərbaycanlı legionerlərdən ibarət “Pələng” diviziyası cəbhə xəttində yüksək qəhrəmanlıq göstərir, hətta Hitlerin diqqətini çəkib müxtəlif ənamlar alırlar. Ancaq onları Qafqazdan elə azərbaycanlılardan yığılmış 416-cı Taqanroq diviziyası qovmuşdur. Burdakı “Taqanroq” adını da diviziya döyüşdə alıbdır. Taqanroq – Şimali Qafqazda indi də duran şəhərdir, yaxşı bazarı var.
Soydaşlarımız Suriya çöllərində, Çeçenistan dağlarında, Əfqanıstan dərələrində də baş kəsib, qan töküb, ad qazanmışlar. Yadıma gəlir Polad adlı bir azərbaycanlını yankilər Kabul tərəflərdə tutub bədnam Quantanamo türməsinə qədər aparmışdılar. Fəxrimizdir.
Ancaq nə sirdisə biz Xocalı şəhərini bir sürü azğın düşmən qarşısında tək qoyduq. Şuşa alınanda orda 500 yaxın əsgərimiz olub. (Siyahıya görə 2 minə yaxın olmalıymış, çoxu məzuniyyətdə-zadda imiş). Ermənilər 1800 nəfərlə hücuma keçmişdilər. Kəlbəcəri neçə nəfərlə “qorumuşuq” bunu da yada salmayaq. Bəs bu tarixi-hərbi düşüncələr nəyə lazım idi? Heç bir qəsdi-qərəzimiz yoxdur. Hamının “nidaçı” olduğu və həmçinin Türkiyəyə dəstək naminə Fərat çayına girməyə hazır olduğu bu qandonduran, tükürpədən həyəcanlı günlərdə əslində cızmaqara eləməkdənsə orduya yazılmalıyıq. Qarabağın yolu bu dəfə Suriyadan keçir.