Dünən sabah ertə ölkəmizin elektron mediasında ilk gördüyüm iki xəbərin başlıqları beləydi: “İtaliya polisi ”Kosa Nostra” mafiya şəbəkəsinə qarşı irimiqyaslı xüsusi əməliyyat təşkil edib”; “Azərbaycanlı müğənni əlində içki kişilərin qucağında rəqs etdi – VİDEO”.
İndi sizə elə gəlməsin ki, müəllif bu iki xəbər arasında hansısa bir əlaqə quracaq. Xeyr, türkün sözü, nə əlaqə. Əlaqə-zad yoxdur.
İtaliya polisi həmişə belə “irimiqyaslı xüsusi əməliyyatlar” təşkil edir, hər dəfə 30-40 mafiozu Xızı beçəsi kimi cələkləyib basır içəri, mediada böyük hay-küy qopur, sonra həmin banditləri bir-bir, iki-bir buraxırlar və heç kəsin xəbəri olmur. Buraxmasaydılar, indiyə İtaliyada mafiozlar tutulub, qırılıb qurtarmış olardı.
Bu heç. Bizdə də vaxtaşırı hansısa qadın müğənni içki içir, kişilərlə bir metrdən yaxın məsafədə olur, oynayr, deyir-gülür, xalqın uşağının tərbiyəsini pozur.
“Kişilərin qucağında oynayan müğənni”nin qəşəng şəkli də vardı, xəbəri açıb baxdım, qısa müddət çəkən videosunu da izlədim.
Elə bir müdhiş tərbiyəsizlik yoxdur. Aydınca görünür ki, müğənni xanım (güman ki, adi toyxana müğənnisidir) bir-iki badə şampan (və ya tekila, viski, rus arağı, şərab – zövqünə görə) gillədib, kefi kökdür və özünə simsar saydığı, bəlkə də qohumu düşən gənc oğlanlarla rəqs edir. Bu rəqs təxminən Argentina tanqosu ilə Çobanzadə (restoranlar küçəsi nəzərdə tutulur) rəqsinin qarışığı bir şeydır.
Allah tərəfi, pis oynamırdılar. Hər halda, rəqsdə emosiya vardı, tamaşaçılar da, ərəbin sözü olmasın, ehtizaza gəlmişdilər.
Adam o videoya baxmağa başlayanda əvvəlcə elə güman edir ki, indicə biabırçılıq olacaq, ya gənc oğlan müğənni qadını camaatın içində basmarlayıb öpəcək, ya da “yel vurdu, rübəndi atdı üzündən” rüsvayçılığı olacaq, xanımın libası çırmanacaq və gümüş topuğundakı xalı görünəcək.
Yox, elə şey olmadı, eləcə, saqqallı gənc ətli-canlı müğənnini qucağında quş kimi kimi fırlayıb yerə qoydu və video bitdi. Hessad. Elə bu? Bəli, elə bu…
Amma indi baxın, bu hadisə saytlarda xəbər, sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Təbii ki, əksəriyyət müğənni xanımın mentalitetimizə zidd olan bu hərəkətini pisləyir. Xanımı yerdən-yerə vururlar, göyə qaldırıb fırlayır, sonra torpağa çırpırlar.
Ən maraqlısı budur ki, həmin videonu qadın müğənni özü yayıb. Bu da o deməkdir ki, o, bu rəqsinin bu cür reaksiya doğuracağını, onu dilə-dişə salacağını öncədən bilib. Əslində hamı bilir axı, ölkədə n qədər fəal istifadəçi var və onlar bu cür “üzdəniraq hərəkət edənlər”i daima qınayırlar.
Əgər müğənni xanım belə bir reaksiyanın olacağını öncədən hesablayıbsa, demək, bunun məşhurlaşmaq üçün ən kəsə və ən effektiv yol olduğunu da hesablayıb. Yəni, əziz həmvətənlər, bu bir piar, reklam vasitəsidir və sizdən, bizdən istifadə edib adlarını cəmiyyətə tanıtdırır, məqsədlərinə çatırlar.
Əmin olun ki, o xanım 3-4 ildən sonra çiyninə kələğayı atıb, televiziya verilişlərində gənclərin tərbiyəsindən, əxlaqdan danışacaq.
17-18 il əvvəl müğənni R. da beləydi. Məsələn, onun o vaxtlar bir TV-dəki şou verilişində aparıcının qucağına tullandığı yadımdadır. Belə jesti adətən qol vurmuş futbolçu məhsuldar ötürmə vermiş partnyoruna qarşı edir. Hətta o hərəkət R.-da daha yaxşı alınmışdı, ayaqlarını aparıcını belinə daha rahat dolamışdı. Amma görün, o, indi elə hərəkət edirmi? Etmir. Çünki yaşı o yaş deyil, üstəlik, kifayət qədər şöhrəti də var, daha belə şoulara ehtiyacı yoxdur.
Vaxt gələcək, “kişilərin qucağında rəqs edən müğənni” də elə hərəkətlər etməyəcək, yeniyetmələrin, gənclərin tərbiyəsini pozmayacaq.
Hərçənd bu ifadə də bir az köhnəlib, bir xeyli də çeynənib. İnternet resurslarında tərbiyənin pozulmasına səbəb olacaq yüz qat artıq açıq-saçıqlıqda, vulqarlıqda, iyrənclikdə videolar var. Onlara baxıb pozulmayan gənclər gəlib bir azərbaycanlı müğənninin “Zita və Gita” filmində Gitanın əlində şərab badəsi ilə oynamağını yamsılamasındanmı pozulacaq?
Sözümün canı odur ki, buraxın, müğənnilər, manıslar özlərini necə aparırlarsa, aparsınlar, özlərinə nəyi layiq görürlərsə, görsünlər, onların hər hərəkətini, hər sözünü müzakirə etməyək, adlarını hallandırmayaq, bu cür “yaradıcılıqlarını” izləməyək. Bir də görəcəyik, onlar da rahatdır, biz də.