Deyirlər, ölkəmizin üzünü bütün Rusiyada ağ eləyən ekstrasens Zirəddin Rzayev ucuz metaldan sikkələr düzəldib, üzərinə naxışlar-filan həkk edib və onu mistik qüvvələrin yardımına ehtiyac duyanlara satır. Bizim pulla talisman-sikkənin qiyməti 40 manatdır.
Yaxşı ticarətdir. Bu yolla qısa müddətdə milyonçu olmaq mümkündür. Çünki ölkəmizdə və regionumuzda olduğu kimi, 300 il monqol-tatar əsarətində qalmış şimal qonşumuzda da duaya, cadu-pitiyə, sehirli suya və sair bu kimi hoqqalara inanan, iman gətirən on milyonlarla adam var. Onlar tökülüşüb Zirəddinin sehirli sikkələrini alsalar (və mühəqqəq, alacaqlar), adam bir ayın içində əlavə milyonlar qazanacaq.
Əlbəttə, biz bununla qürur duya bilərik. Necə olsa da, həmvətənimizdir, soydaşımızdır, bizə ziyanı yoxdur, ən azı, şöhrətini və sərvətini başqa ölkədə qazanıb.
Amma adam bir şeydən qorxur. Bizimkilər bu cür davam eləsə, camaatımızın adı başqa ölkələrdə pis çıxacaq (yəni daha betər ola bilər).
Təsəvvür edin, bu yaxınlarda Rusiyada yaşayan həmvətənlərimiz adi qoyun itini tutublar, zavallı itin gözünə linza qoyub, xaski cinsindən olan köpək kimi müştəriyə satıblar. Xaskinin bir özəlliyi var ki, göyçək itdir, bir gözü mavi, digəri yaşıl olur, bizimkilər də linza vasitəsi ilə iti bu görkəmə salıblar. İndi eşidən-bilən nə deyəcək? Deməyəcəklərmi, bu azərbaycanlılar…
Halbuki, axtarsan, Rusiyada yaşayan iki milyon azərbaycanlının heç iyirmisi it alveri sektorunda çalışmır. Zirəddin də hələlik bir dənədir.
Ancaq ucuz metaldan hazırlanmış sikkəni alıb cibinə qoyan Fedya bir müddətdən sonra görməyəcəkmi ki, bu talismanın gücü yoxdur. Bax, deyirdilər, bunu alanın cibindən pul əsklməz, amma cib boşdur, arvad acıq edib dədəsi evinə gedib, işdə töhmət veriblər, avtomobilini vurub qaçıblar, oğul narkomanlara qoşulub, qız bir aydır evə gəlmir və sair və ilaxır. Bir sürü bədbəxtlik… Belə olanda Fedyanın Zirəddinə inamı azalacaq, deyəcək, zrya ya veril Zryaddinu.
Belə anlaşılır ki, 70-80 il öncə gəlib ölkəmizdə “likbez” (“likvidatsiya bezqtamotnosti” – “savadsızlığın ləğv edilməsi”) kursları açan, bisavat kütləyə yazıb-oxumaq öyrədən rusların özlərinə də hazırda “likbez” kursları lazımdır.
Bu qədər kitab oxuyurlar (metroda, tramvayda əllərində eyzən kitab-jurnal olar), bir elə teatra, kinoya, muzeyə gedirlər, nə vaxt baxırsan, telekanallarda uşaqdan-böyüyə hamısı savadlı-savadlı danışır, amma gəlib ekstrasenslərə, cadugərlərə, maqlara, koldunlara və sair bu kimi fırıldaqçılara inanırlar.
Sizi inandırıram ki, Zirəddin öz ölkəmizdə bu qədər sərvət və şöhrət qazana bilməzdi, o biri cadugərlər onun bəxtini, dilini-ağzını, eləcə də bazarını elə bağlayardılar ki, o, yaxşı mənada Bayram Nurlunun biri olardı, amma bu cür hind qurularına, monqol şamanlarına çevrilməzdi.
Belə adamların bu qədər məşhurlaşmasının yeganə səbəbi insan cahilliyidir. Demirəm hamı heç zada inanmayanlardan olsun, amma harda ağır seyid var, onun cəddi haqqı, hər şeyə inanmaq da bir şey deyil.
Arada yolum düşür, qohum-əqrəbanı ocağa, pirə, ziyarətgaha aparıram, orda görürəm, yüzlərlə ziyarətçi var, axın-axn gəlirlər. Sanasan, şəhərin mərkəzindəki supermarketdir, endirib edib və müştərilər gəldikcə gəlir. Durub baxıram, bir söz demirəm, fikirləşirəm ki, bu ziyarət onlara daxili rahatlıq gətirirsə, qoy olsun. Amma bilirəm ki, bu ziyarətin onların tibbi problemlərinə müsbət yöndən təsiri olmayacaq, bura 300 dəfə gəlib-getsə də, bisavad övladı DİM-in imtahanında 300 bal toplaya bilməyəcək, bu ziyarətçilərin heç biri qəfildən, durduğu yerdə 100 min manat qabağa düşməyəcək…
Fəqət, xeyri yoxdur. İnsanın daşa-divara, fövqəlbəşər qüvvələrə, talismanlara inanmasının qarşısını ala biləcək heç bir elm yoxdur. Min il bundan sonra insan oğlu bəlkə də kəhkəşanda başqa bir planet tapacaq, elmi-texniki tərəqqinin gücüylə o planetə köçəcək, amma yenə gedib orada bir gümbəz tapıb başına dolanacaq ki, müqəddəsdir, hər dərdə davadır.
Cəhalət əbədidir, dönməzdir, sarsılmazdır.