Tacikistan hökuməti hicablı qadınların dövlət və özəl idarələrə daxil olmasını qadağan etməyə hazırlaşır. “Hökumət qadınlara hicab və qara rəngli baş örtüyü taxmağı məsləhət görmür”. Xəbərdə beləcə də deyilir.
Ayaqqabı, şortik, saç düzümü ilə bağlı da tacik hökuməti camaat üçün təlimat hazırlayıb məsləhət versəydi, lap fısqırıq olardı. Ölkə hüquq müdafiəçiləri və hicablı qadınlar isə bu məhdudiyyətləri haqlı olaraq, insan hüquq və azadlıqlarının kobud pozuntusu kimi qiymətləndirirlər.
Burada deyiblər. “Bircə saqqal darağı çatmırdı”. Tacikistan rəsmilərinin dərdinə bax. Xristian dövlətlərində, Avropada, ABŞ-da hicabda təhsil almaq, işləmək olar, idarə-müəssisələrə sərbəst daxil olmaq olar, müsəlman Tacikistanında olmaz.
Bunlar o yana dursun. İş ondadır ki, Tacikistan postsovet məkanında ən acından ölən ölkədir. BMT hesabatlarına görə, burada əhalinin gündəlik gəliri 1 dollardan da aşağıdır. Əmək qabiliyyətli taciklər kütləvi şəkildə ölkədən qaçır, Rusiyada, başqa yad diyarlarda çörək pulu xətrinə istənilən çirkli işi görməyə razı olurlar.
Ölkə rəhbərliyi, sovetlər dağılandan respublikanın başında durub heç kimi yaxına buraxmayan, oğlunu yüksək dövlət vəzifəsinə qoyub öz yerinə hazırlayan prezident İmaməli Rəhmon bunun dərdini çəkməkdənsə, hicab dərdi çəkir. Təki oğlu eyş-işrət içində yaşasın, qohum-əqrəba yağ-bal içində olsun. Millətin canı çıxsa da, Rusiya çöllərinə səpələnsə də olar. Bir də əsas odur, Rəhmonun gəldiyi yola acından ölən xalq gül-çiçək səpələsin – nəyi ki, o çox xoşlayır…
Söhbət yenə çadradan getsəydi, dərd yarıydı. Çünki ilahiyyatçılar da təsdiqləyir ki, Qurani Kərimdə çadra söhbəti yoxdur. Di gəl, taciklərin islamofob baş bilənləri “Roma papasından artıq katolik olmaq” sevdasına düşüblər. Əslində isə hədəf xalqın başını qatmaq, onun diqqətini ölkədəki ağır sosial-iqtisadi problemlərdən, böhranlı durumdan yayındırmaqdır. Buna odu söndürüb külü ilə oynamaq da demək olar.
Şəkk-şübhəsiz, Rəhmonun dövründə taciklərin durumu bundan yaxşı olmayacaq. Olsaydı, 27 ildə olardı. Bugünkü Tacikistan dövləti isə əslində xalqı necə idarə eləmək olmazın parlaq nümunəsidir. Pis bir örnəkdir. Kim nə deyir-desin, ölkə əhalisinin vəziyyəti, dolanışığı onun rəhbərindən birbaşa asılıdır. Əgər rəhbərdə islahatçı qabiliyyəti, dərin zəka, ədalət yoxdursa, öz övladları ilə xalqın övladları arasında fərq qoyursa, əgər o, diktatura və şəxsiyyətə pərəstişlik xəstəsidirsə, vay o xalqın halına!
Doğru, müsəlman ölkələrinin əksər xalqlarının rəhbər məsələsində bəxti gətirməyib. Ancaq bunu aparıb dinə, islama, müqəddəs Qurana bağlamaq da böyük yanlış və ədalətsizlik olar. Çünki Quran müsəlmanlar üçün bir növ konstitusiyadır, əxlaq kodeksidir. Ona əməl edənlər və etməyənlər var. Buna görə konstitusiya suç yiyəsi olmaz.
Bir də ki, müsəlman olmayan, lakin əhalisi səfalət içində yaşayan Şimali Koreya, Venesuela kimi çoxlu ölkələr var. Oralarda da insanların gündəlik gəliri cəmi 1 dollardan çox deyil, əhalinin mütləq əksəriyyəti yoxsuldur. Demək, problem dini baxışlarda deyil, başçının təfəkkürü və təkəbbüründə, siyasi savad və biliyinin olub-olmamasında, öz yerini bilməməsində, hətta aldığı tərbiyədədir.
Bir də axı dünyəvi dövlət sayılan Tacikistanda da din dövlətdən ayrıdır. Yəni dövlət dinin işlərinə, etiqad məsələsinə qarışa, kobud müdaxilə edə bilməz. Bu, əks effekt verər. Və bir məmləkətdə din azad deyilsə, heç nə və heç kim azad deyil. Etiqad azadlığı yoxdursa, heç bir azadıq yoxdur.
Bu xüsusda taciklərin bəxti heç gətirməyib. Bu, həm də Tacikistan hakimiyyətinin narazı xalqdan nə dərəcədə ehtiyatlandığının təzahürüdür. Millətinə gün ağlayan, onu ağ günə çıxarıb rifaha qovuşduran heç bir rəhbər onun geyimindən, saç düzümündən, qolundakı “tatu”lardan narahat olmaz. Ən əsası, özünü hamıdan ağıllı saymaz. Problem də elə ağılda, başdadır, qətiyyən hicabda yox. Tacik prezident isə sanki xalqı üçün bütün işləri görüb qurtarıb deyə, onun üçün indi də “saqqal darağı” fikirləşir…