ABŞ dünyanın şəriksiz ağası olmaq niyyətindədir. Bunun artıq o yan-bu yanı yoxdur. Qorxulu iddiadır. Birinci ona görə ki, Çingiz xandan tutmuş, makedoniyalı İsgəndərə kimi hələ heç kimə bu, müyəssər olmayıb. Altını isə bəşəriyyət, o cümlədən müstəmləkəçi ölkənin öz xalqı çəkib. İkinci o səbəbə ki, Allahdan başqa heç bir güc əbədi deyil.
Müttəfiq Türkiyənin başına gətirilən oyunlar olmasaydı, yenə düşünmək olardı ki, söhbət sırf ABŞ-ın öz ənənəvi, tarixi rəqibləri ilə apardığı geosiyasi mübarizədən gedir. Rusiya, Çin, İran, Şimali Koreya, Venesuela, Meksika… bu ölkələrə qarşı təzyiq, sanksiya, hədə-qorxu dilini haradasa anlamaq mümkün idi, ta ki NATO üzrə aparıcı müttəfiqlər – Avropa Birliyi ölkələri, Kanada və Türkiyə də “Sem dayı”nın qəzəbinə tuş gəlincə.
Demək ki, ABŞ hamının ona biyət eləməsini istəyir. Özü də buna siyasətdə “piyada” olan prezident D.Trampın əli ilə nail olmaq istəyirlər. Bu yolda əsas vasitə isə dollardır. Doğru, ABŞ dolları iqtisadi onun əlində qüdrətli silahdır. Ancaq qlobal sülhün təməlini qazıyan bu yanlış siyasəti tərcih edən Amerika yönətimləri bir şeyi unudurlar: iqtisadi savaşla başqa dövlətin, lap elə müttəfiqin iqtisadiyyatına, onun əhalisinin rifahına zərər vurmaq, minlərlə insanı işsiz qoymaq olar, oranı bombalamaq da olar, fəqət, həmin dövlətin xalqının rəğbətini qazanmaq olmaz.
Xalqların dəstək vermədiyi siyasət, strategiyalar isə enində-sonunda iflasa məhkumdur. İdeya müəllifi hansı dövlət olur-olsun. ABŞ dünyadan böyük olmayacaq ki. Artıq Amerikanın hədəf götürdüyü ölkələr demokratik və ya avtoritar sistemli olmasından, tapındığı dindən asılı olmayaraq, ortaq təhlükəyə qarşı instinktiv şəkildə birləşməyə kurs götürüb.
Ancaq görünür, Ağ Evdə və Konqresdə oturan amerikalı qırğılara ABŞ-ın hələ dövlət kimi mövcud olmadığı uzaq tarixin, eləcə də onun özünün iştirakçı olduğu yaxın tarixin – Vyetnam müharibəsinin acı təcrübəsi dərs olmayıb. Xalqla müharibənin sonu onu başladanlar üçün həmişə acınacaqlı bitir.
“Sizin dollarınız varsa, bizim də Allahımız var” deyib prezident Ərdoğan. Yəni “bizə qarşı allahsız, ədalətsiz davranırsınız”. Özü də kim – müttəfiq ABŞ! Sitatdan çıxan ikinci ismarış bu: “Türkiyəyə qarşı düşməncəsinə davranışın iqtisadi əsası yoxdur, Amerika qərəzlidir!” Deməli, hədəf həm də Türkiyə xalqıdır. Türk xalqı isə yaxşılıqları və pislikləri heç vaxt unutmayan qürurlu bir toplum. Ehtiyac içində olsa belə, heç vaxt öz şərəfini bazarlığa çıxarmayan bir millət…
Açığı, dünənədək Azərbaycanın demokratik təfəkkürlü insanlarında da belə düşüncə var idi ki, dünyada universal dəyərlərin oturuşması ABŞ-ın prioritet verdiyi məsələlər sırasındadır. Lakin PKK terrorçularına davam edən hərbi dəstək, seçkilərlə idarə olunan Türkiyədəki 2016-cı il hərbi çevriliş cəhdində Amerikanın iştirakı və hazırda qardaş ölkəyə qarşı açılan iqtisadi savaş bunun ilğım olduğunu göstərdi. Nə yazıq ki, ABŞ hazırda dünya demokratiya hərəkatına yalnız zərbə vurmaqla məşğuldur.
Son yaşananların Azərbaycana da dəxli var. Misal üçün, Türkiyədə baş verənlərdən dolayı deputat Fazil Mustafa belə bir ifadə işlədib ki, “ABŞ Qarabağı mülayim şəkildə, yəni dinc yolla Ermənistana vermək istəyir”. Əslində Vaşinqtonun pərdəarxası “ədaləti”ndən xəbərdarıq. Prezident İlham Əliyev bir dəfə hətta söyləmişdi ki, separatçı rejimin “müstəqilliyini” tanımaq üçün Azərbaycana təzyiq edirlər. Yəni bizdən Ermənistana torpaq güzəşti gözləyirlər.
Sizcə, o hansı dövlət ola? Məntiq pıçıldayır ki, bu, regionda tez-bazar möhkəmlənib Rusiyanı oradan çıxarmağa çalışan, Ermənistandakı son “məxməri inqilabın” memarı ABŞ-dır. Qarabağ probleminin “ən kəsə” həll yolunu isə amerikanlar Azərbaycanın xristian Ermənistana ərazi güzəştində görürlər – onunla işğalçı kimi davranmaq, ona qulaqburması verib sanksiyalar tətbiq eləmək əvəzinə! Necə ki, Krıma görə Rusiyaya sanksiyalar tətbiq edirlər. Bu da mizan-tərəzisinə güvəndiyimiz Amerika!
Yaxud necə olur Ankaranın tələb elədiyi Fətulla Gülənə gələndə ABŞ rəsmiləri “müstəqil məhkəmələrin işinə qarışa bilmərik” deyirlər, amma casus-keşiş Bronsonla bağlı Türkiyə ədalət məhkəməsinin qərarını veclərinə almır, “Bronson günahsızdır, dərhal buraxın!” deyə, hikkə göstərirlər? “Güclü həmişə haqlıdır” məntiqimi?
Amma haqlı da (Türkiyə) güclü ola bilir. Bu dəfə daş qayaya rast gəlib…